Sizin reklam burada

“Böyük dəbilqə”: 3 medalla 5-ci yer

Baxış Sayı:375


Rüstəm Orucovdan çempionluq və əsgər salamı
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. Yarışın ilk günündə Orxan Səfərovun (66 kq) bürünc medal qazandığını xəbər vermişdik. Şənbə və bazar günü mübarizəyə qoşulan milli üzvlərindən də fəxri kürsüyə yüksələnlər olub.
İkinci yarış günündə 4 idmançı tatamı üzərinə çıxıb. 73 kq-da Telman Vəliyev 1/32 finalda Georgios Azoidis (Yunanıstan) üzərində qələbə qazansa da, növbəti qarşılaşmada türkiyəli Bilal Çiloğluna uduzaraq mübarizəni dayandırıb. İlk mərhələdən azad olan Rüstəm Orucov 1/16 finalda Anxaya Lavjarqala (Monqolustan), 1/8 finalda Mark Xristova (Bolqarıstan) qalib gəlib. Cüdoçumuz 1/4 finalda rusiyalı Musa Moquşkovu, yarımfinalda isə isveçli Tommi Maciası məğlub edib. Finala çıxan Rüstəmin rəqibi isveçrəli Nils Ştump olub. Olimpiya mükafatçısı ipponla inamlı qələbə qazanaraq, çempion tituluna yiyələnib. O, uğurunu əsgər salamı ilə qeyd edib.
1/32 finalda tatamiyə çıxan Murad Fətiyev (81 kq) Gilyerme Şmidtə (Braziliya) qalib gəlsə də, növbəti görüşündə rusiyalı Hasan Xalmurzayevə uduzub. Yarışa 1/16 finaldan başlayan Hidayət Heydərov isə İvaylo İvanova (Bolqarıstan) məğlub olub.
Bazar günü daha 6 idmançımız mübarizəyə qoşulub. 90 kq-da millinin lideri Məmmədəli Mehdiyev 1/16 finalda Farux Bulekulovu (Qırğızıstan), ardınca Cesper Sminkini (Hollandiya) mübarizədən kənarlaşdırıb. Amma 1/4 finalda rusiyalı Mixael İqolnikovla bacarmayıb. Təsəlliverici görüşdə Davlat Bobonovla (Özbəkistan) qarşılaşan təmsilçimiz tatamidən qalib ayrılıb. O, 3-cü yer uğrunda görüşdə Niderland nümayəndəsi Noel Van Endi də məğlub edib. Rüfət İsmayılov isə 1/16 finalda Rafael Maçedona (Braziliya) uduzub.
100 kq-da ilk görüşdən azad olan Elmar Qasımov 1/16 finalda Mert Şişmanlara (Türkiyə) yenilib. Zelim Kotsoyev isə turnirə qələbə ilə başlayıb. Alibek Serikbayevi (Qazaxıstan) üstələyən “milliləşdirilən” cüdoçu 1/8 finalda Mikloş Çirjeniçlə (Macarıstan) bacarmayıb və turnirlə vidalaşıb.
Uşanqi Kokauri (+100 kq) 1/16 finalda Cemal Ərdoğanı (Türkiyə), Camal Feyziyev Harun Sadikoviçi (Bosniya və Hersoqovina) sınağa çəkib. Təəssüf ki, hər iki idmançı uduzaraq yarışla erkən vidalaşıb.
Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun qatıldığı turnirdə 17 idmançımız mübarizə aparıb. Komandanın qazancı 1 qızıl və 2 bürünc medal olub ki, bu da yekun sıralamada 5-ci olmağımızı şərtləndirib.

Reaksiyalar
Orxan Səfərov: “Ölkəmizin çətin günlərində medal qazandım. Azərbaycan haqq yolundadı, hər şey yaxşı olacaq. Qarabağ bizimdi və bizim olacaq".
Rüstəm Orucov: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bu medalı şəhidlərimizə həsr edirəm. Burda qazandığım mükafatı, inşallah, əsgər və zabit qardaşlarımıza göndərəcəm. Qarabağ Azərbaycandı”.
Məmmədəli Mehdiyev: “Bu medalı torpaqlarımız uğrunda canından keçən şəhidlərimizə həsr edirəm. Cəbhəyə yollanmaq üçün Ali Baş Komandanın əmrini gözləyirəm. Döyüşməyə hazıram. Qarabağ Azərbaycandı!”

Oxşar xəbərlər
SON XƏBƏRLƏR