Sizin reklam burada

“Kəpəz” Gəncədə məşqləri davam etdirir

Baxış Sayı:83


Stadiona dəyən zərər daxili imkanlar hesabına aradan qaldırılır
Ermənistan ordusunun Gəncəyə ardıcıl iki raket hücumundan "Kəpəz" də zərər gördü. Hücumlar nəticəsində komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionuna ziyan dəydi. Stadiona dəyən zərər, həmin ziyanın aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülüb-görülməməsi ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. O, klubun öz hesabına stadionu təmir etdirdiyini söylədi: "Gəncə şəhər stadionu şəhərə atılan raketlərdən sonra zərərlə üzləşmişdi. Stadiondakı qapıların bəzilərində çərçivələr yerindən çıxıb, bəzilərinin şüşələri qırılmışdı. Stadiona müəyyən miqdarda ziyan dəyib. Arena Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin balansındadı. Biz stadiondan icarədar kimi yararlanırıq. Hadisədən sonra məsələylə bağlı müvafiq qurumlara, o cümlədən şəhərin Gənclər və İdman Baş İdarəsinə müraciət etdik. Stadiona baxış oldu, müəyyən qeydlər götürüldü və dəyən ziyanın hesablanması istiqamətində işlər başladı. Hazırda klubun daxili imkanları hesabına ziyanın aradan qaldırılması istiqamətində işlər görülür. Dövlət tərəfindən bildirilib ki, dəyən ziyanın hamısı aradan qaldırılacaq. Hazırkı vəziyyət hər kəsə məlumdu. Bizim zərərimiz, itkimiz Azərbaycan əsgərinin bir telinə qurban olsun. Buna görə də klub olaraq daxili imkanlarımız hesabına həmin zərərin aradan qaldırılmasına başlamışıq".
Bəs görəsən, komanda stadionda məşqləri davam etdirirmi: "Komanda hələ şəhərə ilk hücumun olmasından əvvəl burda təlim-məşq toplanışı keçirdi və indi də məşqlərə burda davam edir. Gəncədən çıxmaq fikrimiz də yoxdu. Necə ki, 1990-cı illərdə hücum olan şəhərlərin klubları orda oynamağa, məşqə davam edirdi, bu gün "Kəpəz" də öz işini Gəncədə davam etdirir. Komanda məşq edir, oyunlara hazırlaşır və hər kəs öz işinin başındadı".
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR