Sizin reklam burada

Mütəxəssislər “Qarabağ”ın məğlubiyyətinə işıq saldı

Baxış Sayı:89


Mircavadov da hücum xəttindən narazıdı, Diniyev də
"Qarabağ" srağagün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə "Makkabi" ilə qarşılaşdı. Təəssüf ki, ağdamlılar minimal hesabla məğlub oldu. Özü də 0:1 hesabı oyunun axarına tam uyğundu. Zədəlilərin varlığı, yəni heyətdəki itkilər bir yana, onu da etiraf etmək lazımdı ki, “Qarabağ” səviyyəsinə uyğun olmayan dərəcədə zəif oyun göstərdi. Bəs mütəxəssislər ölkə çempionunun oyunu ilə bağlı nə düşünür? Görəsən, məğlubiyyətin səbəbi nədi?
Şahin Diniyev: "Təəssüf ki, "Qarabağ" belə bir oyunda məğlub oldu. "Makkabi" “dişimizə görə” rəqib idi. Deməzdim ki, rəqib xüsusi nəsə etdi. Sadəcə, "Qarabağ"ın kəskin hücumları alınmırdı. Hücum xəttində problemlərimiz olurdu. Düşünürəm ki, məhz bu səbəbdən komandamız uğurlu nəticə əldə edə bilmədi. "Makkabi"nin "Qarabağ"ı hər cəhətdən üstələdiyini deyə bilmərik. Bütün göstəricilərdə bərabər səviyyəli oyun oldu, rəqib nəticədə üstünlük göstərdi. Belə deyək: bu oyunun nəticəsi 1:0 idi, kim qol vursaydı, o da qalib gələcəkdi. Hər iki komanda müdafiədə nizam-intizamlı, sıx oynayırdı, qol vurmaq çətin idi. Ona görə deyirəm ki, 1:0-lıq oyun idi. Təəssüf ki, həmin bir qolu da "Makkabi" vurdu".
Ağasəlim Mircavadov: "Futboldu, məğlubiyyət ola bilər. Belə oyunlarda hazırlıq, fiziki göstəricilər vacib rol oynayır. Digər tərəfdən, İsrail klubu çox ağıllı futbol oynadı. Adətən, meydan sahibləri belə oyunlarda hücuma çoxluqla çıxırlar, rəqibə pressinq edirlər. Amma "Makkabi" bu dəfə sakit oynadı, oyunboyu axtarışda idi. Mən oyundan əvvəlki açıqlamaların birində də demişdim ki, İsrail klubları topla oynamağı sevir. Deyə bilərikmi ki, "Qarabağ"dan güclü idi? Yox, demək olar ki, komandalar bərabər səviyyəli idi. "Qarabağ"ın məğlubiyyətinin səbəbi rəqibin ağıllı oynaması idi. Hətta rəqib hesabı açandan sonra da sakit oynadı, bütün futbolçuların gücündən istifadə etdilər.
"Qarabağ" çox qol vəziyyəti də yaratmadı. Komanda əsasən cinahlardan futbolçuların fərdi keyfiyyətlərinin və top saxlamağın hesabına oynayır. Bu oyunda "Qarabağ"ın hücum xətti çox aşağı səviyyədə oynadı. Belə bir anlayış var ki, top hücumda çox qalmayanda müdafiəyə və orta xəttə çox ağır olur. “Qarabağ” da eyni problemi yaşadı”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR