Sizin reklam burada

Almeyda mövsümün sonuna qədər “Zirə”də!

Baxış Sayı:118


Klublar 23-cü tura qədər heyəti gücləndirə bilər
Hər il “transfer pəncərəsi” bağlanandan sonra premyer-liqa klubları iştirak ərizəsinə yeni futbolçuların adlarını əlavə edirlər. 2020/21 mövsümü də istisna deyil. Bu dəfə “Zirə” “transfer pəncərəsi” rəsmən bağlandıqdan sonra heyətinə yeni oyunçu dəvət etməklə yadda qaldı. Söhbət azarkeşlərin yaxından tanıdığı Riçard Almeydadan gedir. “Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov ötən ilə qədər “Qarabağ”da çiyin-çiyinə oynadığı braziliyalını komandasına dəvət edib. Sadıqov yarımmüdafiə xəttindəki boşluğu aradan qaldırmaq üçün yaxından tanıdığı, səviyyəsinə bələd olduğu “sambaçı”nın xidmətindən yararlanmağa qərar verib. Yeri gəlmişkən, “Riçi” ləqəbli futbolçu millinin heyətində 22 oyuna çıxıb ki, bu, onun yeni komandasında yerli statusu ilə çıxış edəcəyinə işarədi.
“Zirə”nin heyətini gücləndirməsi yaxşıdı. Almeydanın gəlişi ilə “qartallar” bir qədər də güclənəcək ki, bu da mükafatçı yerlər uğrunda mübarizəyə əlavə rəng qatacaq. Ancaq bu məsələdə sual doğuran, müzakirəyə yol açan məqam başqadı. İstənilən klub, istənilən an heyətinə yeni oyunçu dəvət edə, adını iştirak əizəsinə sala biləcəksə, onda “transfer pəncərəsi” kimə və nəyə lazımdı? Nəyə görə bunun üçün PFL tərəfindən komandalara müəyyən vaxt verilir? Yuxarıda qeyd etdiyimiz kimi, bu hal faktiki hər il yaşanır, çempionatın startından müəyyən vaxt keçməsinə baxmayaraq, klublar heyətlərini gücləndirməkdə davam edirlər. Belə çıxır ki, “transfer pəncərəsi” PFL-in formallıq xatirinə müəyyənləşdirdiyi çərçivədi.
Ancaq qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bizimlə söhbətdə heç bir qanunsuzluğa yol verilmədiyini bildirdi: “Futbolçu azad agent statusuna malikdisə, heç bir klubla müqaviləsi yoxdusa, onunla anlaşan komanda çempionatın gedişində adını iştirak ərizəsinə əlavə edə bilər. Ancaq onu da qeyd edim ki, çempionatın sonuna 5 tur qalmış bu məsələ bağlanır. Yəni 23-cü turdan sonra heç bir premyer-liqa təmsilçisi sifariş ərizəsini yeniləyə bilməz. Daha dəqiq desəm, 2021-ci il aprelin 21-i son gündü. Ondan sonra heç bir klub, futbolçu azad agent olsa belə, onu rənglərinə bağlaya bilməz”.
Yeri gəlmişkən, “Zirə” dünən Almeydanın keçidini rəsmən açıqladı. 31 yaşlı orta sahə oyunçusu yeni komandası ilə cari mövsümün sonuna qədər müqavilə bağlayıb. “Sambaçı” klub saytına açıqlamasında seçimini belə dəyərləndirib: “Yenidən Azərbaycana qayıtdığıma görə şadam. Baş məşqçimiz Rəşad Sadıqov "Zirə"yə keçməyimlə bağlı fikirlərimi soruşdu. Ailəmlə məsləhətləşdikdən sonra müsbət cavab verdim. Bilirəm ki, Azərbaycan premyer-liqasında iddialı komandalar çoxdu. Bizim də çox yaxşı komandamız var. Ümid edirəm ki, təcrübəmlə "Zirə"yə kömək edə biləcəm”.
Xatırladaq ki, Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"da, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Küveytin "Baniyas" klublarında çıxış edib.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR