Sizin reklam burada

Rəşad Sadıqov “Sumqayıt”ın zirvəyə yolunu kəsə bilmədi

Baxış Sayı:151

Rəşad Sadıqov “Sumqayıt”ın zirvəyə yolunu kəsə bilmədi

24. Sumqayıt – Zirə 2:1 (1:1)
13. Aydın Bayramov – 6,0
7. Tellur Mütəllimov – 6,0
5. Camaləddin Xocaniyazov – 5,0
3. Vurğun Hüseynov (k) – 5,5
14. Elvin Bədəlov – 6,5
21. Adəm Həmati – 5,5
(4. Kərəm Sultanov, 86) – qiymətsiz
6. Vüqar Mustafayev – 5,5
17. Murad Xaçayev – 5,5
10. Rəhim Sadıxov – 6,0
97. Xəyal Nəcəfov – 6,0
(33. Eltun Turabov, 74) – 5,0
9. Əli Qurbani – 5,5
(22. Cavid İmamverdiyev, 65) – 5,0
Ehtiyat oyunçular
1. Mehdi Cənnətov
71. Hüseynəli Quliyev
60. Elvin Məmmədov
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
88. Cavid Quliyev
20. Rüfət Abdullazadə
15. Hüseyn Cəfərov
8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Elvin Bədəlov
1. Mateus Albino - 5,5
32. Qismət Alıyev – 5,0
13. Şəhriyar Rəhimov – 4,5
(5. Kərim Diniyev, 46) – 4,5
44. Dmitrios Çantakias – 5,5
2. Sərtan Taşkın – 5,0
(10. Ağabala Ramazanov, 71) – 5,5
4. Elvin Camalov (k) – 5,5
7. Tural Bayramlı – 5,5
91. Ruslan Qurbanov – 5,5
8. İlkin Muradov – 5,5
9. Davit Volkov – 6,0
11. Klesio Bauk – 5,5
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
21. Hacıağa Hacılı
20. Əli Şirinov
77. Cəlal Hüseynov
6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov
Qollar: R.Sadıxov, 30-p. (1:0). D.Volkov, 35 (1:1). T.Mütəllimov, 59 (2:1, Ə.Qurbani).
Əli Qurbani 28-ci dəqiqədə penaltidən yararlana bilməyib (yan).
Vərəqələr: V.Mustafayev, 18 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 30 (qeyri-idman hərəkəti). E.Bədəlov, 43 (qeyri-idman hərəkəti). C.Xocaniyazov, 45 (qeyri-idman hərəkəti). E.Turabov, 83 (qeyri-idman hərəkəti). A.Bayramov, 90+1 (oyunun bərpasını ləngitmək) – sarı. K.Diniyev, 90+3 (rəqibi aşkar qol imkanından məhrum etmək) – qırmızı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
18 oktyabr. Sumqayıt. Kapital Bank Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Hesabat turunun son oyunu çox maraqlı alındı. Gərgin mübarizə şəraitində keçən matç meydan sahiblərinin qələbəsi ilə başa çatdı ki, bu nəticə də Ayxan Abbasovun komandasını liderliyə yüksəltdi. Bu oyunda hər şey var idi – qaçırılan və dəqiq yerinə yetirilən penalti, qırmızı vərəqə, baxımlı qol. Vəheç şübhəsiz, ən önəmli məqam komandaların şən və ekran qarşısında əyləşən azarkeşlərə zövq verən oyun sərgiləməsi oldu. Vaxtilə eyni komandada, çiyin-çiyinə top qovan Ayxan Abbasovla Rəşad Sadıqovun baş məşqçi kimi ilk dəfə üz-üzə gəlməsi də xüsusi məqam kimi qeyd olunmalıdı.
İlk dəqiqələrdən hiss olunurdu ki, hər iki komanda xoşbəxtliyi rəqib qapısı önüncdə axtaracaq, daha çox hücum futboluna üstünlük verəcək. Yeri gəlmişkən, həm Sadıqovun, həm də Abbasovun texniki zonada emosional hərəkətləri, oyunboyu dayanmadan göstəriş verməsi futbolçulara bir dəqiqə də “boşalmağa” imkan vermirdi. Hazırda ayrı-ayrı komandaların “sükanı arxasında” olan sabiq komanda yoldaşları istər görüşdən öncə, istərsə də sonra bir-biri ilə nə qədər isti görüşüb, sağollaşsalar da, uduzmağı ağıllarından belə keçirmirdilər ki, da bunu onların sifər cizgilərindən, ehtiyyat oyunçular skamyasının qarşısında yuxarı-aşağı gedib gəlmələrindən, hakimin hər qərarına münasibət bildirmələrindən hiss etmək olardı.
Qarşılıqlı hücumlar şəraitində keçən ilk dəqiqələr tezliklə hesabın açılacağından xəbər verirdi. Və 28-ci dəqiqədə meydan sahibləri penalti qazandı. Xəyal sağ cinahda rəqibin iki futbolçusunun arasından keçib cərimə meydançasına daxil olmuşdu ki, Şəhriyar ona qarşı kobud oynadı və hakim tərəddüd etmədən “nöqtə”ni göstərdi. Topun arxasına keçən Əlinin zərbəsi qeyri-dəqiq alındı. Meydan sahibləri yüzfaizlik qol imkanını qaçırmağın üzüntüsünü yaşayarkən futbolda az-az rast gəlinən olay yaşandı. İki dəqiqə sonra, daha dəqiq desək, 30-cu dəqiqədə “qartallar”ın qapısına növbəti penalti təyin olundu. Şəhriyar Vurğunu qapıçı meydançasının biraddımlığında dartıb yıxdığına görə Rəhim Həsənov fitini səsləndirdi. Bu dəfə penaltini Rəhim yerinə yetirdi və hesabı açdı. Ancaq qəsəbə təmsilçisinin məyusluğu uzun sürmədi. Volkov 5 dəqiqə sonra Xocaniyazovu uşaq kimi aldadıb, hesab arasındakı tarazlığı bərpa etdi.
İlk yarıda “sülh”ə razılaşan komandalar fasilədən sonra da açıq oyuna üstünlük verdi. Mərkəzdə qalmayan topu gah meydan sahiblərinin, gah da qonaqların qapısı önündə görmək olurdu. Qapıçılar və müdafiəçilər təzyiq altında səhv etməməyə çalışırdılar. 59-cu dəqiqədə “kimyaçılar” ikinci dəfə “qartallar”ı meydanın mərkəzinə dəvət etdi. Qurbani rəqib futbolçu ilə mübarizədə yerdə qalsa da, topu yüngülcə Tellura ötürməyi bacardı. O da təxminən 25 metrdən topu “9-luğ”a göndərməklə çox baxımlı qola imza atdı. Qalan dəqiqələr, xüsusilə də son 25 dəqiqə Sadıqovun komandasının üstünlüyü şəraitində keçdi. Böyük qüvvə ilə irəli atılan qəsəbə təmsilçisi hesabı bərabərləşdirmək üçün imkan qazansa da, “Sumqayıt”ın müdafiə xətti səhvə yol vermədi. Bədəlovun inamlı oyununu xüsusi vurğulamaq lazımdı. Elvin müdafiənin hər yerində gözə dəyir, sona qədər mübarizə aparır, yeri gələndə özünü topun qarşısına da atırdı ki, rəqib fərqlənə bilməsin. Sonradan meydana çıxan Ağabalanın qapıya gedən qüvvətli zərbəsini isə Aydın inanılmaz seyvlə dəf etməklə son turlarda formada olduğunu bir daha nümayiş etdirdi. Ötən tur liderliyə yüksələn “qartallar”ı məğlub edən “kimyaçılar” həm qələbəyə sevindilər, həm də turnir cədvəlinin zirvəsini ələ keçirdilər.
RƏŞAD

Reaksiyalar
Rəşad Sadıqov: “Dövlətimizi, ordumuzu cəbhədəki qələbələr münasibətilə təbrik edirəm. Gəncədə və cəbhədə həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Çox maraqlı oyun izlədik. Xüsusilə ikinci hissə komandamın üstünlüyü ilə keçdi. Meydanda görmək istədiklərimi gördüm. Futbolçularımdan razıyam. İmkanlarımızdan yararlana bilmədik, uzaqdan vurulan qol hər şeyi həll etdi. Ağabala aparıcı oyunçularımızdandı. Amma uzunmüddətli zədədən yeni qayıdıb. Əslində onun daha çox meydanda olmasını planlaşdırmışdıq. Həkimlərlə məsləhətləşdik və bizə dedilər ki, Ramazanov bu gün üçün maksimum 20-25 dəqiqə meydanda ola bilər. Onun çıxışından razı qaldım”.
Ayxan Abbasov: “Döyüş bölgəsində olan əsgərlərimizə uğurlar arzulayırıq. Həqiqətən də bu gün futbol hamımız üçün ikinci plandadı. Son günlərdə baş verən Gəncə hadisəsi də bizi çox üzdü. Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Bu hadisələrin fonunda komandanı oyuna hazırlamaq da çətin idi. Hamının diqqəti son hadisələrə yönəlib. Rəqib haqda ətraflı məlumata malik idik, son iki oyunda qələbə qazanmışdılar. Əzmkar komandadılar və 10 xalı təsadüfən yığmayıblar. Süleyman Əhmədovun zədələnməsi bizə təsir etmişdi. Maksimum çalışdıq ki, yaxşı oynayaq, qələbə qazanaq. Yolumuza davam edəcəyik. Düzdü, uğurlu çıxış bəzi futbolçularda arxayınlıq yarada bilər. Ancaq bunun qarşısını almaq üçün hər dəfə komanda ilə söhbət edirik. Qarşımıza məqsəd qoymuşuq ki, turnir cədvəlinə baxmayaq. Turnir cədvəlinə aldansaq, fikrimiz başqa yerlərə gedə bilər. Hələ heç nə etməmişik, qarşıda bizi çətin oyunlar gözləyir. Mövsümün əvvəlində bizə inam az idi, ancaq məqsədimiz mübariz komanda yaratmaq idi. Bu gün də futbolçuların mübarizəsi, əzmkarlığı bizi sevindirir. Onlar da bunu dərk edir və düşünürəm ki, bu, bizə problem olmayacaq. “Keşlə” və “Qarabağ”la oyunlarda son dəqiqələrdə qapımızda qol gördük. İndi məni sevindirən odu ki, futbolçular son saniyələrə kimi mübarizə aparır. Rəqibin təzyiqindən sonra çalışdıq nələrisə dəyişək".

Gözdən qaçmadı
* Penaltini qaçıran Əli məyus halda başını tutmuş, yerində donub qalmışdı. Bunu görən Vurğun komanda yoldaşına ürək-dirək vermək qərarına gəldi. “Kimyaçılar”ın kapitanı bir neçə dəfə uzaqdan əllərini bir-birinə vuraraq yüksək tonla “Əli, Əli, heç nə olmaz, özünə gəl” söyləsə də, forvard onu başa düşmədi. Hətta biranlıq Qurbaniyə elə gəldi ki, kapitan qaçırılan penaltiyə görə ona narazılıq edir. Və bu üzdən başını aşağı salıb qaçaraq müdafiəyə köməyə tələsdi.
* Komandalar fasiləyə yollanarkən qonaqların futbolçusu İlkin Muradov Vurğunla yanaşı gedə-gedə “sən Allah, orda penalti var idi” sualını verib, Hüseynovdan cavab eşitmək istəyirdi. Təcrübəli müdafiəçinin rəqib yarımmüdafiəçiyə nə dediyini eşidə bilmədik.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR