Sizin reklam burada

Qarabağa qayıdırıq, cənablar!

Baxış Sayı:243

Xalq və dövlət olaraq həm məsuliyyətli, həm də şərəfli günlər yaşayırıq. Azərbaycan tarixi torpaqlarını işğal altından azad edir, erməni dığalarını, mənfur düşmənlərimizi müqəddəs vətənimizdən iti qovan kimi qovur. Heç zaman olmadığı qədər yumruq kimi birləşmişik, Ali Baş Komandanımız cənab İlham Əliyev hər gün xalqımızı qələbə xəbərləriylə müjdələyir, qəhrəman Azərbaycan əsgəri düşmənlərin qorxulu yuxusuna çevrilib. İllərlə üzərimizdə olan məğlub psixologiyasından qurtulmuş, əyilmiş qamətimizi dikəltmişik. Əsgərlərimizin qorxusu ermənilərin canına elə vəlvələ salıb ki, dığaların siyasi rəhbəri Nikol Paşinyan dünya liderlərinə yalvarır, Putindən, Makrondan, Trampdan xahiş edir ki, bizi azərbaycanlıların əlindən alın, İlham Əliyevi atəşi saxlamağa razı salın. Bəli, müharibə şəraitinin də öz çətinlikləri var. Torpaqlarımızın azadığı uğrunda qəhrəmanlıqla şəhid olan cəngavərlərimizlə yanaşı, mülki əhalidən də itki veririk. Döyüş meydanında məğlubiyyətə düçar olan mənfur düşmən xaincəsinə yaşayış məntəqələrini hədəfə alır, dinc sakinləri, körpə balaları qətlə yetirir. Çox keçməyəcək ki, düşmən qarşımızda diz çökəcək, bütün bu əməllərinin cəzasını alacaq.
Gözümüz-qulağımız cəbhədə, ordan gələcək xəbərlərin sorağındadı. Ona görə də bu çətin günlərdə müharibədən başqa nəyinsə haqqında düşünmək, müzakirə açmaq, nəsə yazmaq heç də asan deyil. Amma bir məsələni də unutmaq lazım deyil ki, əsgərlərimizin cəbhədəki qələbələri bizim üçün stimula çevrilməli, yaşayıb-yaratmaq həvəsimizi atırmalıdı. Həyat davam edir və biz də çalışmalıyıq ki, həyatın gündəlik axarından geri qalmayaraq, öz işimizin başında olub dövlətimizin güclənməsinə, vətənimizin çiçəklənməsinə öz köməyimizi göstərəcək. Əvvəlki yazılarımın birində də bu məqamı vurğulamışdım. 90-cı illərin əvvəllərində hər şey indikindən qat-qat çətin idi. Biz müstəqil respublika kimi ilk addımlarımızı atır, dövlət və ordu quruculuğu işlərini həyata keçirməklə yanaşı, arxasında Rusiyanın güclü dəstəyini hiss edən ermənilərlə döyüşürdük. Zəif iqtisadiyyat, qarışıq siyası mühit, peşəkar kadr və texnika baxımından yaxşı vəziyyətdə olmayan ordu gənc Azərbaycanın qarşısında duran əsas əngəllər idi. Buna baxmayaraq, ölkədə başqa sahələrdə də mühüm işlər görülür, gələcəyə hesablanan ciddi addımlar atılırdı. Həmin vaxt ali məktəblərə qəbul zamanı test üsulunun tətbiqi ilə yanaşı, AFFA-nın yaradılması, ölkəmizin UEFA-ya, yəni Avropa futbol ailəsinə daxil olmağı bacarması qazandığımız ciddi uğurlardandı. Test üsulu minlərlə kasıb ailənin övladına tələbə olmaq, ali təhsil almaq imkanı yaratdı. Bu gün də həmin o kadrlar gənc Azərbaycan dövlətini layiqli mütəxəssislər kimi irəli aparır. AFFA-nın yaranması isə ölkənin futbol təsərrüfatını dağılmağa qoymadı, istedadlı yerli futbolçuların pərən-pərən düşməsini, rusların Nazim Süleymanov, Vəli Qasımov kimiləri özününküləşdirməsini əngəllədi. UEFA-ya üzv olmağımız Azərbaycanın dünyaya inteqrasiyasında, tanınmağımızda mühüm rol oynadı.
O illərdə cəbhədə qanlı döyüşlər getsə də, Azərbaycanın bütün bölgələrini təmsil edən komandaların iştirakıyla ölkə çempionatı keçirilirdi. “Qarabağ” rəqiblərini Ağdamda, doğma “İmarət”də qəbul edirdi. Tovuzun qeyrətli oğulları bir araya gəlib, rayonda komanda formalaşdırır, türkün gücünün, birliyinin simgəsi olan Turan adını yaşadırdı. Çempionluq uğrunda yarışdan güclü “Turan” həm də yerli əhalidə ruh yüksəkliyi yaradır, ermənilərin Tovuza heç vaxt ayaq basa bilməyəcəyinə dərin inam formalaşdırırdı. “Turan”ın Azərbaycan çempionatında qazandığı hər qələbə yerli əhali üçün toy-bayrama, mübarizə rəmzinə çevrilirdi. Bütün bu məqamlar yaxın keçmişin şərəfli səhifələridi. Onları unutmamaq, əksinə, zaman-zaman yenidən vərəqləməklə bir daha öyrənmək lazımdı. İndi bunu etmək daha asandı. Həm ordumuz güclüdü, həm dövlətimiz. Şükürlər olsun ki, hər gün yeni-yeni ərazilər azad edirik, tarixi torpaqlarımıza qayıtmaq üçün hazırlıqlar görürük. Bu qayıdış prosesinə fubol ailəsini də qoşmaq lazımdı. Səmimi şəkildə və yubanmadan.
İşğal altında qalan torpaqlarımızın adıyla bağlı olan klubların yaradılmasına zaman-zaman şahidlik etmişik. “Həkəri” yaradılıb, “Şuşa” və “Şuşa-Qarabağ” da. Bəlkə də daha çox olub, bəzilərini unutmuşaq. Amma onların heç birisi ayaq üstə uzun müddət dayanmağı, möhkəmlənməyi bacarmayıb. Ağdam təmsilçisi “Qarabağ” vaxtında “Azərsun”un himayəsinə keçməsəydi və bu şirkətin rəhbərliyi Qurban Qurbanovla birlikdə uzazgörən siyasət yürütməsəydi, indi bizə qələbələr yaşadan komanda da olmazdı. Odu ki, “Qarabağ” nümunəsindən başqa rayonlarımızın təmsilçilərinin də yararlanması vacibdi. “Həkəri” başda olmaqla zəngin tarixi, istedadları olan bütün klublarımız bərpa edilməli, bu proses Qarabağa qayıdışımızın mühüm hissəsinə çevrilməlidi. Prosesə rəhbərlik isə bilavasitə AFFA-nın üzərinə düşür. Biz Qarabağa qayıdırıq, cənablar, futbolumuzla birlikdə. Əməli işə keçmək zamanıdı!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR