Sizin reklam burada

Yenə ikili standartlar, yenə vicdansızlıq...

Baxış Sayı:191

UEFA srağagün axşam saatlarında Azərbaycana münasibətdə növbəti axmaq qərara imza atdı. Deyə bilərsiz ki, qitə futbol qurumunun qərarında Ermənistanın da adı var. Amma fakt budu ki, bu ölkənin avrokuboklardakı bütün təmsilçiləri mübarizəni dayandırıb, deməli, mütləq bərabərlikdən söhbət gedə bilməz. İkinci məqam: Ermənistanın təşkilatçılıqla bağlı hansısa problemləri varsa, öz işləridi, gedib həll etsinlər.
İcazənizlə, artıq UEFA səviyyəsində ikili standartların işlədiyini göstərmək üçün bu məsələnin üzərinə bir az uzaqdan – 1994-cü ildən gələcəm. Həmin vaxt ölkəmizin futbol yığması tarixindəki ilk seçmə mərhələdə debütə - AÇ-96-ya hazırlaşırdı. 94-ün yayında Bişkek protokolu imzalandığından Qarabağda və ətraf rayonlarda hansısa döyüş əməliyyatları getmirdi. Amma Bakı, Azərbaycan ətrafında “təhlükəli bölgə” mifi uyduran ermənilər və havadarları sonda yığmamızın mühacir həyatı yaşamasına, yəni ev oyunlarını Trabzonda keçirməsinə nail oldular. Yetərincə yaxşı heyətə malik yığmanın ilk seçmə mərhələni çox uğursuz keçirməsində ikili standartlara əsaslanan UEFA-nın qərarı həlledici oldu, yəni qurum komandamıza Bakıda və ya Sumqayıtda oynamağa icazə vermədi. Bağrımıza daş basdıq, dedik ki, UEFA da, ermənilər də cəhənnəm olsun, gün gələr, bütün pisliklərin cavabını yaşıl meydanda verərik. Şükür Allaha, bu mənada arzularımız çin oldu, “Qarabağ” və bütün aşağı yaş qruplarımız illərdi Avropa meydanlarında futbolda düşməndən güclü olduğumuzu nəticələri ilə göstərirlər, indiyə qədər harda qarşımıza çıxıblarsa, ya qapazaltı olublar, ya da yarış meydanlarından qaçıblar. Təşkilatçılıqdakı uğurlardan heç danışmağa dəyməz. Ermənilər Avroliqanın finalını və ya qitə çempionatının final mərhələsini uzaqbaşı yuxuda görə bilərlər, başqa heç yerdə yox.
İndi nə olub? Azərbaycan ərazi bütövlüyünün bərpasına çalışır, əzəli-əbədi torpaqlarından erməniləri sıxışdırmaq üzrədi, döyüş əməliyyatları paytaxtdan çox-çox uzaqlarda gedir, heç bir qoruq-qadağa bilməyən düşmənin raketləri Bakıya nəzəri cəhətdən düşə bilər, praktiki cəhətdən yox. Amma UEFA yenə də hər iki ölkəni tərəzinin eyni gözünə qoyur, “çünki hazırda bu ölkələrdə UEFA yarışlarının keçirilməsi şərtləri yerinə yetirilmir” kimi yayğın ifadə ilə Azərbaycanın ədalətli mübarizəsinin acığını “Qarabağ”dan çıxırlar. Bəli-bəli, kənardan görünən mənzərə belədi!
Sirr deyil ki, budəfəki püşkatmada “Qarabağ”ın bəxtinə yetərincə normal rəqiblər düşüb. İşlər qaydasında getsə, ağdamlılar tarixində ilk dəfə qrupdan çıxa, inşallah, bir qədər irəliləyə də bilərlər. Amma UEFA klubun və AFFA-nın fikirləri öyrənmədən, mövqeyini bilmədən vicdansızca verdiyi qərarla faktiki Azərbaycan çempionunun şansının üzərindən xətt çəkir. Kim nə deyir-desin, evdə və neytral meydanda oynamaq arasında fərq böyükdü. Xüsusən də ölkəmiz üçün taleyüklü əhəmiyyət daşıyan, həssas dönəm sayılan indiki günlərdə. Lap tutaq ki, yığmanın heç bir turnir hədəfi qalmayıb, noyabrın 14-nə nəzərdə tutulan Monteneqro ilə ev oyunundan ciddi nəsə gözləməyə dəyməz. Amma yığmanın gözünə “Qarabağ”ı da qatıb, bunca ədalətsiz qərar verməyin adı yoxdu.
Qərarla bağlı diqqəti cəlb edən başqa bir məqam da var. UEFA bir tərəfdən “EFF-dən və AFFA-dan növbəti ev oyunları üçün alternativ məkanlar təklif etməsi istəniləcək” deyir, digər tərəfdən isə Qurban Qurbanovun hava limanında verdiyi müsahibədən belə aydın olur ki, Azərbaycan Macarıstan, Polşa və Cənubi Kipr variantları arasında seçim etməlidi. Təbii ki, bu da ədalətsizlikdi. “Qarabağ” klub-camiə olaraq, bu məsələdə sona qədər getməli, alternativ variant kimi Türkiyənin də namizədliyin təklif etməlidi. Qardaş ölkə artıq bir aya yaxındı davam edən Vətən Müharibəsində bizə ən yüksək səviyyədə mənəvi döstək göstərir. Azərbaycanı sevməyən qüvvələr UEFA-nın əli ilə növbəti dəfə futbolumuzun mühacir həyatı yaşamasına nail olublarsa, biz də Türkiyəni seçək. Heç şübhəsiz, “Sivasspor” bu varianta dünəndən razıdı. Məncə, “Vilyarreal”la “Makkabi”nin də razılığını almaq olar.
...Heyf ki, futbolda status-kvonu başqa yolla dəyişməyə imkan vermirlər. Öz aramızdı, UEFA bütün pisliklərinə görə artıq bir dron zərbəsini haqq edib!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR