Sizin reklam burada

Vətən həyəcanı peşə marağını üstələyəndə…

Baxış Sayı:119

Düz bir aydı ölkəmizdə həyatın nizamı dəyişib: hər günü cəbhədən xoş xəbər eşitmək ümidi ilə açır, eyni ümidlə də gözümüzü yumuruq. Təbii, yuma biliriksə… Əminəm ki, vətənin taleyinə biganə qalmayan hər kəs, “Futbol+”in istənilən oxucusu eyni hissləri yaşayır. Özümüzün, gələcək nəsillərin, ölkəmizin taleyi baxımından taleyüklü-həssas dönəmdən keçirik. Prezident İlham Əliyevin də son müsahibələrdə dəfələrlə vurğuladığı kimi, 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu faktiki ötən 28 ildə işğal faktının qanuniləşdirilməsi, Azərbaycanın əzəli torpaqlarına ikinci erməni dövlətinin yaranmasına xeyir-dua vermək ilə məşğul olub. Bu gün millətimiz yumruq kimi birləşib, “olum və ya ölüm” sualının başının üzərindən Damokl qılıncı kimi asıldığının fərqindəndi. Təsadüfi deyil ki, hər “humanitar atəşkəs” xəbəri qəlbimizə xəncər kimi sancılır, azadlıq müharibəsinin sona qədər davam etməsi həsrəti ilə alışıb-yanırıq.
Peşəmiz idmandan, futboldan yazmaq olsa da, etiraf etməyə məcburuq ki, bu gün işə köklənmək həddən artıq çətindi. Adam yazır, oxuyur, yazmağa çalışır, bununla belə, beynindəki suallardan, qəlbindəki narahat duyğulardan heç cür qurtula bilmir. Şəxsən mən uzunmüddətli jurnalist karyeramda ilk dəfə belə dilemma, “peşə, yoxsa vətəndaşlıq borcu” sualı ilə üzləşirəm. Vətən, onun azadlığı, bütövlüyü ilə bağlı hiss-həyəcanı buxovlamaq, kəndirə salmaq, bütün həyat epizodlarında soyuqqanlı olmaq çox çətin imiş! Bir tərəfdən hər səhər şəhid xəbərləri ilə açılır, dünənə qədər şəxsən tanıdığın adamların üçrəngli bayrağın ağuşunda, tabutda başlar üzərinə qaldırıldığını görür, qəlbinin dərinliklərində göz yaşı axıdır, ətrafındakıların bunu görməməsinə çalışır, o biri tərəfdən isə bütün çətinliklərə rəğmən, həyatın davam etdiyi ilə barışmalı, əlini qələmə aparmalı, bilgisayarın klaviaturasına uzatmalı olursan. Adamın bir gözü ağlayır, o biri gözünün ağlamadığını göstərməyə çalışır, adamda bir növ şəxsiyyətin ikiləşməsi baş verir.
Futbolçuların, onları oyuna hazırlayan məşqçilərin, ümumiyyətlə, futbol ictimaiyyətinin də eyni əhval-ruhiyyədə olduğunu, heç kimin əlinin işə yatmadığını bilirik. İndi biz başqalarının ölkəmizin, millətimizin taleyi üçün cızdığı planları, belə demək mümkünsə, qədərimizi dəyişməklə məşğuluq. 19-cu əsrin əvvəllərində, 20-ci əsrin sonlarında başımıza olmazın müsibətlər gətiriblər, böyük dövlətlər torpaqlarımızı hərraca çıxarıblar, öz torpaqlarımızla həmsərhəd olmuşuq. Amma bütün bunlar artıq bitib və ya bitməyə yaxındı. Heç vaxt olmayan dərəcədə birlik və bərabərlik içində bu dəfə Azərbaycana uzanan yad əlləri kəsəcək, bu ağır yükün sonrakı nəsillərin – oğul-qızlarımızın çiyinlərində qalmasına imkan verməyəcəyik. Vətən bu gün bütün dəyərlərdən yüksəkdədi, ucalardan ucadı. Hər birimiz başı bəlalar çəkən vətənimizə çalışdığımız sahədə faydalı olmalı, buna imkanımız çatmayanda da zərər vurmamalıyıq. İnşallah, bu sınaqdan üzüağ çıxacağıq. Zatən, başqa tale ilə barışmağa haqqımız yoxdu!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR