Sizin reklam burada

Təklənmiş, əldən salınmış “Qarabağ”

Baxış Sayı:276

UEFA “Qarabağ”ı sevmir. Biz illərdi bunu görə-görə gəlirik. Avropanın qərbində oturanlar, Azərbaycana “yağlı tikə”, neft ölkəsi kimi baxanlar bizə yuxarıdan aşağı baxırlar. Baxmayaraq ki, Azərbaycanın neft şirkəti SOCAR UEFA-nın zəngin və səxavətli tərəfdaşlarından, əsas sponsorlarından biridi. İllərdi ki, neft pullarımızdan hansısa formada UEFA-ya pul ötürürük. Amma onlar bizim üçün heç nə etmirlər. Qurumun bayrağı altında keçirilən oyunlar zamanı SOCAR-ın reklam bannerləri stadionların kənarlarına yerləşdirilir. Razılaşaq ki, eyni yerdə çoxsaylı mərc şirkətlərinin, kredit təşkilatlarının, hətta onlayn mağazaların da təbliğatı aparılır. Deməli, söhbət heç də böyük jestdən, SOCAR-a, yəni elə Azərbaycanın özünə böyük divident gətirəcək təbliğatdan getmir. Heç Avropa Liqasının final oyununun Bakıda keçirilməsi də UEFA-nın bizə böyük jesti deyildi. Xərc çəkdik, dünyanın ən böyük və bahalı stadionlarından birini tikdik. Azərbaycanın bölgələrindəki idman qurğularının məhv olmasının, stadionlarımızın dağılmasının fonunda belə bədxərclik heç də yerinə düşmürdü. Bunun qarşılığında ara-sıra nüfuzlu turnirlərə evsahibliyi etməyimiz zəif təsəllidən başqa bir şey deyil. Necə ki, illərdi görə-görə gəlirik. UEFA çəkdiyimiz xərclərin qarşılığını verirmi? Yox!
Söhbət heç də ondan getmir ki, Aleksander Çeferin və onun komandası bizi açıq-aşkar dəstəkləsin, “Qarabağ Azərbaycandı” desinlər. Amma heç olmasa, ermənilərin tərəfini tutmasınlar, düşmənin dəyirmanına su tökməsinlər. Avropalılar nənki bizə dəstək vermirlər, hətta açıq-aşkar düşmənə tərəfkeşlik edir, bizi hər imkanda “vururlar”. Bir müddət əvvəl bu barədə yazmışdım. AFFA-nın UEFA qarşısında qorxaq uşaqlar kimi boynunu bükməsinə, UEFA-nın pulumuzu alıb, bizə üzünü bozartmasına toxunmuşdum. Təəssüflər olsun ki, proses hələ də davam edir. Özümüzə qarşı həm laqeydlik hiss edirik, həm də qısqanclıq. Adamlar “Qarabağ”ın ardıcıl 7 il avrokubokların qrup mərhələsinə yüksəlməsini, Azərbaycan ordusunun ermənilərin burnunu ovmasını həzm edə bilmirlər. Diqqət yetirin, erməni futbolçular sosial şəbəkələrdə meydan sulayır, UEFA onlara “gözünüzün üstündə qaşınız var” demir. Dığanın biri Slovakiya çempionatında qol vurduqdan sonra siyasi şüar nümayiş etdirib. UEFA-nın gözü kordu, qulaqları da kar. Onların etdiklərini, yazdıqlarını görməzdən gəlirlər. Amma “Qarabağ”ın futbolçusu yox, əməkdaşlarından biri özünə məxsus “feysbuk” hesabında ürək sözlərini yazan kimi UEFA hərəkətə keçir. Azərbaycanlı uşaqların, dinc əhalinin, günahsız insanların cəbhə xəttindən uzaqda qətlə yetirilməsinə susa bilmədiyimizə görə cəzalanırıq. Bütün Avropa “Qarabağ”ı, azərbaycanlıları qınamağa başlayır. Bunun adı ikili standartlar deyil, bəs nədi?!
Bir müddətdi ki, Almaniyanın brend idman şirkəti olan “Adidas”ın “Qarabağ”la əməkdaşlığı dayandırması barədə xəbərlər dolaşır. İş o yerə gəlib çatdı ki, klub bu barədə bəyanat verdi, bu məlumatın doğru olmadığını bildirdi. Qarşı tərəf isə susur. Özlərinə əziyyət verib, “Qarabağ”la əməkdaşlığı dayandırmaq fikrində olmadıqlarını bəyan etmək istəmirlər. Pul ödəyən, onlardan məhsul alan tərəf də “Qarabağ”dı, bəyanat verən də. Almanlar isə öz müştərisinə dəstək olmaq, illərdi qazandıqlarının qarşılığında ona dəstək vermək fikrində deyillər. Bunun adı laqeydlik, qısqanclıq deyilmi? Əlbəttə, “Adidas” dünyada idman geyimi satan tək şirkət deyil. Hər nə qədər məşhur olsalar da, əvəzolunmaz deyillər. Adamı incidən odu ki, illərdi verdiyimiz pulların qarşılığında layiqli tərəf-müqabili kimi qiymətimizi ala bilmirik. UEFA-nın “Molde” ilə prinsipial qarşılaşmanı Larnakaya təyin etməsi, haqqımızı əlimizdən alması da bu laqeydlik və qısqanclıq zəncirinin mühüm halqalarından biri idi. Bunun da ardınca “Qarabağ”ın qrup mərhələsində keçirəcəyi ev oyunları neytral meydanlara köçürüldü. Adını da qoydular ki, eyni qərar Ermənistan üçün də verilib, orda da beynəlxalq qarşılaşmaların keçirilməsinə icazə yoxdu. Bir halda ki, ermənilərin qrup mərhələsində təmsilçisi qalmayıb, bu qərarın onlara hansısa təsirindən danışmaq da yersizdi. Bəli, pandemiya səbəbindən onsuz da qarşılaşmalar boş tribunalar qarşısında keçirilir. Belədə tribunaların dəstəyi, yaxud da təzyiqi müzakirə mövzusu deyil. Amma unutmayaq ki, doğma meydanda oynayanda hətta divarlar da futbolçulara kömək edir. Və ən əsası, yol yorğunluğu, tez-tez harasa uçmaq, fərqli şəraitə uyğunlaşmaq ciddi problemdi. Bir gecə yuxusuz qalan normal insan iki gün bundan əziyyət çəkir. Təsəvvür edin ki, “Qarabağ”ın futbolçuları hər həftə eyni çətinliklə üzləşir. Fəsadları isə özünü meydanda göstərir. Avropanın top-klubları belə hazırda bu ağır qrafiklə oynamırlar. Məhdud heyətlə belə çətin qrafiklə üzləşirsənsə, işin daha da çətin olur. Az əvvəl qeyd etdiyim kimi, “Qarabağ” təkcə fiziki yorğunluqla yox, psixoloji təzyiqlə də üz-üzədi. Ona görə də meydandakı yorğunluğa, çarəsizliyə anlayışla yanaşmaq lazımdı. Biz də “Qarabağ”ı Bakıda top-tüfənglə qarşılasaq, ümumi işə hansısa fayda verməyəcəyik. Ümid edək ki, yaman günün ömrü qısa olacaq. Qarabağ cəbhəsindəki möhtəşəm qələbələrimiz “Qarabağ” üçün də yeni stimula çevriləcək. Yaşıl meydanlardakı qələbələrimiz də sıralanacaq. Çox tezliklə!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR