Sizin reklam burada

Qonaqlar qələbəyə həsrət qaldı, mövsümün 50-ci qolu vuruldu

Baxış Sayı:108

Qonaqlar qələbəyə həsrət qaldı, mövsümün 50-ci qolu vuruldu

Yığmanın oyunları ilə bağlı yaranmış ikihəftəlik fasilədən sonra komandaların hansı durumda olacağı maraq doğururdu. O cümlədən oyunların tempi və futbolçuların hazırlıq durumu. Sözsüz, əvvəlki turlar qədər parlaq və qeyri-adi alınmadı. Demək olar ki, heç bir görüşdə sürpriz nəticə qeydə alınmadı.
Məhsuldarlıq da o həddə çatmadı – 4 oyuna 9 qol. Orta hesabla hər matça təxminən 2 top. İndiyəqədərki turlarla müqayisədə yenilik qonaqlardan heç birinin qələbəyə sevinə bilməməsidi. Meydan sahibləri 3 qələbə qazandı, 1 heç-heçə qeydə alındı. Əvvəlki 5 turda bu cür mənzərə yaşanmamışdı.
Bombardirlərin yarışında da mübarizə qızışmaqdadı. Ardıcıl 4 qarşılaşmada fərqlənən Əli Qurbaninin budəfəki susqunluğu fonunda Davit Volkovla Namiq Ələsgərov fərqlənib qollarının sayını 4-ə çatdırdı.
Turun prinsipial oyununun “Sumqayıt”la “Zirə” arasında baş tutacağına şübhə yox idi. Qəsəbə təmsilçisi lider idisə, “kimyaçılar” rəqibini qarabaqara izləyib birinci pilləyə can atan komanda hesab olunurdu. “Zirə” qələbə qazanacağı təqdirdə əsas rəqiblərindən birini yaxın ətrafından uzaqlaşdıracaq, bununla da böyük psixoloji üstünlük qazanacaqdı. Əks təqdirdə, sumqayıtlılar kürsünü ələ keçirəcəkdi, necə ki, keçirdilər. Əzmkar Rəşad Sadıqovla nisbətən təcrübəli Ayxan Abbasovun məşqçi kimi ilk dueli də böyük maraq doğururdu. Debüt ilindəcə medal qazanmaq istəyən Sadıqov kimi, xarakterə sahib Abbasov da eyni həvəsdədi. 90 dəqiqənin tamamında təcrübənin əzmkarlığı üstələdiyini gördük.
“Neftçi”ylə “Sabah”ın dueli də yekun nəticəyə görə önəmli hesab olunurdu. Komandaların hər ikisi əvvəlki 2 turda məğlub olmuşdu ki, qələbə həm turnir cədvəlindəki vəziyyəti yaxşılaşdırmaq, həm də daxildəki psixoloji durumu qaydasına salmaq baxımından vacib idi. Hətta növbəti yenilgidən sonra Visente Qomesin baş məşqçi postundan göndəriləcəyi deyilirdi. Yox, “Neftçi” uduzsaydı, sonrakı durumu təsəvvür etmək çətin olmayacaqdı. Gərgin keçən 90 dəqiqənin tamamında “ağ-qaralar” lazım olan 3 xalı əldə etməklə “3-lük”də özünə yer etdi.
Çoxlarının zəif saydığı, lakin heyətinə görə yetətincə yaxşı görünən “Səbail” 4-cü turda “Sabah” üzərində qazandığı qələbənin təsadüf olmadığını sübut etməliydi. Bayıllıların qarşısındakı rəqib də “dünənki uşaq” deyildi – 5 oyunda cəmi 1 yenilgi görən “Keşlə”yə qarşı mübarizə aparmaq lazım gəlirdi. Mövsümə ardıcıl 3 yenilgi ilə başlayan “dənizçilər” əsas hədəfə çata bilməsə də, heç-heçə də pis nəticə sayılmamalıdı. Ən azı sonuncu pilləni “Qəbələ”yə “təhvil vermiş” oldular.
“Qəbələ” demişkən, bu gün ilk “4-lük”də qərarlaşan “Sumqayıt”, “Zirə”, “Neftçi”, “Keşlə” kimi rəqiblərin heç birinə baş əyməyən bölgə təmsilçisinin çempionla dueldə nə ilə yadda qalacağı maraq doğururdu. İnsaf naminə, bu dəfə də xoş təsir bağışladıqlarını demək olar. Hər iki hissənin sonunda qapılarında gördüyü qollar yekun nəticədə sözünü dedi. Təcrübəli komandaya qarşı oyunda təcrübələri çatmadı. “Qarabağ” isə cari mövsümdə ilk böyükhesablı qələbəsini qazanmaqla yanaşı, çempionatda 3 oyundan sonra 3 xalın sevincini yaşadı. “Köhlən atlar” ilk və son qələbəsini avqustun 22-də, “Sabah”la açılış turunun oyununda qazanmışdı. Özündən yuxarı sıralarda qərarlaşan komandalarla müqayisədə 1 oyun az keçirən çempion ikinci “4-lük”də yer alıb. Maraqlıdı ki, “Səbail”lə təxirə salınan qarşılaşmadakı mümkün qələbə ağdamlıları liderliyə yüksəldəcək.
Yeri gəlmişkən, hesabat turunda mövsümün 50-ci qolu da vuruldu. Yubiley topunun müəllifi Rəhim Sadıxov oldu. Ümumilikdə cari mövsümün 23 oyununda 52 top vurulub ki, orta məhsuldarlıq 2,26-ya bərabərdi.
Azərbaycan premyer-liqası
1-ci dövrə, 6-cı tur
17 oktaybr
Səbail - Keşlə 1:1
Qarabağ – Qəbələ 3:0
18 oktyabr
Neftçi – Sabah 1:0
Sumqayıt – Zirə 2:1
1. Sumqayıt 6 3 2 1 9-6 11
2. Zirə 6 3 1 2 8-8 10
3. Neftçi 6 3 1 2 6-6 10
4. Keşlə 6 2 3 1 6-4 9
5. Qarabağ 5 2 2 1 8-4 8
6. Sabah 6 2 0 4 6-7 6
7. Səbail 5 1 1 3 6-8 4
8. Qəbələ 6 0 4 2 3-9 4
Bombardirlər: Əli Qurbani (Sumqayıt) -5, Davit Volkov (Zirə), Namiq Ələsgərov (Neftçi) - 4.
Növbəti turun oyunları: 24 oktyabr – Keşlə - Neftçi, Qəbələ - Səbail; 25 oktyabr - Sabah – Sumqayıt, Zirə - Qarabağ.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR