Sizin reklam burada

Dostların ilk duelində qol çatmadı

Baxış Sayı:341


Rəşad Sadıqov hakimə: “Niyə futbolçunun üstünə qışqırıb qorxudursan onu?”
28. Zirə - Qarabağ (Ağdam) 0:0

1. Mateus Albino – 6,0
32. Qismət Alıyev - 5,0
77. Cəlal Hüseynov – 5,5
44. Dmitrios Çantakias – 5,5
21. Hacıağa Hacılı – 5,0
8. İlkin Muradov – 5,5
4. Elvin Camalov - qiymətsiz
(91. Ruslan Qurbanov, 6) – 5,0
10. Ağabala Ramazanov (k) – 5,0
(20. Əli Şirinov, 85) – qiymətsiz
7. Tural Bayramlı – 5,5
(12. Lazar Corceviç, 88) – qiymətsiz
11. Klesio Bauk – 5,0
9. Davit Volkov – 5,0
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Mateus Albino

12. Emil Balayev – 5,5
44. Elvin Cəfərquliyev – 5,5
4. Rahil Məmmədov – 5,0
81. Kevin Medina – 5,5
30. Abbas Hüseynov – 6,0
8. Uroş Matiç – 5,0
(19. Filip Ozobiç, 60) – 5,5
2. Qara Qarayev (k) – 5,0
18. İsmayıl İbrahimli – 5,0
(10. Abdulla Zubir, 60) – 5,5
6. Patrik Andrade – 5,5
9. Xayme Romero – 5,5
(5. Maksim Medvedev, 71) – 5,5
7. Kvabena Ovusu – 5,0
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
11. Mahir Emreli
22. Musa Qurbanlı
27. Toral Bayramov
77. Vild-Donald Gerye
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abbas Hüseynov
Vərəqələr: R.Məmmədov, 35 (oyun qaydalarını sistematik şəkildə pozmaq). D.Volkov, 45+3 (qeyri-idman hərəkəti). Q.Alıyev, 80 (qeyri-idman hərəkəti). E.Cəfərquliyev, 89 (qeyri-idman hərəkəti) – sarı. R.Məmmədov, 68 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: RƏVAN HƏMZƏZADƏ (ŞƏKİ), Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
25 oktyabr. Zirə. İdman Kompleksinin stadionu. Tamaşaçısız.
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Bu oyun təkcə turnir cədvəlindəki mövqeyə və komandaların qarşıdakı matçlarına təsir edəcək görüş deyildi. Həssas və prinsipial nöqtə uzun illərin dostları Qurban Qurbanovla Rəşad Sadıqovun son 20 ildə ilk dəfə rəqib qismində üz-üzə gəlməsiydi. Futbol oynadığı vaxtlarda rəqib olmamışdılar, sonradan ömürlərinin 10-11 ili “Qarabağ”a bağlı olmuşdu. Odu ki, Sadıqovun çox yaxından tanıdığı və təcrübədə qat-qat geri qaldığı Qurbanova hansı sürpriz hazırladığı və oyunun hansı hesabla başa çatacağı maraqla gözlənilirdi.
İlk hissəsi o qədər də baxımlı alınmayan, meydan sahiblərinin əsas diqqəti müdafiəyə ayırıb ümidini əks-hücumlara bağladığı qarşılaşmada “Qarabağ” 90 dəqiqə boyunca diqtə edən tərəf oldu. Bəzən belə oyunlara ağır məşq də deyilir. Topa nəzarət edən, çoxsaylı ötürmələrlə rəqib müdafiəsini yarmağa çalışan “köhlən atlar” ilk 45 dəqiqədə “qartallar”ın qapısı qarşısında təhlükə yarada bilmirdi. 37-ci dəqiqədə Ovusunun cüzi fərqlə qapının üstündən keçən zərbəsini nəzərə almasaq, Albinonun işi o qədər də çətin olmadı. Əvəzində ağdamlılar zirəlilərə iki real qol şansı verdi. 16-cı dəqiqədə Xayme, 29-cu dəqiqədə Ovusu ötürmədə kobud səhvə yol verməklə rəqibə yüzfaizlik qol imkanı yaratdı. Lakin heç birində Emil səddini keçmək mümkün olmadı.
İkinci yarıda əsl futbol izlədik. Həm oyunun tempi artmışdı, həm də təhlükəli vəziyyətlər sıralanırdı. Vəziyyətin birdən-birə dəyişməsində Abdullayla Filipin eyni anda meydana çıxması sözünü dedi. 65-90-cı dəqiqələr aralığında çempion 6 real qol fürsəti yaxaladı ki, 83-cü dəqiqədə qapıçını da keçən Kvabenanın topu kənara vurması hamıdan çox özünü şoka saldı. Rahilin ikinci “sarı” ilə meydandan qovulması “Qarabağ”ı ehtiyatlı davranmağa məcbur etməsəydi, “Zirə”nin köməyinə nə Albino çatacaqdı, nə də başqaları. Lakin azlıqda qalandan sonra qonaqlar üçün 1 xal da qənimət sayılırdı. Albinonun son 20 dəqiqədə 3 dəfə xilaskar rolunu oynaması nəticəsində matç qolsuz bərabərliklə bitdi.
Bununla da yaxın dostların ilk dueli elə dostluğa layiq nəticə ilə başa çatdı. Halbuki şübhəli penalti epizodları, qırmızı vərəqə, qaçırılan qol imkanları fonunda izləyəcilərin qol və ya qollar görməsi də pis olmazdı.
HƏMİD

Gözdən qaçmadı
* Oyundan əvvəl hər iki komandanın futbolçuları isinmə hərəkətlərini yerinə yetirəndə, meydanın kənarında dayanan şəxsi tanımamaq mümkün deyildi. Özü idi, uzun illər “Qarabağ”ın formasını geymiş, millinin uğurları üçün tər tökmüş, indi də Rəşad Sadıqov amilinə görə “Zirə”nin formasını geyməyə razılıq vermiş Riçard Almeyda. Təcrübəli yarımmüdafiəçi “Qarabağ”lılarla bir-bir qucaqlaşıb görüşür, komandaların məşqlərini diqqətlə izləyirdi.
* Güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev də dostu Rəşad Sadıqovun çalışdırdığı “Zirə”nin oyununu canlı izləmək üçün qəsəbəyə yollanmışdı.
* Rəvan Həmzəzadə 35-ci dəqiqədə Rahilə sarı vərəqə vermək üçün əlini cibinə aparanda, “Qarabağ”ın müdafiəçisi hakimin əlindən tutub vərəqənin qarşısını almaq istəyirdi. Bu an Həmzəzadənin futbolçuya müraciətlə “əlini yığışdır, brat” deməsi kənarda qəribə göründü.
* 50-ci dəqiqədə ondan da maraqlı hadisə yaşandı. Rəvanın hansısa epizoda görə “Zirə”nin gənc üzvü Cəlal Hüseynova sərt tonda irad bildirməsi bu dəfə Rəşad Sadıqovun xoşuna gəlmədi. Baş məşçqçi üzünü referiyə tutub “niyə futbolçunun üstünə qışqırıb qorxudursan onu” deməsi öncə ətrafdakıların, ardınca baş hakimin, ən sonda da səbəbkarın gülüşünə səbəb oldu. Və çox keçmədən bu dəfə Ağabala Ramazanov az öncə baş məşqçisinin etdiyini təkrarladı: “Rəvan, nə qışqırırsan?”

Reaksiyalar
Qurban Qurbanov: "Maraqlı oyun alındı. Xüsusilə də ikinci hissə daha gərgin keçdi. Azlıqda qalandan sonra da temp düşmədi. Bu gün hər iki komanda istəkli idi. Komandamdan razı qaldım. Bakıya iki gün əvvəl ağır oyundan qayıtdığımıza görə bəzi futbolçuların tez yorulacağından ehtiyatlanırdım. Buna baxmayaraq, fəal göründülər. Rəşada uğurlar arzulayıram. Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq. Başqa çıxış yolumuz yoxdu. Rotasiyalar etməklə futbolçularımızı həm çempionat, həm də avrokubok matçlarına kökləməli, tempi qorumalıyıq. Mahir Emreli “Vilyarreal”a qarşı oynaya bilər, amma start heyətində meydana çıxması inandırıcı görünmür. Bədavinin durumu da sual altındadı. Hələ komandaya qoşulmayıb. Fərdi qaydada məşq edir. Sabah ümumi durumuna baxacağıq. Maksimə gəlincə,yorğun idi. Ona görə bu gün əsas heyətdə oynatmadıq. Maksimin cümə axşamı oynaması Mahir və Bədaviylə müqayisədə real görünür... Rəşadla rəqib qismində qarşılaşmaq? Hər baş məşqçiyə oyundan əvvəl və sonra uğurlar arzulayıram. Amma matçdan əvvəl bu hisslər bir az fərqli olur. Əsasən öz komandanın qələbəsini arzulayırsan. Bu gün ilk dəfə özümüzü düşünmədən Rəşada səmimi qəlbdən uğurlar dilədim. Bizi tək Rəşad yox, bütün komandalar yaxından tanıyır. Matçın gedişində fərqli hücumlar qurduq. İkinci hissədə Ozobiçlə Zubiri meydana buraxmaqla fərqli taktika seçdik. Bəzən məşqçilərə, bəzən komandalara görə dəyişikliklər etməli oluruq”.
Rəşad Sadıqov: "İlk növbədə rəşadətli ordumuzun uğurları ilə bağlı xalqımızı təbrik edirəm. Hər gün bizə fəxr hissləri yaşadırlar. Allah onları qorusun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarşılaşmaya gəlincə, gözlədiyimizdən də gərgin oyun oldu. Açığı, "Qarabağ"ın yorğun olacağını düşünürdük. Amma meydanda sürətli rəqib gördük. Onları saxlamaq üçün bəzi taktiki gedişlər etdik, oyunumuzu əks-hücumlar üzərində qurduq. Əslində bir-iki epizodda qol da vura bilərdik. Son vuruşlarda daha dəqiq olsaydıq, hesabı aça bilərdik. Amma ikinci hissədə üstünlük rəqibin tərəfində idi. Oyunun axarını nəzərə alsaq, heç-heçə bizim üçün yaxşı nəticədi. Hər bir məşqçi üçün rəqib komandanı yaxşı tanımaq üstünlükdü. Amma bu həftə bir az çətinlik yaşadaım. Çünki rəqibin hansı heyətlə oynayacağını bilmirdim. Avrokubok matçından sonra Qurban müəllim həmişə rotasiyalar edir. Açığı, budəfəki heyəti “tuta” bilmirdim. Düşünürdüm ki, nisbətən gənc heyətlə oynayarlar. Məsələn, Xayme Romero ilə Patrik Andradeyə istirahət veriləcəyini təxmin edirdim. Çünki qarşıda “Vilyarreal”la oyunları var. Amma Ozobiçlə Zubirin 60-cı dəqiqədən sonra oyuna qoşulacaqlarını təxmin etmişdim. Bu gün gücümüz çatdığı qədər mübarizə apardıq Texniki zonadakı çılğınlığım? Futbol oynayan vaxtlarda da emosional olmuşam. Düşünmürəm ki, bu, futbolçulara pis təsir edir. Bu gün buna ehtiyac var. Gələcəkdə bu qədər danışacağımı düşünmürəm. Belə rəqiblə matçlarda oyunçularda psixoloji təzyiq olur. Danışmaqla onları tonusda saxlamağa çalışıram. Çempionatımızdakı 5 aylıq fasiləyə baxmayaraq, oyunlar gərgin keçir. İddialı komandaların sayı çoxdu. Bu dəqiqə bütün komandalar iddialıdı. Yaxınlarımla danışanda belə, deyirəm ki, son illərin ən çətin çempionatı olacaq. İki komanda çempionluğa oynayır. Başqaları isə avrokuboklar üçün mübarizə aparır. "Qarabağ"la oyunun start fitinədək qəribə hisslər yaşayırdım. Amma hakimin start fitindən sonra ancaq öz komandamın qələbəsi barədə fikirləşirdim. Çempionatımızda hər bir komandaya simpatiyam var və hamısı mənim üçün eynidi. Amma indi yalnız öz uğurlarımız üçün çalışırıq. Bugünkü penalti epizodları ilə bağlı şərh vermək çətindi. İlk turda "Qəbələ"ylə matçda açıq-aşkar penalti olduğunu görmüşdüm. Onu əminliklə demişdim. Amma bu dəfə vəziyyət fərqliydi. İndi burda hansısa qərarı müzakirə etmək ədalətli olmaz. Çünki epizodlardan çox uzaq idim".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR