Ötən həftə əsas yığma Millətlər Liqasında, U-21 isə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını keçiriblər. Həmin qarşılaşmalardan sonra isə hər iki yığmanın çalışdırıcıları – Canni De Byazi və Milan Obradoviç ölkələrinə yollanıblar. Bu üzdən premyer-liqanın son turunun oyunlarını baş məşqçilərin özlərinin yox, köməkçilərinin izlədiyinə şahidlik etdik.
Bəs görəsən, De Byazi ilə Obradoviçin məzuniyyət günləri nə qədər davam edəcək, onların Bakıya qayıdışı nə vaxta planlaşdırlıb? AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla sualmıza belə cavab verdi: “Canni De Byazi avqustun əvvəlindən Bakıda idi. Bu müddətdə, demək olar ki, premyer-liqanın əksər oyunlarını canlı izləməyə çalışdı. Klublarımızın avrokuboklardakı görüşlərini də qaçırmadı. Kiprlə matçdan sonra qısa müddətə ailəsinə baş çəkmək üçün İtaliyaya yollanıb. Canni De Byazi gələn həftə yenidən Azərbaycana qayıdacaq və işini davam etdirəcək. Köməkçiləri isə adətən, yığmanın oyunları ərəfəsində Bakıya gəlirlər. Milan Obradoviçə gəlincə, U-21-in çalışdırıcısının da gələn həftə geri dönəcəyi gözlənilir. Onun köməkçiləri isə heç yerə getməyiblər. Premyer-liqanın 6-ci turunda yardımçıları “Neftçi” – “Sabah”, “Sumqayıt” – “Keşlə” qarşılaşmalarında iş başında olublar”.
RƏŞAD