Sizin reklam burada

Ehtiyatlı oynayıb, “sülh bağladılar”

Baxış Sayı:406


Ayxan Abbasov: “Əsas millidən təklif gəlsə, düşünərəm”
32 Sumqayıt – Neftçi (Bakı) 0:0

13. Aydın Bayramov – 5,5
7. Tellur Mütəllimov – 5,5
5. Camaləddin Xocaniyazov – 5,0
3. Vurğun Hüseynov (k) – 6,0
14. Elvin Bədəlov – 5,5
21. Adəm Həmati – 5,5
6. Vüqar Mustafayev -5,5
17. Murad Xaçayev – 5,0
(4. Kərəm Sultanov, 86) – qiymətsiz
97. Xəyal Nəcəfov – 5,0
(60. Elvin Məmmədov, 73) – 5,0
10. Rəhim Sadıxov – 5,0
22. Cavid İmamverdiyev – 5,0
(20. Rüfət Abdullazadə, 61) – 5,0
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
71. Hüseynəli Quliyev
33. Eltun Turabov
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Vurğun Hüseynov

30. Aqil Məmmədov (k) – 6,0
91. Tallison Dias – 5,5
5. Anton Krivotsyuk - 5,5
6. Voislav Stankoviç – 5,5
20. Mərt Çəlik – 5,5
26. Ömər Buludov – 5,0
(19. Fəhmin Muradbəyli, 74) – 5,0
17. Bruno Teluşi – 5,0
36. Mamadu Kane – 5,5
29. Sabir Buqrin – 5,0
(10. Saman Nərimancahan, 79) – qiymətsiz
24. Yusuf Laval – 5,0
7. Namiq Ələsgərov – 5,0
(22. Mirabdulla Abbasov, 85) – qiymətsiz
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
8. Emin Mahmudov
3. Mamadu Mboc
4. Rener Alves
80. İsmayıl Zülfüqarlı
40. Vüqar Həsənov
45. Əli Mürsəlov
37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Aqil Məmmədov
Elvin Məmmədov 84-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: A.Həmati, 52 (qeyri-idman hərəkəti). R.Abdullazadə, 74 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev (Bakı).
1 noyabr. Sumqayıt. Kapital Bank Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti 5,5.
Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandaların görüşü maraqla gözlənilirdi. “Neftçi” meydandan qalib ayrılacağı təqdirdə liderlik kürsüsünə oturacaqdı ki, buna inananların sayı yetərincə çox idi. “Sabah”la matçdan sonra əsas qol silahı Əli Qurbanini, ondan əvvəl isə Süleyman Əhmədovu itirən “kimyaçılar” “ağ-qaralar”la görüşə itkilərlə çıxmağa məcbur idi. Ancaq oyunla bağlı gözləntilər özünü doğrultmadı. Bazar günü Sumqayıtda çox maraqsız, qol vəziyyətləri baxımından qısır bir matç oldu. İlk baxışdan meydanda gərginlik hiss olunurdu, ikili mübarizələrin sayı-hesabı yox idi. Ancaq heç bir komanda rəqibin cərimə meydançasına yaxınlaşa bilmirdi. İlk hissədə nə qonaqların, nə də meydan sahiblərinin “çərçivə”yə gedən zərbəsi oldu. “Kimyaçılar”ın ehtiyatlı oyuna üstünlük verəcəyi nə qədər gözlənilən idisə, Füzuli Məmmədovun “Sumqayıt”a qarşı 5 müdafiəçi oynatması bir o qədər təəccüb doğurdu. Deyəsən, əvvəlki matçlarda qeydə alınan nəticələr “ağ-qaralar”ın gözünü əməlli-başlı qorxutmuşdu. Belə olmasaydı, çempionluğa iddialı kollektivin çalışdırıcısı premyer-liqanın sürpriz lideri ilə qarşılaşmada bu qədər qorxaq futbola üstünlük verməzdi. Yeri gəlmişkən, əvvəlki iki turda vurduğu qollarla bakılılara 3 xal qazandıran Namiq Ələsgərov bu dəfə hücumun sivri ucunda yer almışdı. Ancaq “Keşlə” və “Sabah”la oyunlardan fərqli Ələsgərov “Kapital Bank Arena”da heç nə ilə yadda qalmadı. Baxmayaraq ki, baş məşqçi qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında ondan razı qaldığını bildirdi. Bir forvard meydanda olduğu 85 dəqiqə ərzində qapı istiqamətində bir zərbə vura bilmirsə, yaddaqalan qol vəziyyəti yaratmırsa, ondan necə razı qalmaq olar?! Əslində Sumqayıta favorit kimi gələn “Neftçi” paytaxta 1 xalla döndüyünə görə Aqil Məmmədova təşəkkür etməlidi. Məhz qolkiper əsas vaxtın sonuna 6 dəqiqə qalmış Elvin Məmmədovun penalti vuruşunu dəf etməklə günün qəhrəmanı oldu. Əks halda Ayxan bəyin yetirmələri ilk dövrədə olduğu kimi, yenə “ağ-qaralar”ı xalsız qoyacaqdı. Onu da qeyd edək ki, “kimyaçılar” cari mövsümdə 4 penalti vurmaq hüququ qazanıb ki, bunun da üçü boşa verilib.
RƏŞAD

Reaksiyalar
Füzuli Məmmədov: “Psixoloji cəhətdən futbolçuları oyuna kökləmək çox çətindi. Düşünürəm ki, onlar tapşırıqları yerinə yetirməyə çalışdılar. Hücumda daha aqressiv olmalıydıq. Belə olur. Növbəti turlarda yolumuza davam etməyə çalışacağıq. Məğlub ola bilərdik, amma penalti zərbəsi zamanı qapıçı bizi xilas etdi. Buna görə Aqili təbrik edirəm. Rəqibin əvvəlki oyunlarını təhlil etmişdik və bu səbəbdən məhz belə düzülüşlə meydana çıxdıq. Penalti epizodundan başqa onların qol şansları yox idi. Düzdü, biz də heç nə yaratmadıq. Psixoloji cəhətədən komandanı hazırlamağın çətin olduğunu dedikdə bu gün cəbhədə yaşananları nəzərdə tuturam. Hamı istər məşqdən öncə, istərsə də sonra avtobusa minən kimi telefonlara baxır ki, görəsən, cəbhədən nə yeni xəbər var? Əslində özümüz də o vəziyyətdəyik. Niyə ön xətt oyunçusuyla bağlı ilk əvəzləməni yalnız 80-ci dəqiqədə etdim? Rəqibin oyununa əsasən belə qərar verdik. Namiq Ələsgərov əvvəlki qarşılaşmalarda hücumun cinahlarında oynayıb. Bu gün isə ilk dəfə onun mərkəzdə çıxış etməsini istədik. Namiq fərqlənməsə də, yeni mövqeyində sərgilədiyi oyundan razı qaldım. Emin Mahmudovun ehtiyatda qalmasına gəlincə, dünən məşqdə zədələndi. O bizə lazım olan oyunçudu. Prins İbara yeni sağalıb və yenidən yığmanın düşərgəsinə qayıtmalıdı. Bəli, onu heyətimizə qatanda düşünürdük ki, irəli xətdəki boşluğu məhz Prinslə aradan qaldıracağıq. Hələ ki komandaya yetərincə fayda verə bilmir. Millidən dönəndən sonra onunla söhbət edəcəm. Ona ümidimiz böyükdü”.
Ayxan Abbasov: “Çox yaxşı formada olan bir komandaya qarşı oynadıq. Rəqib bizə görə oyun sistemini dəyişirsə, buna yalnız sevinə bilərəm. İtkilərimiz var, amma meydana çıxa bilənlərlə oynayırıq. Heç-heçənin ədalətli nəticə olduğunu düşünürəm. Düzdü, təəssüf ki, penaltini qola çevirə bilmədik. Bizi qarşıda "Səbail"lə görüş gözləyir, bundan sonra millinin oyunları ilə bağlı fasiləyə çıxacağıq. Əlbəttə, məşqdə futbolçular penalti zərbəsini yerinə yetirirlər. Ancaq məşqlə oyun fərqlidi. Ümid edirəm ki, qarşıdakı görüşlərdə bu nöqtədən zərbəni qaçırmayacağıq. Başa düşürəm ki, xal itirdik, amma onu da qeyd edim ki, yaxşı xallar da qazanmışıq. Bu gün hücumçusuz oynadıq. Cavid İmamverdiyevi qazanmaq istəyirik. Bugünkü oyuna 13-14 futbolçu ilə hazırlaşırdıq. Sərəncamımda ikinci hücumçu yoxdu. Açığı, "Neftçi”nin 5 müdafiəçi ilə oynayacağını gözləmirdim. Deməli, həmkarımın bəzi planları var idi. Məni gənclər millisinə dəvət edə bilərlər? Hesab edirəm ki, premyer-liqa klubunu U-21-ə dəyişmək geriyə addım olar. Əsas millidən təklif gəlsə, düşünərəm” (gülür).

Gözdən qaçmadı
* 7 il “Sumqayıt”ın prezidenti olan, hazırda Neftçi”də eyni vəzifəni icra edən Kamran Quliyevi “Kapital Bank Arena”da çalışan texniki işçilər, klubun əməkdaşları çox isti qarşıladılar. Quliyev rəhbərliyi altında çalışan sabiq əməkdaşları ilə bir-bir görüşüb, onlarla xeyli söhbət etdi.
* Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında “Neftçi TV”nin əməkdaşı Ayxan Abbasova “oyunun sonlarına yaxın cərimə zərbəsi zamanı yetirmələrinizə tələsməməyi tapşırdız” söyləyincə, “kimyaçılar”ın çalışdırıcısı bu sözlərin müəllifinə “siz həmin an harda oturmuşduz” sualını verdi. “Ağ-qaralar”ın telekanalının əməkdaşı “mən media tribunasındaydım” cavabını verdi. Buna qarşılıq olaraq Ayxan bəy “siz ordan mənim texniki zonada nə dediyimi eşitdiz” sualını ünvanlayınca, gənc həmkarımız polemikaya girməyərək susmağa üstünlük verdi. Bundan sonra Abbasov “mən heç vaxt futbolçularıma vaxt udmağı, geriyə oynamağı tapşırmıram. Həmin an irəli xətdə futbolçuların lazımi mövqedə yer tutmasını nəzərə alıb, ola bilsin, bu fikri sələndirmişəm” deməklə növbəti suala cavab verməyə hazır olduğunu söylədi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR