Sizin reklam burada

Trapaidze Zaur Ramazanovun otağında şam yandırırmış

Baxış Sayı:277


İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən adamlarla söhbət edir, yaddaşlarına əbədi yazılan məzəli hadisəli bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı veteran futbolçu Zaur Ramazanovdu.
“Yuxudan oyananda gördüm telefona 80 zəng gəlib ki, onun da 70-i Mircavadovdandı”
“Xəzər Lənkəran”da oynadığım dönəm idi. Səhv etmirəmsə, dövrələrarası fasilədə istirahətə çıxmışdıq. Ağasəlim Mircavadov komandanı 10 günlük Moskvaya aparmaq istəyirdi. Bizə bu haqda məlumat veriləndə komandanın Vüsal adlı inzibatçısına bildirdim ki, mənə bileti qatara alsın. Qatar həm təhlükəsizlik baxımından münasib idi, həm də yolboyu Rusiyanın şəhərlərini görmək istəyirdim. Vüsal dediyimi vecinə almadı, hamı kimi mənə də təyyarəyə bilet götürdü. İstəyimi yerinə yetirməyən Vüsala yaxınlaşıb “eybi yox, sən ki belə etdin, mən də Moskvaya getməyəcəm” söylədim. O isə cavabında “sənin buna cəsarətin çatmaz. Hamı kimi sən də təyyarədə olacaqsan” deyib, uzaqlaşdı. Həmin gün hamı kimi mən də çantamı yığıb deyilən vaxtda, gecə saat 12-də bazaya gəldim. Çantalarımızı inzibatçılara təhvil verib, bir qədər dincəldikdən sonra hava limanına yollanmalıydıq. Gecə saat 2-də heç kimə heç nə demədən bazadan çıxıb evə yollandım və telefonları da söndürdüm. Ertəsi yuxudan oyananda gördüm telefona 80 zəng gəlib ki, onun da 70-i Mircavadovdandı. Deməli, komanda təyyarəyə minəndə Ağasəlim müəllim görüb ki, mən yoxam. Vüsalı yanına çağıraraq məni xəbər alıb. O da “gecə bazada idi. Çantası da burdadı” desə də, məni tapmayıblar. Mircavadov əsəbindən az qalıb dəli olsun, Vüsalı qatıb qabağına ki, sən necə inzibatçısan, futbolçunun harda olduğundan bixəbərsən. Ondan sonra “Xəzər Lənkəran”da başa düşdülər ki, mənimlə zarafat etmək olmaz. Nəsə dedimsə, mütləq onu edirəm.
Gördüm hərif hər şeyi səhv salıb
Futbolçu karyeramı başa vurub “Xəzər Lənkəran”da Yunis Hüseynovun köməkçisi işlədiyim vaxt idi. Məşqçilər korpusunda yer alsam da, demək olar ki, bütün məşqlərdə futbolçularla bir yerdə qaçır, “kvadrat”, futbol oynayırdım. Çəkim bir qədər artsa da, pis formada deyildim, qol duyumunu itirməmişdim. Onda da “Xəzər Lənkəran”a yeni legionerlər gəlmişdi. Aralarında xorvat Alveş də var idi. Məşqlərdə ikitərəfli oyunlarda onunla mənimki tuturdu. Mən ötürmə verirdim, o qol vururdu, o verirdi, mən vururdum. Bir sözlə anlaşmamız yüksək səviyyədə idi. Bir gün mənə yaxınlaşdı ki, sənə nə olub? Səni nə paltardəyişmə otağında görmək olur, nə də adın komandanın iştirak ərizəsinə salınıb. Zədən o qədər ağırdı ki, hələ tam bərpa edə bilmirsən? Əvvəlcə onun nə demək istədiyini başa düşmədim. Yenidən soruşdu ki, bəlkə baş məşqçi ilə problemin var, ona görə səni oynatmır? Dedim nə baş məşqçi, nə zədə? Gördüm hərif hər şeyi səhv salıb. Ona “mən özüm elə baş məşqçinin köməkçisiyəm, sadəcə, futbol üçün darıxdığımdan məşqlərdə sizlə futbol oynayıram” söylədim. Bu yazıq yalnız onda bildi ki, futbolçu yox, köməkçi məşqçiyəm. Biranlıq duruxub qaldıqdan sonra qayıtdı ki, “mən elə bilirəm sən futbolçusan. Hər gün öz-özümə fikirləşirəm ki, məşqlərdə ən çox qol vuran bu, ötürmələrlə uşaqları zərbə mövqeyinə çıxaran bu, ancaq nəyə görəsə buna şans vermirlər”.
“Baba, sən belə tez-tez gəlmə, imkan ver kassada pul yığılsın”
“Qarabağ”la yeni müqavilə bağlamışdım. Danışığımız belə olmuşdu ki, “podyomnu”nu iki dəfəyə alacam. Onu da qeyd edim ki, o vaxt üçün normal pul idi. Müqavilə imzalayandan bir neçə gün sonra rəhbərlik mənə bir çek verib göndərdi “Azərsun”un ofisinə və deyildi ki, kassaya yaxınlaşıb pulu alarsan. Mən də deyilən kimi etdim, getdim “Azərsun”a, kassanın yerini öyrənib yaxınlaşdım kassirə. Kassir də iranlı idi. Çeki ona uzadanda iranlı bir orda yazılan məbləğə baxdı, bir də mənə. Məni bir qədər süzüb heç nə demədən başladı pulu yığmağa. İşini başa vurandan sonra pulu torbaya yığıb mənə uzatdı. Mən də ona heç nə demədən torbanı götürüb kassadan uzaqlaşanda hiss etdim ki, qardaş çölə çıxıb mənim arxamca baxır. 7-8 gündən sonra alacağım məbləğin qalan hissəni götürmək üçün yenə mənə çek verib göndərdilər kassaya. Yaxınlaşanda gördüm dostum başını aşağı salıb pul sayır. “Salam” deyib, çeku ona uzadanda iranlı məbləği görüb bu dəfə özünü saxlaya bilmədi və qayıtdı ki “baba, sən orda nə mənəsən, bir həftədən bir gəlib kassanı soyub gedirsən. Sən Hakan Şükürsən, Pelesən, Maradonasan?” Onun bu sualına “mən Zaur Ramazanovam” cavabını verincə gözləri hədəqədən çıxdı. Kassir elə bilirmiş ki, mən əcnəbi futbolçuyam. Yazıq daha heç nə demədi, yenə pulu torbalara doldurub əlimə verdi. Axırda da “baba, sən belə tez-tez gəlmə, imkan ver kassada pul yığılsın” söyləyib, başını aşağı salıb işinə davam etdi.
Sən demə, bu məndən də başıxarab imiş
“Karvan”da çıxış edirdim. Həmin vaxt komanda yoldaşlarım oteldə bir yerdə, mən isə ayrıca kottecdə qalırdım. Özü də bildirmişdim ki, heç kim məni narahat etməsin, heç kimə yanımda yer ayırmasınlar. Tək qalmağı xoşlayırdım. Bir gün Qoça Trapaidze mənə yaxınlaşdı ki, bir neçə gün sənlə qalmaq istəyirəm. İcazə versən, kottecə gələrdim. Onun da xətrini çox istəyirdim. Həm futbolçu, həm də insan kimi ən yaxşı sözlərə layiqdi. Razılaşdım və elə həmin gün Qoça köçdü yanıma. Özüm gec yatırdım, gecə saat 2-yə, 3-ə kimi televizora baxırdım. Sən demə, bu məndən də başıxarab imiş. Bütün gecə oyaq qalırdı. Səhərə yaxın da bunun nəsə danışdığını eşidirdim. Bir-iki gün xətrinə dəymədim. 3-cü gün səhərə yaxın saat 5-in yarısı Qoçanın səsinə yuxudan ayıldım. Yavaş-yavaş bu olduğu otağa yaxınlaşanda gördüm şam yandıraraq qabağında oturub və öz dillərində ucadan nəsə deyir. Yuxudan vaxtsız oyandığımdan çox əsəbiydim, buna qayıtdım ki ”gecənin bu vaxtı moizə oxumaq vaxtıdı, dur veşlərini də yığ, kotteci tərk elə”. İndi bu yazıq mənə necə yalvarır. Qapını açıb bunun çıxmasını gözləyirəm. Qoça da çantasını yığa-yığa, “gecənin bu saatında mən otelə gedib kimi yuxudan oyadım ki, mənə otaq ver” deyib, yazıq-yazı üzümə baxır. Onun yazıq imasını görəndə yumşaldım. Dedim bir də səsin çıxsa, özündən küs. Ondan sonra bir həftə də yanımda qaldı, ancaq o gündən gecə moizələri qurtardı.
“Elə bil həmin an başıma tok buraxdılar, şiddətli ağrıdan gözlərimdən qığılcım çıxdı”
“Qarabağ”la Türkiyəyə - toplanışa yollanmışdıq. Ora çatan ilk gündən dişim bərk ağrımağa başladı. Bu üzdən toplanışın ilk 5 günündə məşq etmirdim. İynədən qorxduğumdan həkimə də getmirdim. Bir gün özümdə güc tapıb yollandım stomatoloqun yanına. Bu da başladı ki, dişin şişib, müalicə etmək lazımdı, 2-3 günə şiş yatacaq, ondan sonra müalicəyə başlaya bilərik. Bunu deyə-deyə də şişən yerə iynə batırırdı. Bir də gördüm çirk edən yer partladı və diş ağrım o saat kəsdi. O dəqiqə ayağa qalxıb həkimə “sağ ol” dedim, yalandan “gələrəm” deyib aradan çıxdım. Ondan sonra iki gün məşq edim, üçüncü gün komandanın yoxlama oyunu var idi. Hazır olmadığımdan ehtiyat oyunçular skamyasında oturmuşdum. Sona 10-15 dəqiqə qalmış baş məşqçi meydana çıxmağımı istədi. Həmin an da 0:1 uduzurduq. Meydana çıxdığım heç 2 dəqiqə deyildi ki, rəqib müdafiəçinin uzaqlaşdırdığı top mənə tərəf gəldi. Top havada olduğundan istədim onu sinəmə salım. Ancaq texniki cəhətdən bunu düzgün etməyincə top çənəmə dəydi və ağrıyan dişim tərəfdən tutdu. Elə bil həmin an başıma tok buraxdılar, şiddətli ağrıdan gözlərimdən qığılcım çıxdı. Əsəbimdən 40 metrdən necə zərbə endirdimsə, bir də gördüm top rəqib qapıçının başının üstündən keçib düz “9-luğa” sancıldı. İndi komanda yoldaşlarım qol sevincini bölüşür, məni qucaqlayırlar, mənim isə gözümdən yaş axır. Bir an hamısı çaşıb qaldı və nəyə görə ağladığımı başa düşmədilər. Gördüm mənə birtəhər baxırlar, əlimlə dişimi göstərib, ona görə gözümdən yaş gəldiyini birtəhər izah etdim.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR