Sizin reklam burada

“Qəbələ” rəhbərliyi komandanın sərgilədiyi oyunu bəyənir

Baxış Sayı:147


Zaur Əzizov: “Ölkə çempionatında qol vurub əsgər salamı verən futbolçudansa, Avropada qol vurub dombalaq aşan...”
Son günlər mətbuatda “Qəbələ”nin maliyyə sarıdan böyük problemlərlə üzləşdiyi barədə xəbərlər yayılıb. Yazılanlara inansaq, bölgə təmsilçisinin əsas sponsorları olan “Jalə” şirələri və “Mila” üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən və kluba vəsait ayırmaqdan boyun qaçırıblar. Bu üzdən “qırmızı-qaralar”ın durumu ağırlaşıb, klubun gələcək fəaliyyəti sual altına düşüb. Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “Qəbələ”nin baş meneceri Zaur Əzizovla söhbətləşməyi lazım bildik. Yeri gəlmişkən, dünən təkcə “Futbol+”in yox, Zaur bəyin də doğum günü imiş.
“Büdcənin azalması otel seçiminə də təsir göstərib”
- “Qəbələ”də maliyyə cəhətdən vəziyyət necədi? Bugünlərdə mediada sponsorların kluba ödəniş etməkdən boyun qaçırdığı haqda xəbərlər dolaşır. Yazılanlara inansaq, təsisçi heç bir kömək göstərmir, klubun sponsorlarından “Milla” və “Jalə” şirələri büdcəyə vəsait köçürməkdən imtina ediblər. O da qeyd olunur ki, hətta “Gilan Holdinq”in tərkibində olan otellər də artıq xidmətin qarşılığında sizdən pul tələb edir.
- Sponsorların klubdan imtina etməsi, hansısa öhdəlikləri yerinə yetirməməsi söhbəti yoxdu. Belə bir məlumat da daxil olmayıb. Mətbuatın bu xəbərləri hardan əldə etməsi çox maraqlıdı. Hazırda klub qarşısında öhdəliyi olan qurumlar və şirkətlər vaxtında, tam şəkildə “Qəbələ”yə maddi cəhətdən dəstəklərini göstərirlər. Bu üzdən klubun maliyyə cəhətdən bataqlıqda olduğunu deməzdim. Klub mövsümün əvvəlindən planlaşdırlmış formada fəaliyyətini davam etdirir. Otellərə gəlincə, onlar kluba heç vaxt pulsuz xidmət göstərməyib. Ola bilər, ödənişlərdə bir müddət gözləyiblər və yaxud başqa müştərilərlə müqayisədə şirkətin daxilində olan bir qurum kimi bizə çox ciddi endirimlər olub. Ancaq klub olaraq biz həmişə otellərə ödəniş etmişik. Bu gün biz Qəbələdə öz bazamızdan istifadə edirik, Bakıda isə klubun imkanı çatdığı otellərdə qalırıq. Heç şübhəsiz, büdcənin azalması otel seçiminə də təsir göstərib.
- Mövsümün əvvəlində məlum oldu ki, AFFA “Qəbələ”yə 1 milyon 500 min manat yardım edəcək. Assosiasiya İcraiyyə Komitəsinin qərarını icra edir? Edirsə, ödəniş hansı formada olur? Maliyyə birdəfəyə sizin hesabınıza köçüb, yoxsa aylara bölünüb?
- Ödəniş aylara bölünüb və hər ay da öhdəlik yerinə yetirilir. Bu məsələ ilə bağlı heç bir problemimiz yoxdu.
- “Qəbələ”də maliyyə ilə bağlı çətinlik yoxdusa, nəyə görə akademiyanın fəaliyyətində bəzi dəyişikliklər oldu? Bu ildən akademiyada ancaq yerli uşaqlar məşq edir, kənardan dəvət olunan bəzi məşqçilərlə yolları ayırdız.
- “Maliyyə durumumuz normaldı” söyləməyim o demək deyil ki, kifayət qədər büdcəmiz var. Sadəcə, mövsümün əvvəlində planlaşdırlan büdcə ilə bağlı çətinliyimizin olmadığını demək istəyirəm. Ümumi götürəndə isə son illərdə bir qayda olaraq, büdcəmiz hər il aşağı düşür. Bu il üçün büdcəmiz planlaşdırılanda akademiyanın fəaliyyətini də buna uyğun qurmalı olduq. Hazırda akademiya əvvəlcədən cızılmış xətt üzrə işləyir.
- Özünüz də qeyd etdiz ki, ildən-ilə büdcəniz aşağı düşür. Bu gedişlə yaxın iki-üç ildə “Qəbələ”nin ayaqüstə qalacağı şübhəli görünür...
- Çoxları bəzən deyir ki, “Qəbələ”nin büdcəsi son 2-3 ildə azalıb. Əslində azalma komanda ikinci dəfə Avropa Liqasının qrupuna çıxdığı ildən başlayıb. Amma həmin vəsait qarşıya qoyulan məqsədə çatmağa yetərli idi. Həmin vaxtdan başlayaraq, digər layihələri saxladıq və bütün diqqət əsas komandaya yönəldi ki, iddiasını sürdürsün. “Qəbələ”nin gələcəyi ilə bağlı suala gəlincə, indiki halda mənim nəsə söyləməyim heç bir məna kəsb etməyəcək. Komandanın gələcəyi ilə bağlı qərarı mən vermirəm. Yeri gəlmişkən, onu da vurğulayım ki, büdcəsi azalan tək “Qəbələ” deyil. Premyer-liqada çıxış edən başqa klublarda da eyni hal yaşanır. Deməzdim ki, “Qəbələ”nin gələcəyi böyük sual altındadı. Ən azı mövsümün əvvəli Qəbələnin ölkə futbolu üçün nə qədər vacib və əhəmiyyətli olduğunu göstərdi. Yəqin belə nüanslar daim nəzərə alınacaq.
“Onlardan beşi yerli oyunçulardan daha aşağı maaş alırlar”
- Mənə, həmçinin bir çoxlarına maraqlıdı: büdcəsi azalan klub heyətinə bu qədər legioneri necə cəlb edə bilir? Pul yoxdusa, əcnəbiləri necə dəvət edirsiz?
- Hazırda bizim komandada ən yüksək ödənişli futbolçu legionerdi. Cari mövsümdə heyətimizdə 8 əcnəbi futbolçu çıxış edir ki, onlardan beşi yerli oyunçulardan daha aşağı maaş alırlar.
- Yerli futbolçudan az maaş alan legioneri “Qəbələ”yə gətirən səbəb nədi? Onu da nəzərə alaq ki, bu gün komandanın heyətində daha çox gənclər çıxış edir ki, onların da məvacibi o qədər yüksək deyil.
- Fikrimcə, komandamızda olan futbolçuların məqsədi legioner həyatı yaşamaqdı. Onlar “legioner” statusu qazanmaq üçün öz ölkələrini tərk ediblər. Mən inanmıram ki, alban müdafiəçimiz və ya monteneqrolu yarımmüdafiəçimiz “Qəbələ”ni maddi baxımdan öz ölkəsinin klublarından üstün tutduqları üçün gəliblər. Sadəcə, onlar özlərini ölkə xaricində yoxlamaq, daha yaxşı şərtlər altında başqa klublara keçmək üçün bizim komandaya üz tutublar. Ortada Fernan nümunəsi var. İspan yarımmüdafiəçi ötən il bizim heyətimizdə azərbaycanlı uşaqlardan da az maaş alırdı.
- Maaşını deyə bilərsən?
- 3000 dollar. Bir il az məvacibə razılaşdı, ancaq bu il Polşaya yollandı. Təbii ki, orda dəfələrlə artıq məvacib alacaq. Və yaxud cari mövsümdə bizə qoşulan Stefan Vukçeviçi götürək. Hətta o bizə təklif olunanda mənə də təəccüblü gəldi ki, nə yaxşı aşağı maaşa “Qəbələ”də oynamaq istəyir. Söhbət zamanı uzun illər eyni çempionatda oynamaqdan bezdiyini və özünü başqa ölkədə sınamaq istədiyini söylədi. “Qəbələ”yə gəlməsinin müsbət tərəfi o oldu ki, bir neçə gün əvvəl Monteneqro yığmasının baş məşqçisi ona zəng vurmuşdu. Danışan zaman bildirib ki, oyunlarını izləyirik. Özü də deyir ki, Monteneqroda olanda heç vaxt millinin çalışdırıcısı ona telefon açmayıb. Bunun özü futbolçu üçün stimuldu. Alemaonu götürək. O Braziliyanın B seriyasında çıxış edirdi. “Qəbələ”də aldığı pulu vətənində də alırdı. Həmin pula okeanı keçib bura gəlməkdə məqsədi “Qəbələ”də özünü yaxşı tərəfdən göstərib daha imkanlı, iddialı kluba keçməkdi.
“Baxşıyev rəhbərliyin istədiyi yöndə işini görür”
- Hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ”nin cari mövsümdəki çıxışı rəhbərliyi qane edir? Elmar Baxşıyevə nə vaxta kimi etimad göstərməyi planlaşdırırsız?
- Əvvəlcə sualın birinci hissəsinə cavab vermək istəyirəm. Komandanın çempionatda çıxışı oyun baxımından bizi qane edir. Fikrimcə, nəticə daha yaxşı ola bilərdi. Ən azı “Neftçi” ilə matçın 90+3-cü dəqiqəsində qapımızda qol görməsəydik, indi turnir cədvəlində daha üst pillələrdə ola bilərdik. Böyük hesabla yenildiyimiz “Sabah”la matçda belə komandanın çıxışından, ortaya qoyduğu futboldan narazı qalmadıq. Çatışmayan cəhət oyun zamanı ələ düşən fürsətlərdən yararlana bilməməyimizdi. Ümid edirəm, bu da zamanla yoluna qoyulacaq. Çünki heyətdə yer alan oyunçuların əksəriyyəti yenidi, komandaya tam uyğunlaşa bilməyiblər. Elmar müəllimin məsələsinə gəlincə, elə bir şey yoxdu ki, filankəsin 3, 5 və ya 10 oyunluq limiti var. Rəhbərlik görür ki, bu adamın iş prinsipləri, işə yanaşması, gündəlik fəaliyyəti klubun siyasəti ilə üst-üstə düşür. Baş məşqçi ondan nə tələb olunduğunu bilirsə və bunun qarşılığını verirsə, niyə ondan imtina olunmalıdı? O da bilir ki, bu gün komandanın qarşısısına çempion olmaq məqsədi qoyulmayıb. Biz uğurlu nəticə qazanmaq üçün komanda qurmamışıq. İstəyimiz mövsümü maksimum üst pillərdə başa vurmaqdı. “Qəbələ”də baş məşqçi ilə bağlı məsələ müzakirə olunanda nəticələrlə yanaşı, onun geridə qalan müddətdə kluba nə verdiyi, hansı xidmətlər göstərdiyi də nəzərə alınır. Bu gün də Baxşıyev rəhbərliyin istədiyi yöndə işini görür.
- Bu gün həm də doğum günündü. Təxminən 11 ilə yaxındı “Qəbələ”də çalışırsan. Geridə qalan illər ərzində sənin heç vaxt unutmayacağın ən yaddaqalan oyun hansı olub?
- Öncə fürsətdən istifadə edib mən də “Futbol+”in 23 yaşını təbrik edirəm. O ki qaldı qaldı özümə, bu illər ərzində istər daxili çempionatda, istərsə də avrokuboklarda maraqlı, gərgin oyunlar çox olub. Ancaq mən “doğma divarlar” arasında Tiflis “Dinamo”suna və Sloveniyada “Maribor”a qarşı keçirdiyimiz matçları qeyd edərdim. Sloveniyadakı oyunun 60-cı dəqiqəsində gördüm ki, artıq əsəblərim tab gətirmir. Həyəcandan və gərginlikdən özümü pis etməyə başlamışdım və bu üzdən hiss olunmadan çıxdım aradan. Oyuna sona qədər baxa bilmədim. “Dinamo” ilə qarşılaşma isə bizim çox uğurlu marafonun başlanğıcı idi. Ümumi götürdükdə komandanın hər Avroliqa oyunu bizim üçün ayrı bir hekayə idi.
- Futbolumuzun gələcəyi ilə bağlı nə düşünürsən?
- Ölkəmiz üçün belə həssas, yeni dönəmdə hər kəs çalışdığı sahədə bacardığı qədər Azərbaycana fayda verməlidi. Bugünlərdə mən çox heyifsilənirəm ki, Avropada ölkəmizi təmsil edən bir futbolçu da yoxdu. Bu məsələdə hamının – AFFA-nın, klub rəhbərliyinin, futbol agentlərinin, xüsusilə də futbolçuların özlərinin böyük günahı var. Deməli, geridə qalan illərdə nəyisə düz etməmişik, hansısa məqamda səhvə yol vermişik ki, bu gün istədiyimizi görə bilmirik. Erməni Mxitaryan bir kəlmə deyəndə, Avropa mətbuatı onu işıqlandırır, şərəfini qoruduğu “Roma” söylədiklərinə uyub Qarabağ ermənilərinə yardım göstərir. Bizim isə belə futbolçumuz yoxdu. Mənim üçün indiki durumda ölkə çempionatında qol vurub əsgər salamı verən futbolçudansa, Avropada qol vurub dombalaq aşan azərbaycanlı oyunçunun varlığı daha üstün olardı. Ən azı vurduğu qola görə yerli mediada ona maraq yaranacaqdı, azərbaycanlı olduğu qeyd olunacaqdı. Bütün bunların fonunda Azərbaycanın bu gün Vətən Müharibəsi apardığı da yazılacaqdı. Çox istərdim ki, qarşıdakı illərdə ölkə xaricində, Avropanın heç olmasa, orta səviyyəli çempionatlarında çıxış edən oyunçularımızın sayı artsın.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR