Sizin reklam burada

“Qarabağ” gərginliyin altında qalıb

Baxış Sayı:247

Qarabağ cəbhəsindən gələn qələbə xəbərləri eyniadlı komandanın qanının arasına girib. Yoxsa bu “Qarabağ” Avroliqanın qrupundakı oyununa görə ən sərt tənqidə layiqdi. Bəs az qala fenomenal şəkildə “Legiya”nı mübarizədən kənarlaşdırmaqla qrupa düşən komandanın indiki uğursuzluqlarının səbəbi nədi?
Hücumçusuz qalmaq, heyətlə bağlı müəyyən problemlər, ev oyunlarını neytral meydanda keçirmək öz yerində, şəxsi düşüncəm belədi ki, “Qarabağ”, sadəcə, müharibə av-havasının, eləcə də klubun adı ətrafında yaşananların yaratdığı gərginlikdən çıxa bilmir. Müharibənin yenicə başladığı günlərdə - oktyabrın 1-də Varşavada “Legiya”nı darmadağın edən “Qarabağ”ın oyunçuları mübarizə əzmini, qələbə ehtirasını, gözündəki yanğını da elə orda qoyaraq qayıdıb. “Vilyarreal”ın bu qrupun favoriti olduğu onsuz da əvvəldən bəlli idi. Taleyin ironiyasına bax ki, ağdamlılar elə yalnız ispanlarla oyunda nisbətən qənaətbəxş təsir bağışlayıb. “Makkabi” və “Sivasspor” ilə oyunlardakı futbolun isə yalnız bir adı var: rəzalət! Bəlkə də yalnız Şahruddin Məhəmmədəliyevin əvvəlki kimi inamlı oynadığını demək mümkündü. Qalan bütün futbolçular isə formasından o qədər uzaq düşüb ki, adam bəzən meydanda gördüklərinə inana bilmir. Komanda oyunboyu bircə dənə də yüzfaizlik qol vəziyyəti yarada bilmirsə, onun baş məşqçi oyunöncəsi mətbuat konfransında nəyə ümid edərək qələbədən, xal qazanmaqdan danışır – heç anlamadım. Halbuki hər xal, hər qələbə belə çətin vaxtda klub büdcəsinin zənginləşməsi deməkdi.
Yuxarıda gərginlik amilini vurğulamağım səbəbsiz deyil. Bildiyiniz kimi, mətbuat katibi Nurlan İbrahimov ermənilərin Bərdədə törətdiyi terrordan doğan emosiyaların təsiri altında bəzi ehtiyatsız ifadələr işlədib. Bundan yapışan Ermənistan Futbol Federasiyası isə UEFA-ya üz tutaraq, ağdamlıların Avroliqadan uzaqlaşdırılmasını istəyib. Bu məsələ ətrafındakı yenilikləri vaxtaşırı qəzetdə işıqlandırırıq, UEFA-nın Nurlanı cəzalandırmasından xəbərdarsız. Amma mövzu o qədər şişirdilib ki, sanki dünyanın sonudu, hansısa faciə yaşanıb. Əsla belə deyil! Sadəcə, problem ondadı ki, Henrix Mxitaryan az qala hər gün heç kimin tanımadığı “Artsax”a dəstək mesajları yayıb cəzasız qaldığı halda, ermənilər ələ düşən ilk fürsətdə bizimkiləri cəzalandırmağa nail olurlar. “Qarabağ” və AFFA bu mövzuda ciddi düşünüb-daşınmalı, ortaq fəaliyyət göstərməlidilər. Daha yersiz gərginlik komandanın avrokubok oyunlarında əksini tapmamalıdı. Hələ mən “Adidas”la bağlı məlum saxta xəbərin yaratdığı gərginliyi demirəm. Dünyanın harasında görünüb ki, mətbuat katibinin “feysbuk” paylaşımına görə belə məşhur şirkət daim avrokubokların qrupunda oynayan klubla forma əməkdaşlığını dayandırsın? Təbii ki, saxta xəbər idi və bilərəkdən sosial şəbəkələrə sızdırılmışdı.
Daha bir məqam ifrat həddə çatan dostluq aurasıdı. Türklər can qardaşımızdı və zaman da göstərir ki, heç bir qüvvə bu qardaşlığa, münasibətlərə kölgə sala bilməz. Azərbaycanlıların heç bir nəslinin indiki həssas dönəmdə qonşu-qardaş ölkənin haqq işimizi verdiyi dəstəyi unutmaq haqqı yoxdu! Bu öz yerində, dartışılmaz həqiqətdi. Amma prinsipial oyunda qələbəyə köklənmək əvəzinə yalnız dostluq-qardaşlıq mesajları verməyin, futbolçularla təkbətək söhbət etmək əvəzinə qəbullara qatılmağın nəticəsi ardıcıl 3-cü məğlubiyyət, yəni 0:2 oldu. Qurban Qurbanov hər nə qədər nikbin görünməyə çalışsa da, bu nəticələrdən sonra qrupdan çıxmaqla bağlı xəyallar qurmağa dəyməz. Hətta mənə elə gəlir ki, 2020 “Qarabağ”ın avrokubokların qrup mərhələsində çıxışı tarixindəki ən zəif nəticə ilə yadda qala bilər. Xatırladım ki, ağdamlılar 2017/18 mövsümündə ÇL-in qrupunda 2 xal qazanmışdı...

Oxşar xəbərlər
SON XƏBƏRLƏR