Sizin reklam burada

Erkən qol “Qəbələ”yə qələbə gətirmədi

Baxış Sayı:238


25. Qəbələ – Səbail 1:1 (1:1)
1. Anar Nəzirov (k) – 5,0
2. Vinko Medimoreç – 4,5
13. Yurgen Qoxa – 5,5
(74. Yusif Nəbiyev, 78) – 4,5
20. Faiq Hacıyev – 5,0
32. Nikolas Raysel – 5,0
77. Merab Qiqauri – 5,0
28. Murad Musayev – 5,0
55. İdris İnqilablı – 5,0
10. Rövlan Muradov – 5,0
99. Ceyms Adeniyi – 5,5
(70. Ülvi İsgəndərov, 82) – 4,5
23. Rafael Utriq – 4,5
(14. Cavid Hüseynov, 65) – 5,0
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
11. Asif Məmmədov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
9. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
22. Rodriqo Qattas
26. Stefan Vukçeviç
71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ceyms Adeniyi

96. Nikolas Hagen – 5,0
3. Turan Manafov – 4,5
34. Urfan Abbasov – 5,5
(28. Məqsəd İsayev, 81) – qiymətsiz
16. Peyman Keşavarzi – 5,0
17. Elçin Rəhimli - 5,0
14. Rahid Əmirquliyev (k) – 5,0
5. Vüqar Bəybalayev – 5,0
9. Florian Kadriu – 4,5
(20. Ruslan Hacıyev, 89) – qiymətsiz
27. Hendrik Ekşteyn – 5,5
11. Rauf Əliyev – 5,0
(29. Amil Yunanov, 76) – 4,5
99. Bahadur Həziyev – 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
26. Kamal Qurbanov
7. Mirsahib Abbasov
19. Elgün Nəbiyev
22. Əfran İsmayılov
2. Arsen Ağcabəyov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Hendrik Ekşteyn
Qollar: Y.Qoxa, 4 (1:0, C.Adeniyi). H.Ekşteyn, 26 (1:1, B.Həziyev).
Vərəqələr: P.Keşavarzi, 70 (qeyri-idman hərəkəti). M.Qiqauri, 85 (qeyri-idman hərəkəti). E.Rəhimli, 86 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
24 oktyabr. Qəbələ. Şəhər stadionu. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Turnir cədvəlinin “zirzəmi”sində qonşu olan “Qəbələ” ilə “Səbail”in qarşılaşması turun maraqla gözlənilən oyunlarından idi. Meydan sahibləri ilk 6 oyunda qələbəyə həsrət qalmış, ilk dövrəni qələbəsiz qapatmaq təhlükəsi ilə üzləşmişdi. Bundan qaçmaq baxımından “Səbail” münasib rəqib sayılırdı. Elə bu səbəbdən də hakimin start fitiylə meydan sahibləri irəli atıldı. Məqsəd erkən qol vurub, daha sonra oyuna nəzarəti əldə saxlamaq idi. Çox keçmədi ki, Elmar Baxşıyevin bu istəyi reallaşdı. 4-cü dəqiqədə Qoxa qapının sağ küncünü dəqiq nişan aldı. Məğlub duruma düşən “Səbail” bir qədər fəallaşsa da, Nəzirovun qoruduğu qapıya təhlükəli zərbə vurmaq uzun müddət mümkün olmadı. Yalnız 16-cı dəqiqədə qonaqlar cavab qolu vurmağa yaxın oldu. Ekşteynin cərimə zərbəsindən havalandırdığı topa Rauf başla dəqiq zərbə vura bilsəydi, hesab bərabərləşəcəkdi. Amma ucaboy futbolçu bir qədər ləng tərpəndi və rəqibini zədələdi. Yerdə qalan Qoxa yalnız həkimlərin müdaxiləsindən sonra oyuna davam edə bildi. 24-cü dəqiqədə Adeniyi fərqi artırmaq üçün əla fürsət yaxaladı. Fərdi ustalığı sayəsində müdafiəçiləri çaş-baş salan nigeriyalı Hagenlə üzbəüz qalsa da, “Səbail”in qapıçısı yerində idi. Bunun ardınca, konkret 26-cı dəqiqədə isə hesab bərabərləşdi. Bu dəfə Həziyev Ekşteynə məhsuldar ötürmə verdi.
Hesab bərabərləşəndən sonra da “Səbail” həmlələrini davam etdirir, bununla da qolun şokunu yaşayan rəqibi yenidən məyus etməyə çalışırdı. 41-ci dəqiqədə Ekşteyn dublunu rəsmiləşdirə bilərdi. Onun zərbəsində sonra qapıçı topu dəf etməyi bacardı. İnqilab Məmmədovun hissəyə əlavə etdiyi iki dəqiqə ərzində tərəflər hərəyə bir dəfə hücum qurmaq şansı qazansalar da, hesab dəyişmədi.
Nə Aftandil Hacıyev, nə də Elmar Baxşıyev fasilədə əvəzetməyə ehtiyac duydu. Bu da ondan xəbər verirdi ki, çalışdırıcılar oyunun gedişindən razıdılar və müdaxilə üçün tələsməyi lazım bilməyiblər. Elə meydanda başverənlər də ilk yarıda izlədiklərimizin davamı idi. “Səbail”in zəif hücum cəhdlərini “Qəbələ” mərkəz dairəsi yaxınlığında qarşılayır, amma sürətli əks-hücumlar qurub, hadisələrin axarını dəyişmək üçün nəsə çatmırdı. Bu arada onu qeyd edək ki, “qırmızı-qaralar”ın heyətində Muradovla Adeniyi başqalarından seçilirdi. “Səbail”də isə Ekşteynlə Keşavarzi komanda yoldaşlarından daha fəal idi. Həziyevi də bu siyahıya əlavə etmək olar. 21 yaşlı hücumçu sürətiylə seçilsə də, təkbətək mübarizələr zamanı çətinlik çəkirdi. Məhz onun sürəti sayəsində 52-ci dəqiqədə “Səbail” qola yaxın oldu. Amma Bahadurun ötürmə verdiyi Ekşteynin qüvvətli zərbəsi qapıdan yan keçdi. Bir dəqiqə sonra “Qəbələ”nin cavab həmləsi gəldi. Bir qədər ləng davranan Utriq həm oyundankənar vəziyyətə düşdü, həm də Hagenlə mübarizədən məğlub ayrıldı. 58-ci dəqiqədə Rauf qapını uzaqdan nişan alsa da, Nəzirov yerində idi. 4 dəqiqə sonra Rövlan sürətlə irəliləyib, “Səbail”in cərimə meydançasına daxil olmağa çalışdı. Onu qarşılayan Bəybalayev rəqibinə toxunmasa da, Rövlan özünü yerə atıb, penaltiyə ümid etdi. Lakin İnqilab Məmmədov vəziyyəti düzgün qiymətləndirib, fitini səsləndirmədi. 60-cı dəqiqədən etibarən “Qəbələ” meydanda yorğun görünürdü. Sanki “qırmızı-qaralar”ın əksər üzvlərinin oyunu davam etdirməyə gücü qalmamışdı. Bunu hiss edən Elmar Baxşıyev təcrübəli Cavid Hüseynovu “döyüşə atdı”. Çalışdırıcı Cavidin təcrübəsinə və liderlik keyfiyyətlərinə bel bağlayıb, onun komanda yoldaşlarını “yuxudan oyadacağına” inanırdı. 68-ci dəqiqədə Raysel topu itirməklə “Qəbələ”nin nadir hücumlarından birini yarımçıq qoydu. Bundan bir dəqiqə sonra Həziyev sürətini işə salıb, oyunu üzərinə götürdü. Sürətlə cərimə meydançasına daxil olan gənc hücumçu burda tək və köməksiz qalınca topu itirdi. Çox keçmədən İnqilab Məmmədov oyun ərzində ilk dəfə əlini cibinə saldı. Rayseli kobudluqla dayandıran Keşavarzi sarı vərəqəylə cəzalandırıldı. 76-cı dəqiqədə Rauf Əliyevin əvəzinə Amil Yunanovu meydana buraxan Aftandil Hacıyev komandasının hücum xəttinə “yeni nəfəs” gətirməyi hədəfləyirdi. Elmar Baxşıyev isə Qoxanı Yusif Nəbiyevlə əvəzlədi. Bu dəqiqələrdə “Qəbələ” daha bir qol imkanını boşa verdi. Rövlan sağ cinahdan qapı qarşısına yaxşı ötürmə etsə də, Adeniyi topa çatmadı. Nigeriyalının yorğunluğu üzündən oxunurdu. Bunu Baxşıyev də hiss etdi və əvəzetmə özünü çox gözlətmədi. Ardıcıl həyata keçirilən əvəzetmələr oyunu canlandırmadı. Əksinə, dəqiqələr irəlilədikcə mübarizə daha sönük xarakter aldı. Bununla belə, hakimin hissəyə əlavə etdiyi 4-cü dəqiqədə Ülvi İsgəndərov “Qəbələ”ni sevindirə bilərdi. Onun yaxın məsafədən vurduğu zərbənin qola çevrilməsinə Hagen imkan vermədi. Hakimin final fiti “Qəbələ”nin ilk dövrədə 5-ci “sülh”ünü və qələbəsiz qalmasını rəsmiləşdirdi.
AMAL

Gözdən qaçmadı
* Tuneldən çıxan rəqib komandalar xeyli mehriban görünürdülər. Əfran İsmayılovun Asif Məmmədovla uzun müddət nəyisə müzakirə etməsi diqqətimizdən yayınmadı.
* Oyundan əvvəl Qəbələ şəhər stadionunda mərkəz dairəsinin yaxınlığında böyük bir pankart qazonun üzərinə sərilmişdi. Futbolçular meydana çıxdıqdan sonra həmin pankartı yerdən qaldırdı. Onun üzərinə üçrəngli bayrağımızın rəngində “Kənd-kənd, şəhər-şəhər evimizə dönürük! Qələbəyə doğru!” yazılmışdı və Azərbaycanın xəritəsi əks olunmuşdu. Futbolçular bu şüar yazılan pankartı qaldırdıqdan sonra stadionda dövlət himni səsləndirildi. Məşqçilərin və yerli futbolçuların birağızdan himni oxuması ürəkaçan görüntü idi.
* Qoxanın vurduğu erkən qol “Qəbələ”nin düşərgəsində böyük sevinclə qarşılandı. Albaniyalı futbolçu özü isə qolu xüsusi jestlə qeyd etdi. Toru silkələyəndən sonra topu götürən Qoxa onu formasının altına salaraq qarnını “şişirdi”. Görünür, Qoxa vurduğu qolu dünyaya uşaq gətirməyə hazırlaşan xanımına, yaxud da sevgilisinə ərməğan etdi.
* 78-ci dəqiqədə Elmar Baxşıyev hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldı.

Reaksiyalar
Aftandil Hacıyev: “İlk növbədə onu qeyd etməliyəm ki, bütün dualarımız əsgərlərimizlədi. Ordumuz, ölkəmiz cəbhə xəttində tarix yazır. İnanırıq ki, tezlikllə cəbhədən qələbə xəbərləri eşidəcəyik. Bunu deməyi hər dəfə özümə borc bilirəm. Oyuna gəlincə, bilirdik ki, bizi çətin mübarizə gözləyir. Hər iki komanda uduzmamaq üçün əlindən gələni etdi. “Qəbələ” indiyə qədər qalib gəlməsə də, rəqibi məğlub etmək asan deyil. Bu gün komandam istədiyim oyunu sərgilədi. Daha yaxşı nəticə üçün ustalıq səviyyəmiz çatmır. Artıq üç oyundu uduzmuruq. Səhvlərimiz var, onları aradan qaldırmaq üçün çalışırıq. Səfərdə qazandığımız 1 xal yaxşı nəticədi. Daha çox qol vura bilərdik. Növbəti oyunda “Zirə” ilə qarşılaşırıq. Daha yaxşı oynamağa və 3 xal qazanmağa çalışacağıq”.
Elmar Baxşıyev: “Ordumuzdan danışmaq istəyirəm. Bizi hər gün sevindirir, bundan sonra da sevindirəcək. Komanda olaraq onların yanındayıq. Şəhidlərimizə Allah rəhmət eləsin. Fərqli hissələr izlədik. Ümumilikdə komandanın oyunundan məmnunam. Sadəcə, bir az epizodları dəyərləndirməkdə çətinlik çəkirik. İnanıram ki, gələcəkdə bunları aradan qaldırıb qələbələrimizi də qazanacağıq. Futbolçularda psixoloji gərginlik olsaydı, meydanda fərqli mənzərə olardı. Hər oyunda 4-5 qol imkanımız olur. Bunu yaradırıqsa, deməli, hər şey qaydasındadı. Sadəcə, son nöqtəni qoymaq üçün soyuqqanlılıq çatmır”.

Yeri gəlmişkən...
“Qəbələ” ilk dövrədə hamıdan çox – 5 heç-heçə edib. İlk 7 turda bu qədər bərabərliyin qeydə alınması ölkə çempionatları tarixinin rekordunun təkrarıdı. Bunadək 4 komanda startda belə “sülhsevərlik” nümayiş etdirib. 1993/94 mövsümündə "Neftçi" ilk 7 oyunun beşində 1 xal əldə edib. 2006/07 mövsümündə eyni göstəriciyə “Qarabağ” imza atıb. Dörd il sonra “Kəpəz”in də startda 5 heç-heçəsi olub. 8 il öncə - 2012/13 mövsümündə “Bakı” da ilk 7 matçda 5 dəfə heç-heçə edib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR