Sizin reklam burada

Qardaşlarla ikinci görüş

Baxış Sayı:187

2000-ci il oktyabrın 11-də Bakıda keçirilən Azərbaycan - Türkiyə oyununu maraqla gözləyirdik. Həmin ilin mayında “Qalatasaray” UEFA kubokunun qalibi olmuşdu. “Sarı-qırmızılar” daha sonra UEFA Superkuboku uğrunda qarşılaşmada Madrid “Real”ı ilə qarşılaşmış, o zamanların məşhur “qol maşını” Jardelin qolu ilə “kral klubu”nu məğlub etmişdi. Hər iki görüş bizim üçün əsl bayrama çevrilmişdi, “Qalatasaray”ın qələbələri Bakıda böyük coşquyla qeyd edilmişdi. Hollandiya ilə Belçikanın birlikdə təşkil etdikləri Avropa çempionatı da 2000-ci ilin yayında keçirilirdi. Mustafa Dənizlinin çalışdırdığı ay-ulduzlu komandanın əksər üzvləri “Qalatasaray”da forma geyirdi. Elə bu səbəbdən də milli komanda da hazır saat mexanizmi kimi çıxış edirdi. Qitə çempionatı Türkiyə millisi üçün heç də pis keçmədi, qardaşlarımız Avropanın sayılıb-seçilən yığmaları arasında itib-batmadılar. Bütün bu məqamlar Türkiyə futbolunu bizə daha da sevdirirdi, Hakan Şükürü, Arif Ərdəmi, Nihat Kahveçini, Rüştü Rəcbəri öz futbolçularımız qədər doğma qəbul edirdik. Təsadüfi deyil ki, “ay-ulduzlular”ın Bakıya gəlişi əsl toy-bayrama çevrilmişdi. “Milli takım” hava limanında sevgi seli ilə qarşılanmış, Hakanlı, Rüştülü, Nihatlı komandanın Respublika stadionundakı məşqinə xeyli azarkeş toplaşmışdı. Elə qalmaqalın, gərginliyin əsası da burda qoyuldu.
Daha doğrusu, atəşin fitilini Türkiyə mətbuatı bir qədər də əvəldən yandırmışdı. Bəli, həmin vaxt Azərbaycan futbolu özünün yaxşı günlərini yaşamırdı. Təkcə futbolumuzun səviyyəsiylə yox, elə infrastrukturla da öyünə bimirdik. “Adam arasına çıxarılacaq” cəmi bir stadionumuz vardı, o da Tofiq Bəhramovun adını daşıyan Respublika stadionu. Onun da ot örtüyü Avropa standartlarından xeyli geri qalırdı. Meydanın yaşıl örtüyü əsasən yabanı halda bitən çayırdan ibarət idi. Aranı qarışdırmağa, səmimi ab-havanı gərməyə bəhanə axtaran “basın mənsubları” hardansa bir göbələk tapıb şəklini çəkdilər və aləmə car çəkdilər ki, Bakıdakı stadionun qazonunda ot əvəzinə “mantar” bitir. Özümüzü alçalmış, təhqir olunmuş sayırdıq. Hələ bu azmış kimi, futbolçular da Respublika stadionunun məşhur tunelindən çıxmaq istəmədilər. Tələb etdilər ki, onları görməyə gələn, öz sevgisini ifadə etməyə çalışan azarkeşlər stadiondan uzaqlaşdırılsın, yalnız bundan sonra məşqə çıxacaqlar. Guya futbolçular özlərini təhlükəsiz hesab etmirmişlər və həyatlarına kimsə qəsd edəcəkmiş. Azərbaycanlı azarkeşlər ikinci məyusluğu məhz həmin an yaşadılar. Qazonda “tapılan” göbələk, futbolçuların məşqə çıxmaq istəməməsinin üzərinə bir də Hakan Şükürün hava limanından çıxarkən “siz də bizim kimi türkcə danışırsız”, - deyə sual etməsi də əlavə olununca, ortalıq əməlli-başlı gərildi.
Bütün bu gərginlik isə özünü meydandakı 90 dəqiqə ərzində göstərdi. Türkiyəli futbolçular rahat qələbə qazanacaqlarından o qədər əmin idilər ki, birinci hissədə topun arxasınca qaçmağa da ərinirdilər. Düşünürdülər ki, elə indicə qapımıza qol vuracaqlar, daha sonra bizi bir daha məyus edəcəklər və beləcə özlərinə əziyyət vermədən, formalarını tərlə islatmadan qələbə qazanıb, evə qayıdacaqlar. Fasiləyə qədər hesabın açılmaması onları da təşvişə saldı. Özündənrazılıq dalaşmaq həvəsini oyatdı. Bizimkilər də oyunun startına qədər yaşananlardan xəbərbar idi. Üstəlik, güclü rəqiblə qarşılaşmada özünü göstərmək həvəsi də onlar üçün əlavə stimula çevrilmişdi. Elə buna görə də Azərbaycan millisinin üzvləri adlı-sanlı rəqiblərindən geri qalmamağa çalışır, meydanın hər qarışı uğrunda sona qədər döyüşürdülər. Həmin oyunu xatırlayanlar sözlərimlə razılaşar. Dmitri Kramarenkonun qapısına vurulan yeganə qol da ani səhvin və ustalıq səviyyəsi arasındakı fərqin nəticəsiydi. Amma qarşılaşmadan sonra da qardaş ölkənin idman mətbuatı nəticəni, meydanda sərgilənən oyunu, bizimkilərin əzmkarlığını bir kənara qoyub, daha çox dava-dalaşdan, bizimkilərin guya cığallıq etməklə zəifliyini ört-basdır etmək istəməsindən yazırdı. Bu da Türkiyə mətbuatının xarakterindən irəli gəlir.
Bütün bunların üzərindən 20 il keçib. Artıq həmin o soyuqluqdan, gərginlikdən əsər-əlamət qalmayıb. Mən Türkiyə dövlətinin, onun hökumətinin və xalqının apardığımız haqq davasında bizə verdiyi dəstəyi bir kənara qoyuram. Mövzumuza uyğun, elə futboldan danışmağımız kifayətdi. Sentyabrın 17-də “Neftçi” Bakıda “Qalatasaray”ı qəbul etdi. Həm oyundan əvvəl, həm də sonra yetərincə xoş görüntülər izlədik. Türkiyə mətbuatı Azərbaycan futboluna da, “Neftçi”yə də xeyli hörmətlə yanaşırdı. Elə “Cim-Bom”un baş məşqçisi Fatih Terim də püşkatmadan başlayıb oyun bitənə qədər bu ab-havaya uyğun davrandı. Belədə nəticə də heç kimin yadına düşmədi, oyun da xeyli mehriban ab-havada keçdi. Ötən həftə “Qarabağ” İstanbulda “Vilyarreal”ı qəbul etdi. Stadionun yerləşdiyi ərazidə “Qarabağ”a və Azərbaycana ünvanlanan xeyli müsbət mesajlar, şüarlar vardı. “İstanbul BŞ”nin stadionunda özümüzü evdəki kimi hiss etdik, daim qayğıyla əhatə olunduq. Türkiyəli qardaşlarımız “Qarabağ”ın və Bakıdan gələn qonaqların çətinlik çəkməməsi üçün hər şeyi etmişdilər. “Qarabağ” yenidən Türkiyədədi, qardaşlarımızla qısa müddət ərzində ikinci dəfə qarşılaşırıq. Əminəm ki, budəfəki oyun da adımıza layiq şəkildə keçəcək. Nəticənin necəliyindən asılı olmayaraq, qazanan türk milləti olacaq!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR