Sizin reklam burada

“Futbol+” ideya verdi, PFL yaxın durmadı

Baxış Sayı:183


“Bu məsələ hələ ki gündəmdə deyil”
Pandemiyaya görə premyer-liqanın təşkilində bəzi dəyişikliklər edilib ki, bunlar anlaşılandı. Çempionatı təşkil edib, keçirən qurum son dərəcə ehtiyatlı olmağa çalışır. Əvvəlki illərlə müqayisədə dəyişiklik və yeniliklərdən biri də oyunlardan sonra “miks-zonalar”ın ləğvidi. Öncəki mövsümlərdə oyundan sonra futbolçularla üzbəüz danışmaq imkanımız olurdu. Və belədə onlardan hansısa məsələyə, deyək ki, qələbəyə, məğlubiyyətə, yaxud oyun vaxtı baş verən hansısa hadisəyə isti-isti münasibət öyrənirdik.
Hazırda belə imkanımız yoxdu. Görüş başa çatandan sonra avtobusa minib stadionu tərk edirlər. Əlac qalır başqa vaxt danışmağa. Başqa vaxt isə mətbuat katiblərindən icazə almalısan, həmin futbolçunun telefona cavab verməməsinə hazır olmalısan. Qısası, işimiz xeyli çətinləşir. Halbuki idman mətbuatının “çörəy”i əsasən müsahibə və açıqlamalardan çıxır.
Çıxış yolu yox deyil. Təklif edirik ki, oyun başa çatandan sonra baş məşqçinin, ya da jurnalistlərin istəyinə uyğun hansısa futbolçu mətbuat konfransında iştirak etsin. Baş məşqçiylə yanaşı əyləşə bilər, ən pis halda media mənsublarının önünə tək çıxar. Baş məşqçi komandanın bir parçası olduğu halda konfransda iştirak edə bilirsə, futbolçular da eyni addımı ata bilər.
Məsələ ilə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə müraciət etdik. Qurum rəsmisi ideyanı həyata keçirməyin riskli olduğunu deyib, fikrini belə əsaslandırdı: “Futbolçular oyundan əvvəl koronavirus testi verir. Stadion isə dörd zonaya bölünüb. “ZONA 1”ə analiz verməyən heç kim buraxılmır. Ona görə də hansısa futbolçunun konfrans otağına daxil olması təhlükəlidi. Çünki jurnalistlər oyundan öncə mətbuat konfransında test vermədən iştirak edir. Bildiyiniz kimi, yoluxma sayı hər ötən gün artır. Ona görə də bu məsələ hələ ki gündəmdə deyil. Çempionatın davam etməsi üçün son dərəcə diqqətli olmağa çalışırıq”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR