Sizin reklam burada

“Qarabağ” “Vilyarreal”ı Türkiyədə qəbul edəcək

Baxış Sayı:92

“Qarabağ” “Vilyarreal”ı Türkiyədə qəbul edəcək

UEFA indi də ağdamlıların “əsgər salamı”ndan narazıdı
“Qarabağ” Avropa Liqasındakı ev oyunlarının alternativ ölkədə təşkili ilə bağlı açıqlama yayıb. Oktyabrın 22-nə təsadüf edən açıqlamada bunlar qeyd olunub: “Hazırda Azərbaycan ordusunun bütün cəbhəboyu əks-hücum əməliyyatları uğurla davam edir və ölkəmizdə hərbi vəziyyət elan olunub. Məlum olduğu kimi, iki gün öncə UEFA İcraiyyə Komitəsi ölkəmizdəki vəziyyəti nəzərə alaraq, "Qarabağ"ın qrup mərhələsində ilk ev oyununu neytral meydanda keçirməsi ilə bağlı qərar qəbul edib. "Vilyarreal"la matçın hansı ölkədə keçirilməsi ilə bağlı UEFA tərəfindən bir neçə ölkə klubumuza təqdim edilmişdi. Lakin həmin ölkələrdə klubumuzun təhlükəsizliyi, hansısa təxribat olma ehtimalı və digər məsələləri nəzərə alan klub rəhbərliyi tərəfindən anında UEFA-ya məlumat verilib və "Vilyarreal"la görüşün hər zaman öz dəstəyi ilə yanımızda olan Türkiyədə keçirilməsi üçün tutarlı əsaslarla müraciət göndərilib və bu müraciət UEFA tərəfindən müsbət qarşılanıb.
Ali futbol qurumunun tələbi ilə qarşılaşma bu mövsüm avrokuboklara evsahibliyi etmiş stadionda keçirilməlidi. Bununla bağlı qardaş Türkiyə təmsilçilərinə Ağdam klubu tərəfindən məktub ünvanlanıb. Qardaş ölkə təmsilçiləri klubumuzun məktubuna "stadionumuz hər zaman "Qarabağ"ın xidmətindədi" cavabını göndərib. Başda "Qalatasaray" olmaqla, dəstəyini əsirgəməyən qardaş ölkə təmsilçilərinə təşəkkür edirik. Hazırda Çempionlar Liqasının qrup mərhələsində iştirak edən “İstanbul BŞ" klubunun stadionu isə texniki cəhətdən tam təmin olunduğuna görə “Qarabağ” - “Vilyarreal” matçı məhz bu kluba məxsus Fatih Terim adına stadionda keçiriləcək. “Qarabağ" FK olaraq, “İstanbul BŞ”yə könüldən göstərdiyi dəstəyə görə təşəkkür edirik”.
"Qarabağ"ın direktoru Əmrah Çəlikəl məsələ ilə bağlı Doğan Haber Agentliyinə danışıb. Klub rəsmisi qərara sevindiklərini, digər ölkələrdə təhlükəsizlik məsələsi başda olmaqla sıxıntılarının ola biləcəyini deyib: "UEFA ev matçımızın neytral meydanda oynanılmasına qərar verəndən sonra 3-4 ölkə təklif olundu. Onların arasında Türkiyə yox idi. Biz isə israrla bu ölkədə oynamaq istədiyimizi bildirdik. Türkiyədə hansı klubla əlaqə saxlasaq, bizi isti qarşılayacaqlarına əmin idik. Azərbaycan və Türkiyə qardaş ölkələrdi. Bu ölkələrin komandaları bir-birinin meydanında özlərini səfərdəki kimi hiss etməzlər. Həm klub prezidenti Göksəl Gümüşdağ, həm də digər rəsmilər bizi isti qarşıladı. Bizə kömək edəcəklərini bildirdilər. UEFA-ya "Başakşəhər Fatih Terim" stadionunu alternativ variant kimi təklif etmişdik. Sevindiricidi ki, tələbəmiz müsbət qarşılandı. Növbəti ev oyunları ilə bağlı qərar dəqiq deyil. Bu, bir oyunluq qərardı. "İstanbul BŞ" klubuna "Qarabağ" adından təşəkkürümüzü bildirirəm. Türkiyədə görüşərik". “İstanbul BŞ”nin prezidenti Göksəl Gümüşdağ da məsələ ilə bağlı fikirlərini bölüşüb: “Dünən bazaya gələndə mənə dedilər ki, UEFA Azərbaycanın “Qarabağ” klubuna öz meydanında oynamağa icazə verməyib. Eşitdim ki, alternativ ölkələr arasında Türkiyə də var. Azərbaycan klubu UEFA və “İstanbul BŞ”nin razılığı olarsa, bizim stadionumuzda oynamaq istədiyini bildirmişdi. Mən də dedim ki, azərbaycanlı, xüsusilə qarabağlı qardaşlarımızı burda qəbul etməkdən qürur duyarıq. İki dövlət, bir millət hissini hər zaman yaşamışıq. Dostluq, qardaşlıq dar gündə bilinər. Stadionumuzu da, klubumuzu da, hətta evimizi də “Qarabağ”ın üzünə açarıq. Təlimat verdim ki, dərhal əlaqə saxlayın, bizim buna hazır olduğumuzu bildirin. UEFA bizdən qərarımızı soruşdu, cavabımız müsbət oldu”.
Gümüşdağ komandasının Çempionlar Liqasında iştirak üzündən ot örtüyündə yaranacaq problemdən narahatlıq keçirmədiklərini deyib: “Oktyabrın 28-də Çempionlar Liqası çərçivəsində PSJ-ni qəbul edəcəyik, bir gün sonra isə “Qarabağ” “Vilyarreal”la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa belə ehtiyac duymuruq. Biz onları ən yaxşı şəkildə evimizdə qəbul etməyə hazırıq. Can qardaşlarımızı, “Qarabağ” klubunu ən yüksək səviyyədə qonaq edəcəyik”.
Başqan “Qarabağ”ın hər üç ev matçının stadionlarında keçirilməsinə razılıq verdiklərini deyib: “Qarabağ”ın 3 ev oyununun hamısının burda keçirilməsinə razıyıq. Amma UEFA hələlik bir görüşlə bağlı qərar verib. UEFA müsbət rəy verərsə, “Qarabağ” qalan iki görüşü də burda öz evindəki kimi keçirə bilər”.
Bu arada İsrail mətbuatı da maraqlı iddia ilə çıxış edib. Həmkarlarımızın yazdığına inansaq, “Makkabi” ilə oyun üçün Təl-Əvivə gedən Azərbaycan çempionu bu şəhəri çox bəyənib və Avroliqadakı ev oyunlarını “Blumfild” stadionunda keçirmək istəyib. Hətta məsələ ilə bağlı “Makkabi” rəhbərliyinə və İsrail Futbol Assosiasiyasına müraciət də edilib. Lakin yekun qərarı yerli Səhiyyə Nazirliyi verib, daha doğrusu, koronavirusa görə buna icazə verməyiblər. Nazirlik yalnız İsrail təmsilçilərinin rəqiblərini bu ölkədə qəbul edə biləcəyini çatdırdığından, “Qarabağ”ın müraciəti təsdiqlənməyib.
Bu arada UEFA İntizam Komitəsi “Qarabağ”a rəsmi xəbərdarlıq edib. Qurumun saytı bu haqda məlumat yayıb. Avropa Liqasının pley-offunda “Legiya” ilə Polşada keçirilən oyundan (3:0) sonra futbolçular və məşqçilər heyətinin üzvlərinin “əsgər salamı” verməsindən İntizam Komitəsi narazıdı. "Qarabağ”lıların hərbi salamı siyasi jest kimi qiymətləndirilib. Buna görə də ağdamlıların 13 futbolçusu və məşqçilər heyətinin üzvləri də daxil olmaqla klubun 14 nümayəndəsi xəbərdarlıq alıb. Çox maraqlı məqam budu ki, nədənsə yalnız Türkiyə və Azərbaycan klublarının “əsgər salamı” UEFA-nın canına qorxu salır. Amma “Zenit”in hücumçusu Artyom Dzyubanın və bir çox başqa futbolçunun jestini “gözdən qaçırırlar”.
Xatırladaq ki, oktyabrın 1-də “Legiya”nı məğlub edərək Avroliqanın qrupuna düşən “Qarabağ”ın heyəti qələbəni hərbi salamla qeyd edib.
KƏNAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR