Sizin reklam burada

Yerinə düşməyən məğlubiyyət

Baxış Sayı:114

Sentyabrın 27-dən bəri cəbhədə başverənlər, rəşadətli ordumuzun düşməni qova-qova doğma toraqlarımızdan çıxarması Azərbaycanda böyük sevinc hissiylə qarşılanır. İnsanların vətənpərvərlik duyğuları coşur, ruhumuz qaynayır. İllərdi qələbə xəbərlərinin həsrətindəydik. Ona görə də son günlər yaşadıqlarımız xalqımız üçün tarixin şərəfli səhifələridi. Bu ruh yüksəkliyi həyatın hər bir sahəsində hiss olunur. Futbol da bu mənada istisna deyil. “Qarabağ”ın 3 həftə əvvəl Polşadakı möhtəşəm oyunu, qazandığı möhtəşəm zəfər də bu ruh yüksəkliyinin bir parçası idi. Qurban Qurbanov və yetirmələri həmin axşam əsl döyüşçü kimi meydanda can qoydular, Azərbaycanın adını və idman şərəfini layiqincə qorudular. Onsuz da Ağdam klubu son illər üzərinə düşən işlərin öhdəsindən layiqincə gəlir. “Qarabağ” adını daşıdığı bölgənin erməni işğalı altında olduğunu bütün dünyaya car çəkir, eyni zamanda düşmənlərimiz üçün gözdağına çevrilib. Bu möhtəşəm missiya yenə də davam edir. Elə Varşavadakı oyunda “Qarabağ”a güc verən, “Legiya”nın qarşısına 11 futbolçu yox, döyüşkən cəngavər çıxaran da həmin müqəddəs missiya idi.
Amma futbolda bir məlum həqiqət də var ki, onu qəbul etməliyik. Təkcə döyüşkənlik, ruh yüksəkliyi, əzmkarlıq ilə davamlı nəticə qazanmaq mümkün deyil. Bəli, “Qarabağ” vacib oyunlarda toparlanmağı, dişiylə-dırnağıyla meydanda savaşmağı bacarır. Az əvvəl vurğuladığım kimi, Varşavadakı oyun da bunun nümunəsi idi. Di gəl ki, heç də həmişə bunun sayəsində qələbə qazanmaq olmur. Gec-tez psixoloji və fiziki yorğunluq, səviyyə fərqi özünü göstərir və məğlubiyyətdən qaça bilmirsən. Təl-Əvivdəki yenilginin də səbəbi məhz bu idi. Mən iddia etmirəm ki, “Makkabi” “Qarabağ”dan bir neçə baş üstün komandadı və məğlubiyyətin tək səbəbi səviyyə fərqi oldu. Başqa vaxt olsaydı, rəqiblə sonadək mübarizə aparmaq, İsraildən xalla dönmək mümkün idi. Amma Yonatan Kohenin 10-cu dəqiqədə vurduğu qola cavab vermək üçün toparlana bilmədik. Halbuki rəqibin qapı torunu silkələmək üçün yetərincə vaxt var idi. 80 dəqiqə futbolda böyük zaman kəsiyidi. Həmin zaman kəsiyində nəinki bir, hətta iki qol vurmaq olar. Bunu “Qarabağ” da dəfələrlə bacarıb. Di gəl ki, budəfəki oyunda məhz bəhs etdiyim fiziki və psixoloji yorğunluq özünü göstərdi.
“Qarabağ”ın “Makkabi”yə məğlubiyyəti indiki məqamda heç yerinə düşmədi. Lakin bir qədər keçmişə boylananda, olub-keçənləri soyuq başla təhlil edəndə bu məğlubiyyətin qaçılmaz olduğunu da görərik. “Molde” ilə oyunu xatırlayın. “Köhlən atlar” Norveç çempionundan xeyli üstün görünürdü. Özü də bu üstünlüyümüz təkcə 90 dəqiqə ərzində yox, bütün 120 dəqiqə boyunca özünü göstərdi. Amma ən vacib məqamda bir həlledici zərbəni vura bilmədik. Bununla da Çempionlar Liqasının biraddımlığına qədər gəlmək şansımızı əldən buraxdıq. Bədavi Hüseynov “Qarabağ”ın fiziki göstəricilərinə görə ən yaxşı futbolçularındandı. Həm gücü yerindədi, həm də boy-buxunu. O boyda Bədavinin ayaqlarını sürüyə-sürüyə topa doğru gəlməsi, penaltini inamsız yerinə yetirməsi heç də boşuna deyildi. Dağıstanlı futbolçu xeyli yorğun və bitkin idi. Elə buna görə də zərbəsi zəif və uğursuz alındı. Eyni vəziyyət millimizin Cənubi Kiprlə oyununda da təkrarlandı. Bu dəfə Qara Qarayevin penalti zərbəsi zəif alındı. Özü də Qaranın kapitan sarğısıyla çıxdığı oyunda. Millimizin italyan baş məşqçisi Canni De Byazi şəxsən Qaraya güvənmiş, penaltini məhz onun yerinə yetirməsini istəmişdi. Özü də “Molde”ylə oyundan fərqli Qara 120 dəqiqəlik mübarizədən sonra “nöqtə”yə yaxınlaşmamışdı. Deməli, “Qarabağ”ın futbolçularındakı həyəcan, yorğunluq ümumidi və konkret hansısa oyunun gərginliyindən irəli gəlmir. Məsələnin kökləri daha dərindi.
Cəbhədə başverənlər, koronavirus pandemiyasının gətirdiyi problemlər “Qarabağ”ın futbolçularını xeyli yorub. Həm fiziki, həm də psixoloji baxımdan. Bunu tam qətiyyətlə və səmimiyyətimlə söyləyirəm. Martdan bəri ölkədə futbol olmadı, futbolçular vərdiş etmədiyi durumla üzləşdi. Yayın əvvəlində hazırlıqlar başladı, premyer-liqanın bərpa ediləcəyi deyildi. Sonradan bunu etmək mümkün olmadı. Davamını siz də bilirsiz. Nə normal fiziki hazırlıq keçən, nə də yay istirahəti görən futbolçular avrokuboklarda və premyer-liqada mübarizəyə başladılar. Ardınca da millimiz Millətlər Liqasında start götürdü. Bütün bunların futbolçulara təsirsiz ötüşmədiyi göz qabağındadı. Bəli, daha bir ciddi məqam var ki, onun üzərindən sükutla keçmək olmaz. Bu da “Qarabağ”ın heyətinin əvvəlki illərdəki kimi geniş olmamasıdı. Qurban Qurbanovun əli-qolu bağlanıb. Əvvəlki kimi rotasiya imkanları, aparıcı oyunçulara istirahət vermək şansı yoxdu. Nəinki bu imkanlar, heç zədəlilərin, cəzalıların yerini lazımınca doldurmaq olmur. Elə buna görə də “Qarabağ”ın işləri heç yerli çempionatda da tam qaydasında getmir. Avrokuboklarda isə bütün bu problemlərin üzərinə UEFA-nın məntiqsiz qərarlarının gətirdiyi gərginlik əlavə olunur. “Molde” ilə oyunun ətrafında uzun müddət qeyri-müəyyənlik davam etdi. Komanda İsrailə yollanmağa hazırlaşarkən məlum oldu ki, qrup mərhələsinin ev oyunlarının da Bakıda keçirilməsinə icazə verilmir. Bütün bunlar istənilən futbolçu üçün əlavə problemdi. Bəhanələr arxasına sığınmağı sevməyən Qurban Qurbanov da bundan narahat olduğunu hələ İsrail səfəri ərəfəsində verdiyi müsahibədə demişdi.
Bir məğlubiyyətlə nə dünya dağıldı, nə də “Qarabağ”ın qrupdan çıxmaq şansları sıfırlandı. Ümid edək ki, bu gərgin günlər tez bitəcək, “Qarabağ” da ordumuz kimi qələbələri sıralamağa başlayacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR