Sizin reklam burada

O Fuad Musayev, bu isə...

Baxış Sayı:166

Sizi bir qədər keçmişə qaytarmaq istəyirəm. Əminəm ki, həmin tarix bir çoxunuzun yaddaşında silinməz izlər buraxıb. Siz də mənim kimi hər şeyi çox yaxşı xatırlayırsız. 1999-cu il sentyabrın 3-də Azərbaycan millisi Bakıda, ünlü referimiz Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda Portuqaliyanı qəbul edirdi. Rəqibin heyətində kimlər yox idi?! Təkcə elə Luiş Fiqunu xatırlamaq kifayətdi. Fiqunun lideri olduğu komanda Bakıdakı oyundan əvvəl millimizi Gimaraynşda qəbul etmişdi, daşımızı daş üstə qoymamışdı. Qapımıza 7 cavabsız topun vurulduğu görüş tariximizə növbəti qara səhifə kimi yazıldı. Bəlli məsələdi ki, ilk qarşılaşmada 0:7 hesabıyla uduzduğun rəqibə qarşı görüş xüsusilə ağır olur. Doğma meydanda qisas həvəsiylə alışıb-yansan da, ilk oyundakı hesab futbolçularda psixoloji gərginlik yaradır. Bunun üzərinə Portuqaliya və Azərbaycan milliləri arasındakı səviyyə fərqini də gələn Əhməd Ələsgərovun və onun güvəndiyi futbolçuların işinin necə çətin olduğunu yaxşı başa düşmək olar.
Sonradan bildik ki, bu oyunda bizimkilər təkcə rəqibin ad-sanına və ilk matçdakı hesabın gətirdiyi psixoloji gərginliyə qarşı yox, həm də içimizdəki “sapı özümüzdən olan baltalar”a qarşı mübarizə aparmağa məcbur qalacaqmış. Hələ birinci hissənin gedişində stadiona qaranlıq çökdü, meydanı işıqlandıran projektorlar söndü. Amma qısa müddət sonra problem aradan qaldırıldı, 45 dəqiqəni sona qədər oynamaq mümkün oldu. Özü də oyunun axarı tam ürəyimizcə idi. Bizimkilər rəqibin ad-sanından çəkinmir, səviyyə fərqinin hiss olunmasına imkan vermirdilər. Zaur Tağızadə tez-tez Vitor Bayanın qoruduğu qapının önündə peyda olur, Luiş Fiqu azərbaycanlı futbolçularla mübarizələr zamanı topu itirir, irəliləməyi bacarmırdı. Tribunaları dolduran azarkeşlər həyəcanla oyunu izləyir, ürəklərinin dərinliklərində Azərbaycan millisinin Portuqaliyaya şok yaşadacağına, Gimaraynşdakı faciənin qisasının alınacağına inanırdılar. Amma bu inamın özündə belə bir qorxu, ürkəklik var idi. Rəqibin heyətindəki ulduzların adı-sanı öz təsirini göstərirdi.
Bu məqamda işıqların yenidən sönməsi heç də yerinə düşmədi. Komandalar paltardəyişə otağına, daha doğrusu, ora aparan tunelə istiqamətlənəndə projektorların parlaqlığı yenidən yoxa çıxmışdı. Respublika stadidonunun həmin vaxtlardakı quruluşu belə idi: futbolçular paltardəyişmə otağına getmək üçün tablo tərəfə üz tutmurdular, qaçış çığırında yerləşən pilləkənlərlə tunelə düşürdülər. Portuqaliya və Azərbaycana millilərinin üzvləri tuneldə görünməz olan kimi stadiona tam qaranlıq çökdü, projektorların olan-qalan közərtisi də qeybə çəkildi. Həyəcanla, əlimiz üzümüzdə dəqiqələri saymağa başladıq. Fasilə bir göz qırpımında bitdi, hakimlər və futbolçular meydana qayıtdı. Amma işıqlar yanmadı ki yanmadı. Qaçış cığırında ora-bura qaçanlar arasında AFFA-nın rəhmətlik prezidenti Fuad Musayev də var idi. Musayev gah oyunun komissarıyla müzakirə aparır, gah da əlindəki telefonla kiminləsə danışırdı. 15 dəqiqəlik fasilədən sonra daha bir 15 dəqiqəni belə keçirdik. Dəqiqələr ötdükcə həyəcanımız artır, oyunun davam edəcəyinə olan ümidlərimiz isə azalırdı. Çox keçmədən qarşılaşmanı davam etdirməyin mümkün olmayacağı barədə elan verildi, tribunalarda oturanlar yerlərini kor-peşman tərk etməyə başladılar.
Evə qədər deyinirdik ki, yaxşı oynadığımız, Portuqaliyanı büdrədə biləcəyimiz oyun yarımçıq qaldı. Rəqibi büdrədəcəyimizə, bütün dünyanın diqqətini özümüzə cəlb edəcəyimizə əmin idik. Bununla 0:7-nin qisasını da almış olacaqdıq. Əvəzində bizi texniki məğlubiyyət gözləyirdi. Çünki ev sahibi kimi məsuliyyət üzərimizdə idi. İşıqların sönməsinə də biz cavabdeh idik, təşkilatçı ölkə kimi üzərimizə düşəni edə bilməmişdik. Hamı yaxşı başa düşürdü ki, stadionun qaranlığa qərq olunmasında kənar qüvvələrin təsiri var. Fuad Musayevi AFFA-dan uzaqlaşdırmaq istəyənlər bu yolla Azərbaycan millisinin texniki məğlubiyyət almasına, UEFA-nın bizi cəzalandırmasına nail olmaq istəyirdilər. Bu yolla düşünürdülər ki, Musayevi nüfuzdan salacaqlar, onun AFFA-dan uzaqlaşdırılmasını tezləşdirəcəklər. Onlar üçün Azərbaycanın adı, futbolumuzun nüfuzu belə maraqlı deyildi.
Amma arzularına çatmadılar. Rəhmətlik Musayevin nüfuzu onların planlarını alt-üst etdi. Portuqaliya Futbol Federasiyasının rəhbərliyi Bakıda bir gün daha qalmağa, günorta saatlarında oyuna yenidən başlamağa razı oldu. Baxmayaraq ki, Bakıdakı görüşdən sonra Portuqaliya Buxarestə yollanmalı, qrupdakı əsas rəqibiylə vacib matça çıxmalı idi. Paytaxtımızda 3 hissə oynayan rəqib Rumıniyaya yorğun getdi, orda da xal itirib, qrup liderliyindən əlini üzdü. Amma onlar bunu gözə aldılar, Fuad Musayevin sözünü yerə salmadılar.
O vaxt AFFA indiki kimi zəngin deyildi, xaricdən gələnlərə bahalı hədiyyələr vermirdik. UEFA-nın layihələrinə neft pullarımızla sponsorluq etmirdik, stadionlara banner yerləşdirmirdik. Amma AFFA-nın prezidentinin sözü daşdan keçirdi, onunla hesablaşırdılar. İndi həmin nüfuzumuz varmı? Son illərdə UEFA-nın Azərbaycanın, “Qarabağ”ın xeyrinə heç olmasa, bir dəfə qərar verməsini görmüsüzmü? Mən görməmişəm, çünki belə bir qərar olmayıb!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR