Sizin reklam burada

Zəif oyun, haqlı məğlubiyyət

Baxış Sayı:107


Avropa Liqası
Qrup mərhələsi, 1-ci tur
Makkabi (İsrail) – Qarabağ 1:0 (1:0)

19. Daniel Tenenbaum
4. Enrik Saborit
(44. Luis Hernandes, 84)
6. Dan Qleyzer
10. Etey Şexter
(39. Eduardo Gerrero, 46)
18. Eytan Tibi
21. Şeran Yeini (k)
23. Eyal Qolasa
(11. Tal Ben Haim, 77)
24. Yonatan Kohen
(22. Avi Rikan, 69)
27. Ofir Davidzada
(2. Ben Bitton, 46)
30. Maor Kandil
42. Dor Perets
Ehtiyat oyunçular
1. Perets Daniel
3. Matan Baltaxa
9. Nik Blakman
25. Amit Qlazer
29. Eylon Almoq
47. Eden Karzev
77. Ruslan Barski
Məşqçi: Serafim Angelinas

1. Şahruddin Məhəmmədəliyev
77. Vild-Donald Gerye
5. Maksim Medvedev (k)
81. Kevin Medina
30. Abbas Hüseynov
2. Qara Qarayev
(18. İsmayıl İbrahimli, 80)
8. Uroş Matiç
(7. Ovusu Kvabena, 60)
10. Abdulla Zubir
(27. Toral Bayramov, 86)
19. Filip Ozobiç
(44. Elvin Cəfərquliyev, 80)
6. Patrik Andrade
9. Xayme Romero
(22. Musa Qurbanlı, 86)
Ehtiyat oyunçular
12. Emil Balayev
4. Rahil Məmmədov
11. Mahir Emreli
55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Qol: Y.Kohen, 10.
Vərəqələr: F.Ozobiç, 27. E.Saborit, 28. V-D.Gerye, 30. Y.Kohen, 45+2. P.Andrade, 64. K.Medina, 64. E.Gerrero, 73. A.Rikan, 89 – sarı.
Hakimlər: CON BİTON, Fransis Konnor, Daniel Makfarlan, Euan Anderson (hamısı Şotlandiya).
Hakim-inspektor: Milan Karaciç (Serbiya).
UEFA nümayəndəsi: İvan Sitoviç (Rusiya).
22 oktyabr. Təl-Əviv. “Blumfild” stadionu. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
8 (3) qapıya (“çərçivə”yə) zərbə 7 (3)
4 künc zərbəsi 4
1 ofsayd 2
21 qayda pozuntusu 25
4 (0) sarı (qırmızı) vərəqə 4 (0)
44 topa sahibolma (faizlə) 56
İsrail təmsilçiləri ilə indiyəqədərki oyunlarda üstünlük qarşı tərəfə məxsus olsa da, beynəlxalq oyun təcrübəsi baxımından başıuca olan “Qarabağ”a inam sonsuz idi. Bir də ilk və son dəfə israilliləri avrokubok mübarizəsindən kənarlaşdıran da elə ağdamlılar olmuşdu. 1999-cu ilin yayında baş tutan Hayfa “Makkabi”si ilə oyunların nəticələrini xatırlayırsız. İşin pis tərəfi həmin tarixdən bu yana İsrailə səfər edən “Neftçi”, “Simurq” və “Xəzər Lənkəran”ın rəqib meydanındakı 5 oyunun heç birində qalib gəlməməsi idi: 4 məğlubiyyət, 1 heç-heçə. “İsrail kabusu”na çempionun son qoyacağına ümid edirdik...
Son bir ayda cəbhə bölgəsində yaşananlar, “Qarabağ”ın “Molde” ilə oyunun ardınca “Vilyarreal”la növbəti ev matçını da Azərbaycandan kənarda keçirəcəyi ilə bağlı qərar daxildəki ab-havaya təsir etməyə bilməzdi. Lakin heç bir maneəyə, çətinliyə baxmayaraq, “köhlən atlar”dan səfər qarşılaşmasında azı 1 xal gözləyirdik.
Qurban Qurbanovun start “11-liy”ini görəndə təəccüblənməmək mümkün deyildi. Oynamayacağı güman olunan Maksim Medvedev ilk dəqiqələrdən meydana ayaq basanlar arasındaydı. Əvəzində son vaxtlar Mahirin yoxluğunda hücumçu mövqeyində çıxış edən Ovusu Kvabena ilə Bədavi Hüseynov ehtiyatda qalmışdı. Qurbanov rəqib üçün sürpriz hazırlamışdı, yoxsa adı çəkilənlər oyuna hazır deyildi, bəlkə başqa səbəb vardı – kəsəsi, “11-lik”dəki dəyişikliklər diqqət çəkirdi.
Oyunun axarı, xüsusən də 60-cı dəqiqəyə qədər olan hissə Qurbanovun start heyəti ilə bağlı seçimində yanıldığını göstərdi. “Qarabağ”a gəldiyi gündən hələ də hansısa oyunda parlaq çıxışı ilə yadda qalmayan Matiç bu dəfə sanki rəqib komanda üçün oynayırdı. Çoxsaylı top itkilərinə yol verir, ləngliyi ilə komanda yoldaşlarının zəhmətini yerə vurur, ikili mübarizələrin böyük əksəriyyətindən məğlub ayrılırdı. Sanki 11 nəfər başqa havaya oynayırdı, bu adam başqa. Odu ki, Uroş meydanda olduğu zaman kəsiyində “Qarabağ” ciddi mənada heç nə ilə yadda qalmadı. Serbiyalını Ovusu əvəzləyəndən sonra oyun dəyişdi, nə dəyişdi.
Elə ikinci hissədə ələ düşən ən real qol şansı da “7 nömrə”nin adıyla bağlıydı. Xaymenin cərimə zərbəsindən qapı qarşısına havalandırdığı topa Ovusu ayağını qoyub topun qapıdan keçməməsinə səbəbkar olmasaydı, arxasında dayanan Gerye ilə Medinadan biri fərqlənə bilərdi. Lakin heç biri Kvabenaya xəbərdarlıq etmədi. Geryedən söz düşmüşkən, oyunun ən zəif bəndi məhz o idi. Hücumlara qoşulmaqda çətinlik çəkir, ötürmələri qeyri-dəqiq alınır, mövqeyində boşluqlara yol verirdi. Yazıq Kevin onu “sığortalamaqdan” bezmişdi. Elə “köhlən atlar”ın qapısına vurulan qol da Vild-Donaldın səhvinin nəticəsiydi. Nəzarətsiz buraxdığı Kohen boşluqdan istifadə edib topa qovuşdu, Medina özünü “hadisə yerinə” çatdıra bilmədi, nəticədə rəqib futbolçu hesabı açdı.
Rəqibin ən böyük üstünlüyü “Qarabağ”ı yetərincə incələməsi, bununla da üstün tərəflərini müəyyənləşdirib, ona qarşı tədbir görməsiydi. Ağdamlıların əsas “silah”ı kimdi? Zubir. Srağagün axşam “Blumfild”də bu adda futbolçu gözə dəymədi. Rəqib futbolçular Abdullaya topa sahib olmaq imkanı vermir, top “10 nömrə”də olan kimi sərt və kobud oyunla “gözünün odunu almağı” bacarırdılar. Qısası, Azərbaycan çempionunun sol cinahı iflic olmuşdu. Yaxşı ki, əks tərəfdə Abbasla Patrik “at oynada” bilirdi.
Meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatan oyun futbol meydanından çox, döyüş meydanını xatırladırdı. Hədsiz və yersiz kobudluqlar sıralandıqca, Biton hər dəfə ya fitini səsləndirir, ya da əlini cibinə aparırdı. Təkcə ilk yarımsaatda 3 sarı vərəqə və 16 qayda pozuntusunun nə demək olduğunu, yəqin ki, anlayırsız. Odu ki, hansısa komandanın üstün təsir bağışladığını demək olmaz. Statistik göstəricilər, demək olar, eynidi. Hətta topa sahibolmada və ötürmə sayında ağdamlıların üstünlüyü diqqəti çəkir. “Makkabi” elə “Qarabağ” səviyyəsində komandadı. Sadəcə, ələ düşən fürsətdən lazımınca yararlanmağı bacardılar.
Mübarizə yeni başlayıb, qarşıda daha 5 oyun var. Ruhdan düşməmək, oyunlara daha ciddi yanaşmaq lazımdı. Burasını deyirik, amma 20 futbolçu (onların 3-4-ü yaşı 21-dən aşağı olanlardı) ilə qrupdan çıxmaq çətin görünür. Yüksək hədəflər üçün heyət mütləq gücləndirilməliydi.
HƏMİD

Reaksiyalar
Qurban Qurbanov: “Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı. Heyətimizdə problemlər var idi, buna baxmayaraq, ən yaxşısını etməyə çalışdıq. Artıq bu görüşü unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq. Bizi qrup mərhələsində qarşıda daha 5 oyun gözləyir".
Serafim Angelinas: "Qarabağ"ın ciddi komanda olduğunu bilirdik. Kompakt, taktiki cəhətdən düzgün oynamalı və yaxaladığımız imkanlardan yararlanmalıydıq. Komandamız heç də ən yaxşı oyununu göstərmədi. Lakin nəticə önəmli idi. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Onlar meydanda yaxşı iş gördülər".
Dan Qleyzer: “Özümü əla hiss edirəm. Meydana qayıtmaqdan və qələbə qazanmaqdan məmnunam. Futbol üçün darıxmışdım. Sonuncu oyunumuzdan bu yana çox vaxt keçmişdi. Xəstəliklə mübarizə aparmaq asan deyil. Evdə bir neçə çətin gün keçirdik. Bir ay birlikdə məşq etmədik. Bu müddətdə evdə fərdi qaydada hazırlaşırdım. Fitnes məşqçimiz bizi çox tez toparladı. Meydana qələbə ilə qayıtmaq xoşdu. Əyləncəli oyun oldu. Matçın bizim üçün yaxşı keçməsinə və qələbəmizlə yekunlaşmasına sevindim. İndi sabitliyə ehtiyacımız var. Futbol üçün ac idik. Bütün gücümüzlə geri qayıtdığımızı “Qarabağ” önündə göstərdik”.
Yonatan Kohen: “Yenidən meydana döndüyümüz və qələbə qazandığımız üçün çox xoşbəxtəm. “Qarabağ” önünə ciddi problemlər fonunda çıxdıq. Koronavirus adi xəstəlik deyil. Evdə bəzi çətin günlər keçirdik, bir ay birlikdə məşq etmədik və yalnız iki gün əvvəl tam heyətlə hazırlığa başladıq. Oyuna hazırlığımız ideal deyildi, amma qələbə qazandığımıza görə şadam. Çünki bu qələbə İsrail futbolu üçün çox önəmlidi. Özümü gümrah hiss edirəm. Hər matça qalib gəlmək üçün çıxırıq. "Zaltsburq"la Çempionlar Liqasının pley-off oyunlarını evdən izləmək əsəbverici idi. Ancaq həmin matç geridə qaldı. İndi çempionatın bərpası qərarı, həmçinin Avropa arenasında olmağımız məni çox sevindirir”.

10-cu qələbəsiz start
Təl-Əvivdəki görüş Azərbaycan klublarının qrup mərhələsində yubiley – 10-cu startı oldu. Bunlardan biri Çempionlar Liqasında, qalan doqquzu Avropa Liqasında baş tutub. “Qarabağ” 7, “Qəbələ” 2, “Neftçi” 1 dəfə bunu bacarıb. Bu 10 startın heç birində bizimkilər qələbə qazana bilməyib. Maraqlıdır ki, hər üç komanda – “Neftçi”, “Qarabağ” və “Qəbələ” qrupda qolsuz heç-heçə ilə debüt edib. Sonradan ağdamlılar daha bir dəfə qrupa 1 xalla başlasa da, qalan 6 matçda uduzmuşuq. Son 4 ildə isə “Qarabağ” ilk oyununda qol vurmadan uduzub.
Çempionlar Liqası
12 sentyabr 2017. Çelsi (İngiltərə) – Qarabağ 6:0
Avropa Liqası
20 sentyabr 2012. Partizan (Serbiya) – Neftçi 0:0
18 sentyabr 2014. Qarabağ – Sent-Etyen (Fransa) 0:0
17 sentyabr 2015. Qəbələ - PAOK (Yunanıstan) 0:0
17 sentyabr 2015. Tottenhem (İngiltərə) – Qarabağ 3:1
15 sentyabr 2016. Qarabağ – Slovan (Çexiya) 2:2
15 sentyabr 2016. Anderlext (Belçika) – Qəbələ 3:1
20 sentyabr 2018. Sportinq (Portuqaliya) – Qarabağ 2:0
19 sentyabr 2019. Qarabağ – Sevilya (İspaniya) 0:3
Maksimin 100-cü avrokubok oyunu
“Makkabi” ilə oyun “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev üçün əlamətdar oldu. O, avrokuboklarda 100-cü oyununu keçirdi. 31 yaşlı kapitan indiyə qədər yalnız bir komandanın – “Qarabağ”ın şərəfini qoruyub.
Maksim Çempionlar Liqasında 35, Avropa Liqasında 65 dəfə meydana çıxıb, 100 oyunda 2 qol sevinci yaşayıb, 22 sarı vərəqə ilə cəzalanıb.
Müdafiəçinin avrokuboklarda debütü 11 il öncə reallaşıb. O, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Rusenborq”la səfər oyununda (16.07.2009, 0:0) şans qazanıb. Qeyd edək ki, Medvedev Azərbaycan futbolu tarixində 100 və daha çox avrokubok matçı keçirən ikinci oyunçudu. Ona qədər yalnız Rəşad Sadıqov (“Neftçi”, “Qarabağ” və “Kayserispor”) buna nail olub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR