Sizin reklam burada

UEFA yığmanı və “Qarabağ”ı Bakıdan didərgin saldı

Baxış Sayı:124

UEFA yığmanı və “Qarabağ”ı Bakıdan didərgin saldı

AFFA Sloveniyanı, ağdamlılar Türkiyəni istəyir
Milli komanda və Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” ev oyunlarını başqa ölkədə keçirəcək. Bununla bağlı UEFA qərar qəbul edib. Srağagün qurumun saytında yayılan məlumatda bunlar qeyd olunub: “Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alan UEFA İcraiyyə Komitəsi bu gün (srağagün) klub və milli komandalar səviyyəsindəki oyunların növbəti qərar qəbul edilən dövrə qədər Azərbaycan və Ermənistanda keçirilməməsinə qərar verib. Sentyabrın sonlarında başlayan bu vəziyyətin inkişafını diqqətlə izlədikdən sonra bir Avropa Liqası pley-off oyunu (“Ararat” – “Srvena Zvezda” oyunu nəzərdə tutulur – red.) və iki Millətlər Liqası matçının (Azərbaycan – C.Kipr, Ermənistan – Gürcüstan oyunları – red.) alternativ ölkədə keçirilməsinə qərar verilib. Çünki hazırda bu ölkələrdə UEFA yarışlarının keçirilməsi şərtləri yerinə yetirilmir. Ermənistan Futbol Federasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından UEFA bayrağı altında keçiriləcək növbəti ev oyunları üçün alternativ məkanlar təklif etməsi istəniləcək”.
Qərarda o da yazılıb ki, bölgədəki vəziyyət izləniləcək. UEFA İcraiyyə Komitəsinin bu qərarı gələn ilin iyununda AÇ-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunlarına hələ şamil olunmur.
Xatırladaq ki, "Qarabağ" oktyabr-dekabr ayları aralığında keçirəcəyi ev oyunlarında əvvəlcə "Vilyarreal", ardınca "Sivasspor" və sonda Təl-Əviv "Makkabi"siylə üz-üzə gələcək. Canni De Byazinin çalışdırdığı yığmanın isə Millətlər Liqasında yalnız bir oyunu qalıb ki, o da noyabrın 14-nə təsadüf edir. Həmin gün milli səfərdə 0:2 yenildiyi Monteneqronu sınağa çəkməlidi. Həmin görüşün BOS-da keçirilməsi nəzərdə tutulmuşdu.
UEFA-nın qərarı ilə bağlı “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin açıqlaması: “UEFA-nın açıqlamasında bildirilib ki, məkan seçimi zamanı bizim təklifimizə, alternativlərimizə baxılacaq. Ancaq qitə futbol qurumu hələ bizdən heç nə soruşmayıb. Son qərarı yenə UEFA verəcək. Əlbəttə, biz Türkiyədə oynamaq istərdik. UEFA-ya təqdim edəcəyimiz alternativlər arasında Türkiyə də var. Görək, hansı qərar çıxacaq. Hazırda üç ölkə neytral meydanda keçiriləcək oyunları qəbul etməyə razıdı. Bunlar Kipr, Macarıstan və Polşadı”.
Milli komandanın Monteneqronu hansı ölkədə qəbul edəcəyini öyrənmək üçün isə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanı aradıq. Firuz bəy qərarın yeni qəbul olunduğunu, bu yöndə hələ ki hansısa xəbərin olmadığını söylədi: “Qitə futbol qurumunun qərarı yeni olduğundan millinin Monteneqro ilə hansı ölkədə qarşılaşacağıyla bağlı hələ ki dəqiq bilgi yoxdu. Yəqin müzakirələrdən sonra bu haqda ictimaiyyətə məlumat veriləcək”.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov isə “report”a daha konkret danışıb: "UEFA İcraiyyə Komitəsinin xüsusi qərarına əsasən yaxın gələcəkdə hazırkı vəziyyət nəzərə alınaraq, Azərbaycanda beynəlxalq oyunlar təşkil edilməyəcək. Nəzərə alsaq ki, yaxın gələcəkdə "Qarabağ"ın Bakıda İspaniya "Vilyarreal"ına qarşı oyunu var. Sonra isə millinin Monteneqro ilə matçı olacaq. Biz bu gün (dünən) səhər bir neçə dəfə UEFA ilə əlaqə saxladıq, məsələni müzakirə etdik, hazırda danışıqlar davam etdirilir. İlk növbədə bu matç müzakirə edilir. Bildirdik ki, qarşılaşma alternativ ölkə olaraq Türkiyədə gerçəkləşsin. Lakin UEFA tərəfindən tövsiyə olundu ki, oyunlar qrup mərhələsində iştirak edən klubların stadionlarında təşkil edilə bilər. Bu da təbii ki, işimizi bir az çətinləşdirir. Biz "Qarabağ"la danışacağıq və vahid fikrimizi UEFA-ya çatdıracağıq. Əminəm ki, qarşıdakı üç gün ərzində növbəti addımların nədən ibarət olacağını biləcəyik.
Milli komandanın oyunu noyabrda olacaq. Yığma noyabrın 10-da səfərdə Sloveniya ilə yoldaşlıq oyunu keçirməlidi. Bunu nəzərə alaraq, biz də UEFA-ya fikrimizi bildirdik ki, noyabrın 14-də Millətlər Liqasında Monteneqroya qarşı ev oyunumuzu da Sloveniyanın paytaxtı Lyublyanaya yaxın yerdə təşkil etmək niyyətindəyik".
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR