23. Neftçi (Bakı) – Sabah (Bakı) 1:0 (1:0)30. Aqil Məmmədov – 6,0
91. Tallison Dias - 5,5
20. Mert Çelik – 5,5
6. Voislav Stankoviç – 5,5
26. Ömər Buludov – 5,0
36. Mamadu Kane – 4,5
8. Emin Mahmudov (k) – 5,5
24. Yusuf Laval – 5,0
29. Sabir Buqrin – 5,0
(17. Bruno Teluşi, 64) – 4,5
7. Namiq Ələsgərov – 5,5
(19. Fəhmin Muradbəyli, 89) – qiymətsiz
22. Mirabdulla Abbasov – 5,0
(3. Mamadu Mboc, 81) – qiymətsiz
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
4. Rener Alves
10. Saman Nərimancahan
27. Fərid Yusifli
37. Vüsal Əsgərov
40. Vüqar Həsənov
45. Əli Mürsəlov
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Aqil Məmmədov
1. Saşa Stamenkoviç (k) – 6,0
14. Slavik Alxasov – 4,5
13. Filip İvanoviç – 5,0
(28. Kevin Kubemba, 88) – qiymətsiz
5. Nikola Vuyadinoviç – 5,0
2. Amin Seydiyev – 5,0
30. Mario Marina – 5,0
(23. Amadu Diallo, 79) – qiymətsiz
77. Veysəl Rzayev – 5,0
90. Ramil Şeydayev – 4,5
29. Ceyhun Nuriyev – 4,0
(10. Yevgeni Koçuk, 46) – 5,0
11. Ozan Can Kökcü – 5,5
18. Xulio Sezar Rodriges – 5,5
Ehtiyat oyunçular
12. Alvaro Villete
94. Nicat Mehbalıyev
3. Ulise Diallo
7. Coşqun Diniyev
8. Elşən Abdullayev
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
60. Abbas Ağazadə
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Saşa Stamenkoviç
Qol: N.Ələsgərov, 29 (Y.Laval).
Vərəqələr: M.Kane, 3 (qeyri-idman hərəkəti). S.Alxasov, 16 (qeyri-idman hərəkəti). O.C.Kökcü, 69 (qeyri-idman hərəkəti). B.Teluşi, 71 (qeyri-idman hərəkəti). A.Məmmədov, 90+2 (qeyri-idman hərəkəti). X.S.Rodriges, 90+1 (qeyri-idman hərəkəti) – sarı. M.Kane, 75 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: ƏLİYAR AĞAYEV, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
18 oktyabr. Bakı. Bakcell Arena. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Hər iki komanda üçün həssas məqam idi. “Ağ-qaralar” əvvəlki iki oyunda cəmi 1 xal qazanmışdısa, “tələbələr” qələbəyə həsrət qalmışdı. Hər ikisinin qeyri-sabit təsir bağışlaması, üstəgəl, yüksək hədəflər uğrunda mübarizə aparması oyunun prinsipiallığını artırırdı. Bir sözlə, qələbə qazanan komanda irəliyə doğru bir yox, iki addım atacaqdı.
Heyətlərə baxanda təəccüblənməmək mümkün deyildi. Füzuli Məmmədov Anton Krivotsyukla Prins İbaraya nəinki “11-lik”də şans verməmişdi, ümumiyyətlə, adlarını “23-lüy”ə salmamışdı. Visente Qomes isə ilk dəqiqələrdən yaşı 22-nin altında olan 4 gəncə şans vermişdi.
İlk hissədə hər iki komandanın həyəcanlı görünməsi anlaşılan idi. Qol buraxmamağın qayğısına qalan tərəflər ehtiyatlı oyuna üstünlük verməklə risk etməkdən çəkinirdi. Elə buna görədi ki, qapılar qarşısında yaşanan təhlükəli vəziyyətlərin sayı az idi. İlk 20 dəqiqədə Mirabdullanın qapının yanından keçən baş zərbəsi, Ramilin isə hədəfə düşməyən vuruşu yadda qaldı. Yarım saatın tamamına saniyələr qalmış hesab açıldı. Namiq Slavikin səhvindən sonra Yusufun ötürdüyü topu yaxın küncə “sancmağı” bacardı. Hesab açılandan 5 dəqiqə sonra Filipin “çərçivə”yə düşməyən baş zərbəsi yaddaqalan oldu.
Qomes start heyətini müəyyənləşdirəndə verdiyi səhvi fasilədə anladı və Ceyhunun əvəzinə meydana Koçuku buraxmaqla vəziyyəti komandasının xeyrinə dəyişməyi bacardı. Artıq “Sabah” yetərincə təhlükəli təsir bağışlayırdı. Sadəcə, son ötürməni verə biləcək futbolçunun olmaması bir çox hallarda qonaqların işini çətinləşdirirdi. İkinci hissəni qapıçıların dueli kimi dəyərləndirmək doğru olar. Saşa rəqibin üç yüzfaizlik qol fürsətinin qarşısını aldısa, Aqilin möhtəşəm seyvləri komandasına həyat verdi. Kane komandasını azlıqda qoyandan sonra “tələbələr”in iştahının artması başadüşülən idi. “Neftçi”nin qapısı qarşısına asmalar sıralanır, müdafiəçilərlə oyuna sonradan qoşulan Mboc inamlı təsir bağışlamaqla komandanı qələbəyə yaxınlaşdırırdı. Oyunda başqa qol olmayınca, “Neftçi” 28 gündən sonra qələbə sevinci yaşadı.
Rəhbərliyin Visente Qomeslə bağlı hansı qərar verəcəyini demək çətindi. Bir məqam dəqiqdi ki, özü ilə “bir vaqon” köməkçi gətirən ispan çalışdırıcı bu gedişlə “Sabah”ı yarıyolda qoyacaq”.
HƏBİBReaksiyalarVisente Qomes: “Azərbaycanın Müstəqillik Günü münasibəti ilə hamınızı təbrik edirəm. Matça gəlincə, ikinci hissədə komandalar eyni səviyyədə oynadılar. Sadəcə, onlar qol vurmağı bacardı, biz yox. Hücumda sonluq çatmırdı. İkinci yarıda rəqibdən üstün təsir bağışladıq. Qırmızı vərəqəyə qədər də belə idi, ondan sonra da. Əlverişli imkanlardan yararlana bilmirsənsə, qalib gəlmək şansın yoxdu. Oyunlar olub ki, üstün olduğumuz halda qalib gələ bilməmişik və ya pis oynayıb udmuşuq. Bu gün də zəif çıxış etdiyimizi deməzdim. Bu gün heç də pis təsir bağışlamadıq... Tək İspaniyada yox, dünyanın istənilən yerində ardıcıl 3 oyun uduzan komandanın baş məşqçisini ya istefaya göndərirlər, ya da şans verirlər ki, sonralar uğurlar əldə olunur. Siz özünüz də yaxşı yazılar yazanda, işləməyə davam edirsiz. Özüm getmək haqda düşünürəm? Xeyr! Ceyhuna ilk “11-lik”də şans verməklə yanlış addım atdığımı düşünmürəm. Sadəcə, ikinci hissə üçün bəzi dəyişikliklər etdik deyə, Ceyhunu Koçukla əvəzlədik. Əsas heyətdə çox sayda gəncə şans verməyimiz hədəflərdən uzaq düşmüşük kimi görünməsin. Gənclərlə təcrübəlilərin balansını qorumaqla qələbə qazanmaq istəyirik. Komanda ardıcıl 3 oyun uduzanda futbolçularda müəyyən problemlər yaranır. Bizim işimiz həmin problemlərin qarşısını almaqdı”.
Füzuli Məmmədov: “Oyun haqda düşünmək, danışmaq çətindi. Bu dəqiqə hamımızın fikri, diqqəti cəbhədədi. Ürəyimiz ordakı əsgər və zabitlərin yanındadı. Hər bir məşqçi üçün futbolçuları oyuna kökləmək çətindi. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuza qüvvət versin! Bu gün qələbə qazansaq da, əsas qələbə xəbərini, inşallah, ən yaxın zamanda eşidəcəyik... Bu gün bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. “Sabah”ın heyətində bacarıqlı futbolçuların olduğunu rəqibi təhlil edəndə bir daha görmüşdük. Buna baxmayaraq, futbolçularım meydanda verilən tapşırıqları yerinə yetirib, vacib qələbə qazanmağı bacardılar. Meydanda can qoyan bütün futbolçuları təbrik edirəm. Xərədaşıyan uşağa nə deyirdim? Aramızda olan gizli söhbət idi. Bəli, Aqilə mesaj göndərirdim (gülümsəyir). Mərt Renerdən nədə üstündü? Mərtin üstünlüyü oyun təcrübəsinə sahib olmasıdı. Həm də yığma üzvündə uyğunlaşma problemi yoxdu. Hər ikisi gəncdi, gələcəkdə bizə faydaları dəyəcək”.
Gözdən qaçmadı* Oyun cəbhədəki müharibə şəraitinə uyğun ab-havada başladı. Komandaların qarşılaşmaya xüsusi köynəklərdə çıxması orduya dəstək xarakteri daşıyırdısa, açılan plakatda bayrağımızın rənglərinin üzərində 18 oktyabr - Müstəqillik Gününə aid olan “Azərbaycanın dövlət müstəqilliyi əbədidi, sarsılmazdı, dönməzdi” sözləri həkk olunmuşdu. Adətə uyğun olaraq hakimin start fitindən əvvəl dövlət himnimiz də səsləndirildi.
* “Neftçi”nin və U-21 millimizin üzvü Mərt Çelik premyer-liqada debüt etdi. Gənc müdafiəçi olduqca inamlı təsir bağışlayır, Xulio Sezar Rodriges kimi təcrübəli rəqib forvardın öhdəsindən gəlməyi bacarırdı. 36-cı dəqiqədə bu iki futbolçu arasında ciddi münaqişə yaşandı. Xulio ikili mübarizədən sonra yerdə Mərtə təpik atınca, “Neftçi”li paraqvaylının üzərinə hücum çəkdi. Yaxınlıqdakı futbolçularla baş hakim münaqişənin əlbəyaxa davaya keçməsinə imkan vermədi.
* Fasilədə jurnalistlərin gözü yenə meydandaydı. “Neftçi”nin iranlı futbolçusu Saman Nərimancahan əlcəksiz də olsa, qapıda dayanmışdı, ehtiyatda qalan futbolçular onu cərimə meydançasının xaricindən “yoxlayırdı”. Bəstəboy olmasına rəğmən, Saman “çərçivə”də keçilməz idi. Təxminən 20 zərbədən yalnız biri qapıdan keçdi ki, qolun müəllifi Fəhmin Muradbəyli oldu.
* 85-ci dəqiqədə Füzuli Məmmədov “Neftçi”nin ehtiyat oyunçular skamyasının yanında əyləşən xərəkdaşıyan uşaqlardan birinə nəsə deyincə, yeniyetmə asta addımlarla “ağ-qaralar”ın qapısının arxasında dayanan topdaşıyan uşağa tərəf yön aldı. Baş məşqçinin dediklərini həmin uşağa deyib, yenidən geri qayıtdı. Çox güman, Məmmədov uşaqlarla Aqilə vaxtı “udmaq” mesajı göndərmişdi.
* Oyun başa çatandan sonra “Bakcell Arena”nın ətrafındakı taksilərin bayramı idi. “Sabah“lı futbolçuların avtobusdan yox, taksidən yararlanması sürücülərin üzünü güldürməyə bilməzdi. Dostlar – Emin Mahmudovla Ruslan Abışov yol yoldaşı oldular, serblər – Filip İvanoviçlə Saşa Stamenkoviç bir getdilər, paraqvaylı Xulio Sezar Rodrigesin yolu isə uruqvaylı Alvaro Villet ilə eyni idi. Xulio olduğu məkanı dəqiqliklə sürücüyə başa sala bilmirdi deyə, köməyinə Saşa çatdı. Stamenkoviçin rus dilində çətinliklə vəziyyəti sürücüyə anlatması kənardan həm maraqlı, həm də gülməli görünürdü.
Yeri gəlmişkən...Namiq Ələsgərov ölkə çempionatında 20-ci qolunu vurub. Yarımmüdafiəçi 144-cü oyununda 20-yə çatıb.
O, vurduğu qollardan 14-nə “Neftçi”də imza atıb. Namiq “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 dəfə fərqlənib.
Qeyd edək ki, Ələsgərov ilk qolunu 2014-cü il martın 29-da “Bakı” – “Simurq” matçında (2:1) qonaqların qapısından keçirib.