Sizin reklam burada

“Şəmkir” Kvaratsxeliyanı Dubaya buraxmayıb

Baxış Sayı:100


“1998-ci ildə isə Azərbaycan yığmasından təklif alanda...”
Yığmanın sabiq üzvü Badri Kvaratsxeliya “Qruziya Online” portalına müsahibə verib. Ölkəmizdə top qovduğu müddətdə “Kəpəz” və “Şəmkir”in şərəfini qoruyan forvard ötən günləri yada salıb, karyerasının Azərbaycan səhifəsini vərəqləyib.
- Azərbaycan klublarının şərəfini qorumusuz, ölkə çempionu və ölkə kubokunun qalibi olmusuz. Yığmanın da formasını geymisiz. Necə oldu ki, ora yollandız?
- 1997/98 mövsümünü Gəncə “Kəpəz”ində keçirdim. 22 oyunda 20 qol vurmaqla həm bombardir oldum, həm də komandamla birgə çempionluğu bayram etdik. Həmin mövsüm “Kəpəz” ölkə kubokunu da qazandı ki, finalda bir qol vurdum. Bu komandaya “Merani”nin qolkiperi Qubaza Dolidzenin rəyi əsasında yollanmışdım. Dostları ondan “Kəpəz”ə forvard tapmaqda yardımçı olmasını istəmişdilər. Ondan sonra 5 mövsüm “Şəmkir”in şərəfini qorudum ki, həmin komanda ilə 3 dəfə çempion olduq, iki dəfə ölkə kubokunun finalına yüksəldik, bir dəfə mövsümün ən sərrast futbolçusu adını qazandım. “Şəmkir”in formasında 110 matça çıxdım və bu oyunlarda 51 dəfə fərqləndim. Azərbaycan çempionatlarında 3 dəfə het-trik etmişəm. Çempionlar Liqasının təsnifat mərhələsində “Skonto” ilə matçda da 3 dəfə fərqlənmişəm.
- Və sizi Azərbaycan millisinə dəvət etdilər. Ona qədər sizi Gürcüstan yığmasına çağırmamışdılar?
- 1980-cı illərdə Gürcüstanın yeniyetmə və gənclər yığmasında oynamışdım ki, bununla həmişə fəxr edirəm. O ki qaldı əsas yığmaya, 1990-cı illərdə yığmada elə güclü rəqbət var idi ki, mən heç ora dəvət alacağımı gözləmirdim. Həmin vaxt Gürcüstan millisində məndən də güclü futbolçular çıxış edirdilər. 1998-ci ildə isə Azərbaycan yığmasından təklif alanda, 33 yaşım olduğundan yığma səviyyəsində oynamaq üçün gec olduğunu düşünüb razılıq vermədim. 1999-un sonunda mənə yenidən ölkənin əsas komandasında oynamağı təklif etdilər. Onda artıq 34 yaşım var idi. Ancaq bu dəfə riskə getdim. Yığmanın heyətində DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində İsveç və Makedoniya ilə oyunaların iştirakçısı oldum. Bir də Gürcüstanla yoldaşlıq görüşündə meydana çıxdım. Millinin iki qarşılaşmasında isə ehtiyat oyunçular skamyasında əyləşdim. Karyeramın sonunda Birləşmiş Ərəb Əmirliklərinin “Dubay Sport Klub”una dəvət olundum və baxışdan da uğurla keçdim. Ərəblər mənə çox yaxşı, məni qane edən şərtlərlə müqavilə təklif etdilər. Lakin həmin vaxt məni Dubaya buraxmadılar ki, futbolda belə hallar olur. Bundan sonra “Şəmkir”də oynamağa davam etdim və 39 yaşımda karyeramı başa vurdum.
- Sonra da Gürcüstana döndüz və məşqçi olduz.
- Tiflisə tez-tez gəlirdim. Şəmkirdən Gürcüstan paytaxtına cəmi 180 km idi. 1996-cı ildə - Azərbaycana yollanmamışdan bir il öncə ailə həyatı qurmuşdum. Həyat yoldaşım Maka Lukava futbolu sevir və onun futbola sevgisi sayəsində uşaqlarımız bu sahəyə yönəldilər. Böyük oğlum Nikanın 23 yaşı var. Gürcüstanın aşağı yaş qrupu üzrə klublarında oynasa da, səhhəti ilə bağlı 19 yaşında futbolu atıb təhsilə yönəldi. Ortancıl oğlum Xviça 2001-ci il fevralın 12-də Tiflisdə dünyaya gəlib. Yeri gəlmişkən, kiçik oğlum Tornike də fevralda dünyaya göz açıb, hazırda onun 10 yaşı var. Bəli, karyeramı başa vurandan sonra Tiflisə döndüm. Futbolsuz qala bilmədiyimdən məşqçi lisenziyası aldım. 2005-07-ci illərdə “Sioni”də Kaxa Sxadadzenin köməkçisi işlədim. 2008-in yayında isə “Standard”da onun yardımçısı funksiyasını yerinə yetirdim. 2009-un fevralından iyuna kimi Bakı komandasının baş məşqçisi oldum. Ondan sonra Sxinvali “Spartak”ında çalışdım. 2012-də “Qəbələ”də Ramiz Məmmədovun köməkçisi, daha sonra isə “Turan” və “Şəmkir”də çalışdım. “Samtredia” və “Rustavi”də işləmişəm. 2019-un yazında səhhətimlə əlaqədar (ürəyindən əməliyyat olunub) məşqçi fəaliyyətinə son qoymuşam. Ortancıl oğlum Xviça isə 19 yaşındadı. Bildiyiniz kimi, hazırda Rusiyada legioner həyatı yaşayır. İndi bütün diqqətim ona yönəlib. Xviça üçün həm ata, həm dost, həm də məsləhətçiyəm. Hərdən Xviçaya məsləhətlər versəm də, bunu yumşaq formada edirəm. O, futbolla yaşayır. Futbol onun üçün təkcə peşə yox, həmçinin həyat tərzidi. Ən böyük fanatı isə kiçik oğlum Tornikedi. Dediyim kimi,10 yaşı var, Tiflisin “Avaz" klubunda çıxış edir. Hələlik oyunundan razıyam".
RƏŞAD hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR