Sizin reklam burada

Turdan məqamlar

Baxış Sayı:105


Turun...
...qapıçısı...

“Neftçi” – “Sabah” oyununda ehtiyatda qalan meydan sahiblərinin futbolçuları bekar qalmamaq üçün maraqlı yola əl atmışdılar. Ehtiyat qapıçı Kamran İbrahimov paltardəyişmə otağına yollandığından “çərçivə”ni Saman Nərimancahan qoruyurdu ki, iranlı yarımmüdafiəçi komanda yoldaşlarının qoruduğu qapıya yol tapmamasına çalışırdı.
İnsaf naminə, pis təsir bağışlamırdı. Boyunun balacalığına, əlində əlcəklərin olmamasına rəğmən, zərbələrə əla reaksiya göstərir, cəldliyi ilə diqqəti çəkirdi. Tanımayan olsaydı, Samanı “Neftçi”nin ehtiyat qapıçısı sayardı. Qapıya vurulan 20-yə yaxın zərbədən yalnız Fəhmin Muradbəylinin vuruşu dəqiq alındı.
Çox güman, Saman uşaq yaşlarında qapıda dayanıb, qapıçılıq məharəti də buna görədi. Özüylə söhbətdə gümanımızda yanılmadığımıza əmin olduq: “Mən futbola futzaldan gəlmişəm. Uşaq vaxtı futzala başlayanda qapıda dayanardım. Sonradan yavaş-yavaş irəli getdim və sahə oyunçusu kimi oynadım. Nədənsə qapıda dayanmaq xoşuma gəlir. İranda çıxış edəndə də qapıda dayanıb, komanda yoldaşlarıma “vurun” deyirdim. İndinin özündə də oyun vaxtı ehtiyac yaransa, “çərçivə”yə keçə bilərəm. Düzdü, böyük riskdi, bunun üçün gərək özünə son dərəcə inamlı olasan”.
...etirazı...
Yetərincə gərgin alınan “Səbail” – “Keşlə” qarşılaşmasının son dəqiqələrini meydan sahibləri azlıqda keçirdi. Bayıllıların müdafiəçisi Adil Nağıyev aldığı ikinci sarı vərəqə ucbatından mübarizəni yarımçıq dayandırmaq məcburiyyətində qaldı. Həmin vaxt qələbəyə can atan meydan sahiblərinin üzvlərini başa düşmək olardı. Lakin elə bir epizod yaşandı ki, futbolçunun narazılığını başa düşə bilmədik.
Uzun illər yığmanın formasını geymiş Rauf Əliyevin “beləsini necə söyməyəsən?” şəklində etirazının konkret kimə ünvanladığını anlamaq çətin idi. Çünki hədəfdə iki şəxs vardı: mesajı ya komandasını azlıqda qoyan Adiləydi, yə da onu qovan hakim Səbuhi Bayramova. Heç cür anlamaq olmadı.
Səbəbini səbəbkarın özündən soruşmaq istədikdə isə maraqlı cavab eşitdik: “Oyunda adam o qədər gərgin, əsəbi olur, hisslərə qapılır ki, bəzən nə dediyinin fərqinə varmırsan. Açığı, elə bir söz dediyimi xatırlamıram. Bəlkə də nəyə görəsə ağzımdan çıxıb. Amma konkret kimisə nəzərdə tutduğumu deyə bilmərəm. Hətta belə bir şey olsa belə, qırmızı vərəqə alan komanda yoldaşıma demərəm. Çünki sabah mən də “qırmızı” ala bilərəm”.
...uğursuzu
Şəhriyar Rəhimov sabit oyunu ilə seçilən futbolçulardandı. “Kəpəz”də, “Səbail”də, “Zirə”də - harda oynayıbsa, inamlı çıxışla yadda qalıb. Elə bunun nəticəsində bəzən komandanın kapitanı olub, bəzən də vitse-kapitanı. Hətta inamlı oynadığına görə bir neçə dəfə yığma məşqçilərinin diqqətini çəkməyi bacarıb.
Lakin cari mövsümdə əvvəlki Şəhriyarı görmürük. Nə baş verdiyini demək çətindi. Amma bu həna o hənadan deyil. Əvvəlki oyunlarda nəzərəçarpmaz qüsurlara yol verən təcrübəli müdafiəçi bu dəfə “Zirə” üçün qəbirqazan rolunu oynadı. Söhbət Rəhimovun 28 və 30-cu dəqiqələrdə səbəbkar olduğu penaltilərdən gedir. Düzdü, onlardan biri qolla tamamlanmadı. Amma fərqi yoxdu, ardıcıl iki dəfə cərimə meydançası daxilində qaydanı pozmuşdu. Rəhimovun özündə olmadığını görən baş məşqçi Rəşad Sadıqov fasilədə onu Kərim Diniyevlə əvəzlədi.
Məsələnin kökünə varmaq, futbolçunun dərdi ilə maraqlanmaq üçün özüylə əlaqə saxladıq. Heç bir halda zənglərə cavab vermədi. Klubun mətbuat katibi Elmar Abdullazadəni işə qoşduq ki, bəlkə o nəsə edə. Abdullazadənin göndərdiyi qısa mesajda bu sözlər yazılmışdı: “Şəhriyar deyir ki, jurnalist məni üzürlü saysın, bu haqda danışmaq istəmirəm”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR