Almaniyanın 2-ci bundesliqasında 6-cı turun oyunları keçirilib. Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge” doğma meydanda “Holştayn Kil” ilə qarşılaşıb. Aue təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Nazarov da bu matçın iştirakçısı olub. Millinin yarımmüdafiəçisi 65-ci dəqiqədə meydana çıxıb. 7 xala malik “Ertsgebirge” 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Estoniya çemponatında 26-cı turun oyunları baş tutub. Nurlan Novruzovun formasını geydiyi “Narva Trans” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Tallina Kalev”ə 1:4 hesabıyla uduzub. Novruzov meydanda yaşananları sona qədər ehtiyat oyunçular skamyasından izləyib. “Narva Trans” 10 komandalı çempionatda 21 xalla səkkizincidi.
Moldova çempionatında 17-ci turun oyunları keçirilib. Hesabat turu Amit Quluzadənin formasını geydiyi “Milsami” və gənclərdən ibarət yığmanın sabiq üzvü Dmitri Nağıyevli “Dinamo-Avto”nun dueli ilə əlamətdar olub. “Dinamo-Avto”nun meydanında keçirilən oyun heç-heçə bitib (1:1). Nağıyev də bu görüşün iştirakçısı olub. Dmitri start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Amitin adı isə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. 34 xala malik “Milsami” 10 komandanın sıralamasında 3-cü, “Dinamo-Avto” isə 21 xalla 6-cı yerdə qərarlaşıb.
İspaniya sequndasında 10-cu turun oyunları çərçivəsində Eddi İsrafilovlu “Albasete” də növbəti matçına çıxıb. Komanda səfərdə “Kartaxena”ya 1:3 hesabıyla uduzub. Start heyətində meydana çıxan yığma üzvü fasilədə əvəzlənib. Eddi 31-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. “Albasete” 9 xalla 22 iştirakçı arasında 17-ci yerdədi.
Türkiyənin 1-ci liqasında 8-ci turun oyunları gerçəkləşib. Yığmanın yarımmüdafiəçisi Araz Abdullayevin formasını geydiyi “Boluspor” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Bursaspor”a məğlub olub - 2:4. Nəhayət, ilk dəfə start heyətində meydana çıxan Araz sonadək mübarizə aparıb. Hesabında 3 xal olan “Boluspor” 18 komandanın sıralamasında 17-ci yerdədi.
Ukrayna premyer-liqasında 8-ci turun oyunları çərçivəsində Pavel Paşayevin “Aleksandriya”sı doğma meydanda “Desna” ilə münasibətləri aydınlaşdırıb. Yığma üzvünün komandası rəqibin müqavimətini qıra bilməyib (2:2). Paşayev start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Müdafiəçi 70-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. “Aleksandriya” 10 xalla 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Rusiyanın “Ufa” klubunda oktyabr ayının ən yaxşı futbolçusu bəlli olub. Bu ada komandanın azərbaycanlı yarımmüdafiəçisi Azər Əliyev layiq görülüb. Azarkeşlər arasında keçirilən sorğuda Azər səslərin 23,7 faizini toplayıbsa, ən yaxın izləyicisi Komnen Andriç 17 faiz səs yığıb. Azər oktyabrda üç oyuna çıxıb. 26 yaşlı futbolçu premyer-liqada 2, Rusiya kubokunda 1 oyunda iştirak edib və 1 qol vurub.