Sizin reklam burada

Azərbaycanlı şərhçi niyə qeybə çəkildi?!

Baxış Sayı:215

“Matç TV”nin azərbaycanlı şərhçisi Elvin Kərimov “feysbuk” səhifəsini bağlayıb. Kərimov bu addımın səbəbini açıqlamasa da, təzyiqlərdən sonra bu qərara gəldiyi şübhə doğurmur. Məsələ ondadı ki, Azərbaycan Ermənistanı yerinə otuzdurmağa başladığı vaxtdan bəri Rusiyanın idman telekanalı “Qarabağ”ın oyunlarına qeyri-rəsmi embarqo qoyub. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində keçirdiyi iki qarşılaşmanın heç biri bu telekanal vasitəsilə izləyicilərə təqdim olunmayıb. “Ararat”ın avrokubokların təsnifat mərhələsindəki oyunlarını belə həvəslə göstərən “Matç TV”nin bu davranışının səbəbi bəllidi. Ermənipərəst siyasət yürüdən telekanal efirində Qarabağ və Azərbaycan sözlərinin yanaşı səslənməsindən narahatlıq keçirir.
Bu məsələni ötən həftə azərbaycanlı idman jurnalistləri gündəmə gətirmişdi. “Vilyarreal”la qarşılaşmadan sonrakı mətbuat konfransında məsələ ilə bağlı mövqeyi soruşulan Qurban Qurbanov qısa danışmışdı: “Bizim oyunları göstərmirlərsə, başlarına dəysin, heç bizə də lazım deyil”. Həmkarımız Ruslan Mikayıllı qələmə aldığı yazıda həmyerlimiz Elvin Kərimovu etinasızlıqda ittiham etmişdi. Məsələ ondadı ki, “Matç TV”nin erməni mənşəli şərhçiləri Dağlıq Qarabağla bağlı məsələlərdə xeyli fəaldılar və Ermənistanın mövqeyini açıq şəkildə müdafiə edirlər. Elvin Kərimov isə özünü müharibə əleyhdarı kimi aparır və neytrallığını nümayişkəranə şəkildə qoruyur.
Bir neçə gün əvvəl Kərimov “Matç TV”yə və özünə yönələn ittihamlara şəxsi “feysbuk” səhifəsində cavab verməyə cəhd etmişdi. Telekanalın “Qarabağ”ın oyununu göstərməməsini onunla əsaslandırmağa çalışmışdı ki, Rusiyada yaşayan tamaşaçılar arasında daha çox maraq doğuracaq qarşılaşmalara üstünlük verilir. Bu mövqeyi paylaşmaq, anlayışla qarşılamaq mümkün idi. Telekanalın özü bu barədə açıqlama, yaxud da izahat yaysaydı. İndiki halda isə bunların heç biri baş vermir. Əvəzində Elvin Kərimov sinəsini irəli verir, bu izahatı azərbaycanlı futbolsevərlərə sırımağa çalışır. Yəni öz həmyerlilərinə. Qanı qanımızdan, canı canımızdan olan Elvin Kərimovun belə davranışı hamımızda təəssüf doğurur. Elə bu səbəbdən də onun bu paylaşımı qısa müddət ərzində tənqid atəşinə tutuldu. Özü də bu tənqidlərin mütləq əksəriyyəti haqlı idi.
Şərh yazanlar ona sual da ünvanlayırdı. Həmin sualların da ümumi məğzi bu idi ki, nə üçün Kərimov sinəsini irəli verir, telekanalın adından danışmaq məsuliyyətini üzərinə götürür? Olmazdı ki, Dağlıq Qarabağ münaqişəsində, Azərbaycanın haqq davasına münasibətdə sərgilədiyi neytrallığı bu məsələdə də ortaya qoyaydı və susaydı?! Amma Elvin susmadı. Əksinə, böyük həvəslə və cığallıqla tənqidlərə cavab verməyə, “Matç TV”ni müdafiə etməyə çalışdı. Belədə daha çox qınanmağa başladı. Ta o vaxta kimi ki, “feysbuk”dan qeybə çəkildi.
Elvin Kərimov üç gündü sosial şəbəkələrdə görünmür. Öz hesabını ya Azərbaycandan olan izləyicilər üçün bağlayıb, ya da hamı üçün. Burasını dəqiq bilmirik. Amma bir məsələ dəqiqdi ki, Elvin Kərimov geri çəkildi, öz mövqeyini (həm də çalışdığı telekanalı) sona qədər müdafiə edə bilmədi. Bu heç mümkün də deyildi. Yaxşı ki, vaxtında səhvini anladı. Bizdən küsmə, incimə, Elvin. Sən bizim umduğumuz yer idin. Atalarımız da “uman yerdən küsərlər” deyib. Umduğumuzu ala bilməsək də, səndən küsməmişik.
Nə edək, sən də belə düşünürsən, özünü və karyeranı belə qoruyursan. Narahat olma, Azərbaycan əsgəri də hamımıza doğma vətən torpağı olan müqəddəs Qarabağı qoruyur, onu düşmənlərdən təmizləyir. Gün gələr, Xankəndini, Cəbrayılı, Şuşanı, Laçını təmsil edən komandalar Azərbaycan çempionatında çıxış etməyə başlayar, “Qarabağ” doğma “İmarət”də Çempionlar Liqasının oyununa çıxar. Səni də ora qonaq dəvət edərik. İstəsən, lap şərhçi kimi də gələ bilərsən. Yəqin onda qısqanc “Matç TV” “Qarabağ Azərbaycandı!” adlı həqiqəti də qəbul edə biləcək!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR