Sizin reklam burada

“Sumqayıt” haqq etdiyini son dəqiqədə qazandı

Baxış Sayı:236


27. Sabah (Bakı) – Sumqayıt 1:2 (0:1)
1. Saşa Stamenkoviç (k) – 5,0
14. Slavik Alxasov – 4,5
5. Nikola Vuyadinoviç – 4,5
13. Filip İvanoviç - 4,0
2. Amin Seydiyev – 4,5
30. Mario Marina – 4,0
(23. Amadu Diallo, 46) – 4,5
10. Yevgeni Koçuk – 4,0
(46. Aleksey İsayev, 80) – qiymətsiz
11. Ozan Can Kökcü – 4,0
(7. Coşqun Diniyev, 46) – 4,0
77. Veysəl Rzayev – 4,5
90 Ramil Şeydayev – 4,0
18. Xulio Sezar Rodriges – 4,0
Ehtiyat oyunçular
12. Alvaro Vilyet
94. Nicat Mehbalıyev
8. Elşən Abdullayev
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
3. Ulise Diallo
60. Abbas Ağazadə
29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Saşa Stamenkoviç

13. Aydın Bayramov – 6,0
7. Tellur Mütəllimov – 5,5
5. Camaləddin Xocaniyazov – 6,0
3. Vurğun Hüseynov (k) – 6,0
14. Elvin Bədəlov – 6,0
21. Adəm Həmati – 5,5
33. Eltun Turabov – 5,0
(8. Səbuhi Abdullazadə, 75) – 6,0
17. Murad Xaçayev – 6,0
97. Xəyal Nəcəfov – 6,5
(22. Cavid İmamverdiyev, 61) – 4,5
10. Rəhim Sadıxov – 6,0
9. Əli Qurbani - 6,0
(4. Kərəm Sultanov, 90) – qiymətsiz
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
71. Hüseynəli Quliyev
60. Elvin Məmmədov
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
20. Rüfət Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Xəyal Nəcəfov
Qollar: Ə.Qurbani, 28 (0:1). C.İmamverdiyev, 65-öz qapısına (1:1). S.Abdullazadə, 90+5 (1:2, M.Xaçayev).
Vərəqələr: E.Bədəlov, 19 (qeyri-idman hərəkəti). M.Marina, 43 (qeyri-idman hərəkəti). F.İvanoviç, 52 (qeyri-idman hərəkəti). R.Şeydayev, 60 (qeyri-idman hərəkəti). X.Nəcəfov, 60 (qeyri-idman hərəkəti). V.Rzayev, 62 (qeyri-idman hərəkəti).V.Hüseynov, 63 (qeyri-idman hərəkəti). N.Vuyadinoviç, 76 (qeyri-idman hərəkəti). T.Mütəllimov, 85 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümyəndəsi: Məmmədəli Məmmədov (Bakı).
25 oktyabr. Masazır. Bank Respublika Arena. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Ardıcıl 4-cü, ümumilikdə isə 5-ci məğlubiyyət… Mövsümün startı ərəfəsində, demək olar ki, hamının çempionatın sonunda mükafatçılar sırasında gördüyü “Sabah” turdan-tura quyunun dibinə yuvarlanır. Mövsümlərarası fasilədə “sükan arxasına” dəvət olunan Visente Qomesin rəhbərliyi altında “Sabah”ın sabahı dumanlı görünür. Hətta turnir cədvəlinin son pilləsində qərarlaşan “Qəbələ” belə “tələbələr”dən daha baxımlı oyun sərgiləyir. Əlinin altında yetərincə güclü oyunçular olmasına baxmayaraq, ispan məşqçi “Sabah”ı komanda kimi formalaşdırmağı bacarmayıb. Kollektiv fərdi ustalıq səviyyəsi yüksək olan futbolçular sayəsində meydanda nəsə etməyə çalışır ki, bu da istəniləni vermir, “tələbələr” sanki hər oyuna “başsız atlı” kimi çıxır, komandada məşqçi işi gözə dəymir. “Sumqayıt”la oyun bir daha bunu sübut etdi. Ayxan Abbasov Qomesi taktiki savaşda yendi, vətənində və Ukraynada çalışmış mütəxəssisə azərbaycanlı məşqçilərin də taktiki cəhətdən savadlı olduğunu göstərdi. İspan məşqçi matçboyu sumqayıtlıların sürətli hücumlarını seyr edirdi, rəqibin rəhbərlik etdiyi komandanın müdafiə xəttini asanlıqla yarmasına baxırdı. Müdafiəsi bərbad olan meydan sahiblərinin hücum xətti də yarıtmaz oyunla yadda qaldı. Cavid İmamverdiyev öz qapısının torunu silkələməsəydi, çox güman, meydan sahibləri bir qola da həsrət qalacaqdılar. Əli Qurbaninin 28-ci dəqiqədə vurduğu qola İmamverdiyev 65-ci dəqiqədə avtoqolla “cavab verməklə” tablodakı hesabı 1:1 etdi. Matçın son saniyələrində isə qonaqlar, nəhayət, çoxsaylı qol vəziyyətlərindən birini dəyərləndirərək layiq olduqları 3 xalı əldə etdilər. Səbuhi Abdullazadə həmin ana qədər sinəsini sipər edib, Qurbani, Rəhim və İmamverdiyevlə duellərdən qalib ayrılan Saşanı məyus etməyi bacardı.
RƏŞAD

Reaksiyalar
Ayxan Abbasov: “Ölkəmiz müharibə şəraitindədi, bütün diqqətimiz ordadı. İnşallah, yaxın günlərdə qələbə xəbərini eşidəcəyimizə ümid edirik. Çempionatın get-gedə gərginləşdiyini bilirik. Bir az çətinliklər olur, üzərimizdə təzyiq var. Futbolçulara təşəkkür edirəm. Çempionat görüşlərinin fərqli saatda keçirilməsi, havanın isti olması səbəbindən oyunların tempi aşağı düşür. Bunu dünənki matçlardan da gördük. Vacib qələbə idi. Ağıllı taktika seçmişdik, 1:0-dan sonra oyunun taleyini həll edə bilərdik. Əsas odu ki, sonda gənc futbolçumuz qol vurdu və bu bizi sevindirir. Hər kəz bizdən çox şey gözləyir, sona qədər bacardığımızı edəcəyik. Futbolçularıma da demişəm ki, müdafiəçini hücumda da oynada bilərəm, hazır olsunlar. Komandamdan razı qaldım. Xəyalın əvəzlənməsinə gəlincə, ya Əlini, ya da onu əvəzləməliydim. Dəyişikliyə ehtiyac var idi. Qələbə qazanmışıqsa, deməli, düz etmişik. Matçdan sonra paltardəyişmə otağında futbolçulara da dedim. Biz bu oyunu uduza da bilərdik. Rəqib bütün komandayla üzərimizə gəlirdi. Xal itirsəydik, qol epizodlarına görə təəssüflənərdik. Futbolçular da bundan dərs götürməlidi. İşimiz çoxdu, qələbələr və turnir cədvəli bizi aldatmamalıdı. Bizi qarşıda çətin oyunlar gözləyir. 4 dövrəni bu tempdə oynamaq çətin olacaq. Bu həqiqətdi. Hər komandanın enişi və yüksəlişi olacaq. Milliyə də çox futbolçumuz gedir ki, bu da məni narahat edir. O mənada ki, yığmanın düşərgəsindən geri dönəndən sonra bərpa olunmaları üçün vaxt az olur. Bu dəfə 5 gün vaxtları oldu, növbəti dəfə 3 gündən sonra çempionat oyununa çıxmalıdılar. Qışa qədər bizi gərgin qarşılaşmalar gözləyir. Futbolçularım da buna öyrəşməlidi. Özlərinə də bununla bağlı xəbərdarlıq etmişəm. Bu tempi saxlamaq bizə çətin olacaq, lakin bu o demək deyil ki, təslim olacağıq. Bu gün Murad Xaçayevin oyunu göz qabağındadı. O U-21-ə çağırılmırsa, ya biz futbolu bilmirik, ya da millidəkilər daha çox bilir. Xəyalın oyununda inkişaf var. Niyə? Çünki əvvəlcə Xəyal özü dəyişdi. O, dərk edir ki, artıq yaş gedir. Onunla fərdi söhbətdə “yaş artır, ancaq sən yerində sayırsan” dedim. Daha sonra intizamlı oldu. İndiki halı göz qabağındadı. Əvvəl onu millidən də silmişdilər, ancaq indi bu haqda düşünürlər. Xəyal işinin ciddiyyətini başa düşüb, dəyişdi”.
Visente Qomes: “İlk hissədə dominant tərəf biz idik. Rəqibin əks-hücumlarına imkan vermirdik. Hücumları bitirməkdə dəqiqlik çatışmırdı. İkinci hissədə də üstün tərəf idik, istədiyimiz qolu da vurduq. Daha sonra istədiyimizi edə bilmədik və rəqib əks-hücumda fərqləndi, qələbə qazandı.1:0-dan sonra bizə qol lazım idi. Komandamın son dəqiqələrdəki oyunundan razıyam. Bəlkə də mənim də səhvim var idi. Lakin oyunun qırılma nöqtələri çox idi. Məğlubiyyətlərdə bir səbəb axtarmaq lazım deyil. Komanda daxilində problem yoxdu. Əlbəttə, 4 oyun məğlub olandan sonra dinamika da dəyişir. Məsələn, "Sumqayıt"ın yaxşı dinamikası var və qollar vura bilir. Bu dinamika bizdə olsaydı, bəlkə də qol vurub, qələbə qazana bilərdik. Bu vəziyyətdən tək çıxış yolu daha çox işləməkdi. Rəhbərlik mənə, sadəcə, dəstək olur. Mən gələndə də hədəfimizin nə olduğunu demişdim.Hazırda düşdüyümüz durum yaxşı deyil. Ötən konfransda da demişdim ki, İspaniyada bəlkə də buna fərqli baxardılar. Hər klubun rəhbərliyinin fərqli yanaşması var. Məşqçini nə vaxt göndərmək lazım olduğunu mən də bilmirəm. Bura gələndə əsas onu danışmışdım ki, öz oyun sistemimizi yaratmalıyıq. Bəzən nəyisə dəyişmək çox vaxt alır. Bunu bəhanə olaraq demək istəmirəm. Baş məşqçi nə vaxt getməlidi? Mən başladığım layihələri tərk etməməyi üstün tuturam. Klub və futbolçular məni istəməsə, razılığa gəlmək olar. Ancaq indi belə bir şey yoxdu. Ramilin hazırda çıxış etdiyi mövqedə oyunu məni qane edir. Amma müəyyən şeylər var ki, artırmaq lazımdı. Biz istəyirik ki, cinahlarda çıxış edən oyunçularımız da hücum zamanı mərkəzə girsinlər. Hələ qazanılacaq çox xal var. Əsas məqsədimiz istədiyimiz oyun tərzini aşılamaqdı. Qarşımızda vaxt var, istədiyimizi edib, yaxşı oyun göstərib, hədəflərimizə çatmaq üçün mübarizə aparacağıq. Məsələn, "Neftçi" əvvəl uğursuz idi, ancaq dünənki oyundan sonra liderliyə yüksəlmişdi. Hər zaman olduğu kimi, onu demək istəyirəm ki, hakim də artırmalıdı”.

Gözdən qaçmadı
* Komandalar meydana “Qarabağa həyat qayıdır” pankartı ilə çıxdılar.
* 12-ci dəqiqədə hakimlikdən narazı qalan Ayxan Abbasov üzünü Məsiyevə tutaraq “Elçin, yenə şou başladı, niyə sarı vərəqə göstərmirsən” deyib, baş hakimin “Sabah”ın futbolçusunun kobud oyununa göz yummasına narazılığını bildirdi.
* 16-cı dəqiqədə 4-cü hakim Rauf Allahverdiyev qulaqcıqla Məsiyevə “Ayxana sarı vərəqə göstər” deyincə, “Sumqayıt”ın baş məşqçisi bunu eşitdi və əsəbi formada “nə sarı vərəqə? Gücünüz ancaq Ayxana çatır” söyləyib, meydanın kənarındakı ədalət təmsilçisinə etirazını bildirdi.
* Oyundan sonra “Sabah”ın qolkiperi Saşa Stamenkoviç “Sumqayıt”ın paltardəyişmə otağına daxil olaraq qonaqları qələbə münasibəti ilə təbrik etdi.

Yeri gəlmişkən...
“Sumqayıt” ölkə çempionatında 25-ci səfər qələbəsini qazandı. Sumqayıtın eyniadlı təmsilçisi rəqib meydanlarında 139-cu matçında 25-ci qələbəyə sevindi. Komandanın hesabında 38 heç-heçə və 76 məğlubiyyət də var. “Sumqayıt” ölkə çempionatları tarixində səfərdə 25 və ya daha çox qələbəsi olan 17-ci komandadı. Xatırladaq ki, “Sumqayıt” 2011/12 mövsümündən premyer-liqada mübarizə aparır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR