Sizin reklam burada

La última esperanza es "Keshla"

Baxış Sayı:155


Sezar Meza Kollinin dönüşünün pərdəarxası
Yəqin çoxunuz yazının sərlövhəsini başa düşmədiz. Bu əndrəbadi başlıq ispan dilindədi. Qəribə gəlməsin, çünki bizim futbolda baş verən proseslərin çoxu qeyri-adidi. Deyərdim ki, Azərbaycan premyer-liqası dünyanın ən maraqlı və qeyri-adi çempionatlarından biridi. Bu, liqada yaşanan proseslərdən açıq-aydın görünür. Məsələn, beynəlxalq səviyyədə “transfer pəncərəsi” bağlansa da, bizim klublar hələ də heyətini gücləndirə bilirlər. Və ya hansısa bir futbolçu 2-3 ay gəzib-dolaşdıqdan sonra gəlib, hansısa komandamızda heç nə olmayıbmış kimi oynaya bilir. İnanmırsız? Sizə bu yaxınlarda paylaşılan rəsmi xəbəri təqdim edirəm: “Keşlə” ötən mövsüm Rumıniyanın “Universitatya Krayova” klubundan icarəyə götürdüyü Sezar Meza Kollini yenidən heyətinə qatıb. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb. Paraqvaylı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb. “Universitatya Krayova” ilə müqaviləsini ləğv edən futbolçu “Keşlə”yə bu dəfə azad agent statusunda keçib”.
Sezar 2013-16-cı illər aralığında “Keşlə”nin “İnter” adlandığı dövrdə də bu klubun uğurları üçün çalışıb. 29 yaşlı futbolçu 2018- də də paytaxt təmsilçisində forma geyib və məhz bu klubdan Rumıniya təmsilçisinə transfer olunub. Ötən mövsüm icarə əsasında yenidən “Keşlə”yə qayıdan Meza Kolli bu ilin əvvəlində koronavirus pandemiyasına görə elan olunan karantin dövründə Azərbaycanı tərk etmişdi. Bakılılar yaydan bəri onun yolunu gözləsə də, Sezar başqa klublardan daha sərfəli təklif almaq ümidi ilə “Keşlə”yə qayıtmaqdan imtina edirdi. Təsəvvür edin ki, bir futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsində meydana çıxmır və çempionatın 6 turundan sonra komandanın sıralarına qoşulur. Başqa yerdə desək, bizə gülərlər.
“Hər nə olubsa, olub” deyib, “Keşlə”nin baş məşqçisi Yunis Hüseynova zəng etdik. Təyinatı zamanı, bundan sonra təcrübəli mütəxəssislə əlaqə yaratmaq istəsək də, dəfələrlə müxtəlif bəhanələrlə müsahibə, açıqlama verməkdən boyun qaçırmışdı. Buna sözümüz yoxdu, şəxsi seçimidi. Bu dəfə zəngimizi götürən Hüseynov sualımızdan sonra “burda qəribə nə var ki? İndi yoldayam, 15 dəqiqə sonra sizi yığacam” deyərək dəstəyi asdı. Gün ərzində dəfələrlə yenidən əlaqə saxlamağa cəhd etsək də, zəngimizə cavab vermədi.
İndi Hüseynov elə düşünür ki, bizi yol verdi. Amma xəbəri yoxdu ki, Sezar Mezza Kolli onu və rəhbərlik etdiyi komandanı 2-3 aydı barmağına dolayır. “Keşlə” italyan əsilli paraqvaylının, yığmamızın gələcək üzvünün sonuncu seçimi idi ki, bunu da etdi. Sualımıza cavab tapa bilməyən Yunis Hüseynov bizi “yola verdiyini” düşündü. Amma onun xəbəri yoxdu ki, kluba himəyardarlıq edənlər Meza Kollini millidə çıxış etməsi üçün geri qaytararaq Hüseynovu məşqçi kimi saymadıqlarını göstərdilər. Onları da qınamaq olmaz axı! “Laçi” kimi 2-ci dərəcəli komandanı mübarizədən kənarlaşdıra bilməyən baş məşqçiyə hansı klub rəhbəri güvənər?
“La última esperanza es "Keshla"nın ispan dilindən tərcüməsi “Sonuncu ümid olan “Keşlə” deməkdi. Paytaxt təmsilçisinin rəhbərliyi “Səbail”lə heç-heçə edərək liderlik şansını itirən baş məşqçiyə sonuncu xəbərdarlığını edib. Paraqvaylı futbolçunun Yunis Hüseynov tərəfindən istənilməməsinə rəğmən, yenidən komandaya gətirilməsi də bunun əyani sübutudu. “Qarabağ”la heç-heçədən sonra “niyə də çempion olmayaq?” deyən Hüseynovun ümidləri gündən-günə puç olur. Məşqçi kimi özünü sübut etmək üçün Yunis bəyin son ümidi yeri “Keşlə”dən qovulması artıq an məsələsidi.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR