Sizin reklam burada

“Qarabağ” “Keşlə”nin “6”nı üstünə çevirdi

Baxış Sayı:399


31. Qarabağ (Ağdam) – Keşlə 6:1 (3:1)
12. Emil Balayev – 5,0
44. Elvin Cəfərquliyev – 5,0
81. Kevin Medina – 5,5
55. Bədavi Hüseynov – 5,5
5. Maksim Medvedev (k) – 5,0
8. Uroş Matiç – 5,0
18. İsmayıl İbrahimli – 5,5
27. Toral Bayramov – 5,5
19. Filip Ozobiç – 6,0
(22. Musa Qurbanlı, 73) – 5,0
6. Patrik Andrade – 6,5
(10. Abdulla Zubir, 64) – 5,5
7. Kvabena Ovusu – 5,5
(11. Mahir Emreli, 56) – 6,0
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
94. Ayhan Arazlı
2. Qara Qarayev
29. Zamiq Əliyev
30. Abbas Hüseynov
77. Vild-Donald Gerye
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Patrik Andrade

1. Stanislav Namaşko – 3,0
19. Azər Salahlı – 3,5
4. Şəhriyar Əliyev – 3,5
21. Miyuşko Boyoviç – 3,5
2. İlkin Qırtımov (k) – 3,5
25. Con Kamara – 3,5
(10. Sezar Meza Kolli, 46) – 3,5
13. Pərviz Azadov – 4,0
23. Artur Batista – 3,5
48. Dmitri Klots – 4,5
17. Vüsal İsgəndərli – 4,0
(7. Rəhman Hacıyev, 79) - qiymətsiz
16. Alvaro Tavares – 3,5
(11. Silvio Rodriges, 46) – 3,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
3. Tərlan Quliyev
6. Rəşad Sadiqov
8. Tural Axundov
14. Turan Vəlizadə
18. Ruslan Əmircanov
20. Rail Məlikov
99. Rafael Məhərrəmli
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Dmitri Klots
Qollar: F.Ozobiç, 4 (1:0). B.Hüseynov, 12 (2:0). V.İsgəndərli, 25 (2:1, A.Salahlı). K.Ovusu, 38 (3:1, P.Andrade). F.Ozobiç, 60 (4:1, P.Andrade). M.Emreli, 65 (5:1, A.Zubir). M.Emreli, 89 (6:1, T.Bayramov).
Vərəqələr: C.Kamara, 41 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 85 (qeyri-idman hərəkəti). P.Azadov, 90+1 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Müslüm Əliyev, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
1 noyabr. Suraxanı. Azərsun Arena. Tamaşaçısız.
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
“Qarabağ”la oyunda sevindirici nəticəyə imza atmaq üçün “Keşlə”nin əlinə bundan yaxşı fürsət düşə bilməzdi. Ağdamlıların bir neçə cəbhədə mübarizə aparması nəticəsində komandada zədəli və cəzalı futbolçuların çoxluğu, üstəgəl, çempionun “Makkabi”, “Zirə” və “Vilyarreal”la oyunlarda qələbəyə həsrət qalması keşləlilərin işini asanlaşdırmaya bilməzdi. Komandalar arasındakı ilk dövrənin matçında heç-heçənin qeydə alınması da “qırmızılar”ı ümidləndirən məqamlardan sayılmalıydı.
Hər iki komandanın heyətində müəyyən dəyişikliklərin olmasını anlayışla qarşılamaq mümkün olsa da, Namaşko kimi təcrübəli qapıçının 4-cü dəqiqədə uşaq səhvinə yol verib topu öz əli ilə qapısından keçirməsinin səbəbini başa düşmək olduqca çətin idi. Məhz qapıçının kobud səhvindən sonra “Keşlə” “sındı”, əvəzində rəqib “xoda düşdü”. 12-ci dəqiqədəki kornerdən sonra Bədavi hesab arasındakı fərqi artırdı. Bu epizodda da topu müdafiəçinin üstünə qaytaran qapıçının “xüsusi rolu” qeyd olunmalıdı. İkinci qoldan sonra “qırmızılar”, nəhayət, özünə gəldi. “Keşlə” meydanda istədiyini edir, hücumlar bir-birini əvəzləyirdi. 18-ci dəqiqədə Şəhriyarın, 7 dəqiqə sonra Vüsalın fərqlənmək istəyinə Emil imkan verməsə də, İsgəndərli qol arzusuna baxımlı zərbə ilə çatdı. 34-cü dəqiqədə yüzfaizlik qol şansını boşa verən Kvabena 38-ci dəqiqədə “Vilyarreal”la oyunda olduğu kimi, bu dəfə də Patrikin ötürməsini qolla tamamlamağı bacardı.
“Keşlə” ikinci yarıya iki əvəzetmə ilə çıxsa da, meydanda fırtına qoparan tərəf “köhlən atlar” oldu. Yorulmaq bilməyən Ozobiçlə Andrade şou göstərir, təhlükəli vəziyyətlər sıralanırdı. Bir saatın tamamında bu ikili adını növbəti qola yazdırandan sonra növbə ilə meydanı tərk etdilər. Sıra onların əvəzinə oyuna qoşulan Abdulla ilə Mahirə çatdı. Növbəti qolda birinci ötürmə müəllifi kimi yadda qaldı, ikinci uzun fasilədən sonra qol vurmaqla. Matçın bitməsinə saniyələr qalmış Emreli növbəti qolu vurmaqla həm “Qarabağ”ın cari mövsümdəki ən böyükhesablı qələbəsini rəsmiləşdirdi, həm də “Keşlə”nin bu ad altında ən böyükhesablı məğlubiyyətinin səbəbkarına çevrildi.
Zədəlilərin sıraya qayıtmasından, aparıcı futbolçuların istədiyi oyunu sərgiləməsindən sonra “Qarabağ”ın çempionatdakı rəqiblərinə baxıb, “vay halınıza” deməmək mümkün deyil. Yunis Hüseynov isə növbəti dəfə 6 toplu yenilgi acısı yaşadı. Gəncəli mütəxəssis buna qədər “Xəzər Lənkəran”ı çalışdıranda “Qəbələ”yə 0:6 hesablı məğlubiyyətin səbəbkarı olmuşdu.

Gözdən qaçmadı
* Müharibə şəraitinə görə klublara oyundan əvvəl çempionatla bağlı musiqinin əvəzinə Azərbaycan Respublikasının dövlət himninin səsləndirmək tapşırılıb. Üstəlik, qoldan sonra oynaq notlarla səs-küy salmaq da yasaqdı. Bazar günü “Azərsun Arena”da cəbhədəki gərginlikdən xəbər verən heç nə yox idi. Himnin yerinə çempionat musiqisi səsləndi, ilk hissədəki qollardan sonra qulaqları batıran oynaq notların səsi stadionu bürüdü. Yaxşı ki, fasilədə kimsə cavabdeh şəxsləri ayıltdı.
* “Keşlə”nin qolundan sonra Qurban Qurbanov özündən çıxdı. Əsəblərinə hakim ola bilməyən baş məşqçi öncə Maksimə irad bildirdi, ardınca Emili hədəf seçdi, ən sonda üzünü İsmayıla tutdu. Ümumiyyətlə, Qurbanov oyunboyu həddən artıq gərgin və əsəbi görünürdü. Zubir meydana çıxmağa hazırlaşanda da inzibatçılardan kiməsə kəskin irad bildirdi.
* Pandemiyaya görə ehtiyatda qalan futbolçular texniki zonanın arxasındakı tribunada əyləşməlidi. Tribunada əyləşən futbolçular zaman-zaman meydandakı komanda yoldaşlarına dəstək verir, imkan düşdükcə “onu belə et, bunu belə et” şəklində göstərişlər verirdilər. Bu mənada Şahruddin daha çox fərqlənirdi. İlk hissənin sonlarına qədər səbr edən Qurbanov fasiləyə az qalmış üzünü tribunadakılara tutub sakit durmalarını tələb etdi.
* Fasilədən sonra meydana çıxan Mahir Emrelinin çox keçmədən futbolkasını dəyişmək üçün ehtiyat oyunçular skamyasına yaxınlaşması hamıda təəccüb doğurdu.

Reaksiyalar
Qurban Qurbanov: “Yaxşı oyunla vacib qələbə qazandıq. Düzdü, çətinliklərimiz oldu. 90 dəqiqə eyni tempi qoruya bilmərik. Rəqib bəzi epizodlarda istəkli idi. Futbolçular səbr və düzgün oyun intizamıyla mübarizə apardılar. Ağır səfərdən sonra futbolçularda yorğunluq var idi. Futbolçularım layiqli qələbə qazandılar. Hər bir qələbə futbolçulara və mənə böyük inam, istək verir. Psixoloji maneəni aşmaq üçün qələbələr lazım olur. Avroliqadakı məğlubiyyətdən sonra futbolçular üzgün idi. Məşq etməyə də çox vaxtımız olmamışdı. Bu gün oyundan əvvəl də futbolçularla söhbətim oldu. Həqiqətən qələbə bizim üçün çox vacib idi. Avroliqa oyunlarında psixoloji problem olur. Nə qədər hər şey qaydasındadı desəm də, yenə də futbolçuların fikirləri qarışıq idi… Xayme isinmə hərəkətləri zamanı əzələsində ağrılar hiss etdi və biz də risk etmədik. Ona görə adını nəinki “11-lik”dən, ümumiyyətlə, “23-lük”dən çıxardıq. Sabah MRT münayinəsindən sonra vəziyyəti daha dəqiq bilinəcək. Zədəlilər sağalsa da, optimal formalarını bərpa etmək çətin olur. Belə davam etsə, 2-3 oyundan sonra futbolçular daha hazır olacaqlar. Zədəlilərin qayıtması məni sevindirir, əlimdə futbolçu ehtiyatı artacaq. İnşallah, “Sivasspor”un önünə daha hazır futbolçularla çıxacağıq… Emilə qol buraxdığına görə yox, hücumu tez başladığı üçün əsəbləşdim. Futbolçular mövqelərində tam yerləşməmiş oyunu başlatdı. Belə hallarda daha təcrübəli olmaq lazımdı, komanda yoldaşlarının mövqelərini hiss etməlidi. Ümumilikdə 90 dəqiqə özünü yaxşı göstərdi. Tək Emilə yox, bir-iki futbolçuya da etirazımı bildirdim. Düşünürəm ki, bunların faydası olacaq”.
Yunis Hüseynov: “İlk növbədə ordumuza uğurlar arzulayıram. Həmişə onların yanındayıq. Oyun haqda danışılası bir şey yoxdu. İlk qol matçın qırılma nöqtəsi oldu. 3-cü qoldan sonra da komandanın oyunu alınmadı. 1:6 hesabıyla uduzan komanda haqda nə danışmaq olar? Biz zəif oynadıq, “Qarabağ” layiqli qələbə qazandı. Bu qədər, deyəcək başqa sözüm yoxdu. “Xəzər Lənkəran”ın baş məşqçisi olanda “Qəbələ”yə 0:6 hesablı yenilgi, bu gün də 1:6? Futboldu, belə hallar qaçılmazdı. 0:10 da olur, 0:8 də. Mənim də bəxtimə 6 qolluq matçlar düşüb. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Bir oyunla heç nə bitmir. Bu gün komandada nə çatmırdı? İkinci qoldan sonra komanda dağınıq futbol oynadı. Erkən qol hər bir komandaya pis təsir edir. Təhlükəli vəziyyət də deyildi, düzdü, qapıçını da qınamaq düzgün deyil. Top qarşısında istiqamətini dəyişdi. İkinci qol da səhvdən oldu və komandada ruh düşkünlüyü yarandı. Toparlana bilmədik. Sadəcə, səhvlərdən nəticə çıxarmaq lazımdı. Hər komandada belə məğlubiyyətlər olur. Yaxşı ki bu məğlubiyyəti indi aldıq, çempionatın qızğın vaxtında yox”.

Yeri gəlmişkən...
“Qarabağ” məhz bu oyunda ölkə çempionatlarında 450-ci qələbəsini qazandı. Bu qələbə 804-cü matça təsadüf etdi. Ağdamlılar evdə 267, səfərdə 180, neytral meydanda 3 dəfə rəqiblərini məğlub edib. “Qarabağ” həmçinin 700-cü ev qolunu vurdu. Yubiley qoluna Bədavi Hüseynov imza atdı. Bu qarşılaşmayadək hesabında 698 top olan “Qarabağ” öz meydanındakı qol sayını 704-ə çatdırdı. Ağdamlılar bu qədər qolu 396 ev oyununda vurub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR