Sizin reklam burada

Eddi komandasının ikinci qolunu vurdu

Baxış Sayı:98


Həftəsonu Estoniya çemponatında 25-ci turun oyunları keçirilib. Nurlan Novruzovun formasını geydiyi “Narva Trans” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Levadiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Novruzov 83-cü dəqiqədə meydana çıxıb. “Narva Trans” 10 komandanın mübarizə apardığı çempionatda 21 xalla 8-ci pillədə qərarlaşıb.
Almaniyanın ikinci bundesliqasında 5-ci turun oyunları keçirilib. Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge” səfərdə “Bohum”la münasibətləri aydınlaşdırıb. Aue təmsilçisi rəqibinə 0:2 hesabıyla yenilib. Nazarov bu qarşılaşmanın da iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə salınmayıb. Tag24.de saytında yer alan xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi səhhətində yaranan problem üzündən meydandan kənarda qalıb. Təcrübəli futbolçunun nə vaxt sıraya qayıdacağı haqda isə məlumat verilməyib. Hesabında 7 xal olan “Ertsgebirge” 18 kollektiv arasında altıncıdı.
İspaniya sequndasında 8-ci turun oyunları arxada qalıb. Yığmanın yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geydiyi “Albasete” də növbəti görüşünü keçirib. Doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşan komanda rəqibini 2:1 hesabı ilə üstələyib. İsrafilov start heyətində meydana çıxıb və sona qədər mübarizə aparıb. Komandasının ikinci qolunu da 47-ci dəqiqədə məhz o vurub. “Albasete” 8 xalla 22 iştirakçı arasında 16-cı yerdə qərarlaşıb.
Moldova çempionatında 16-cı turun oyunları çərçivəsində yığmanın sabiq üzvü Amit Quluzadənin formasını geydiyi “Milsami” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə “Kodru Lozova” ilə münasibətləri aydınlaşdırıb və inamlı qələbəyə imza atıb - 4:1. Amma təəssüf ki, Quluzadə qələbədə pay sahibi olmayıb. Həmyerlimiz meydanda yaşananları sonadək ehtiyat oyunçular skamyasından izləyib. Hesabında 33 xalı olan “Milsami” 10 komandanın sıralamasında ikincidi.
Ukrayna premyer-liqasında 7-ci turun oyunları gerçəkləşib. Yığmanın müdafiəçisi Pavel Paşayevin heyətində yer aldığı “Aleksandriya” səfər matçına çıxıb. Kiyevdə yerli “Dinamo”nun qonağı olan komanda minimalhesablı məğlubiyyətlə barışıb (0:1). Start heyətində meydana çıxan Paşayev sonadək mübarizə aparıb. “Aleksandriya” 9 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.
Türkiyənin “Boluspor” klubuna yeni baş məşqçi təyin olunub. Milli komandamızın yarımmüdafiəçisi Araz Abdullayevin formasını geydiyi komandanı bundan sonra Reha Kemal Erginer çalışdıracaq. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Mövsümə uğursuz start verdiyi üçün bir neçə gün öncə Ahmet Taşyürəki istefaya göndərən klub rəhbərliyi onu məhz Erginer ilə əvəz etməyə qərar verib. Lakin tərəflər arasındakı müqavilənin müddəti və başqa detallar açıqlanmayıb. Maraq üçün qeyd edək ki, Bolu təmsilçisi cari mövsümdə istefaya göndərilən baş məşqçisinin rəhbərliyi altında çıxdığı 5 oyunda cəmi 1 heç-heçəyə nail olduğu halda, qalan görüşləri məğlubiyyətlə başa vurub. 6-cı turda baş məşqçisiz oynayan komanda ikinci heç-heçəsini rəsmiləşdirib. Araz “Boluspor”a bu yay transfer olunub və TFF 1-ci liqa təmsilçisində cəmi bir oyuna çıxıb. “Boluspor” dünən 7-ci turun oyununu keçirib. Komanda doğma meydanda “Menemenspor”la münasibətləri aydınlaşdırıb – 0:0. Araz 84-cü dəqiqədə meydana çıxıb. “Boluspor” 3 xalla 18 komandanın sıralamasında 17-ci pillədə qərarlaşıb.
Moldova çempionatında 16-cı turun oyunları keçirilib. Gənclərdən ibarət yığmamızın sabiq üzvü Dmitri Nağıyevin “Dinamo-Avto”su da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Zimbru” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0. Millinin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 1-ci uzatma dəqiqəsində əvəzlənib. Cari mövsümdə bir qol vuran Nağıyev bu dəfə fərqlənə bilməyib. 20 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Gürcüstan çempionatında 14-cü turun görüşləri baş tutub. Nicat Qurbanovun şərəfini qoruduğu “Samtredia” səfərdə “Saçxere”ni 1:0 hesabıyla məğlub edib. Uzun müddətdi zədədən əziyyət çəkən həmyerlimiz qarşılaşmanın iştirakçısı olmayıb. Onun adı oyunun iştirak ərizəsinə salınmayıb. “Samtredia” hazırda 16 xalla 10 komandalı çempionatda yeddincidi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR