Sizin reklam burada

“Keşlə” daha yaxşı oynadı, “dənizçilər” xal qazandı

Baxış Sayı:126


22. Səbail (Bakı) – Keşlə (Bakı) 1:1 (0:0)
96. Nikolas Hagen – 5,5
3. Turan Manafov – 5,0
55. Adil Nağıyev – 5,0
16. Peyman Keşavarz – 5,5
34. Ürfan Abbasov – 5,5
22. Əfran İsmayılov – 5,0
(17. Elçin Rəhimli, 46) – 5,0
14. Rahid Əmirquliyev (k) – 5,5
99. Bahadur Həziyev – 5,5
(19. Elgün Nəbiyev, 90) – qiymətsiz
9. Florian Kadriu – 6,0
(28. Məqsəd İsayev, 85) – qiymətsiz
27. Hendrik Ekşteyn – 5,5
11. Rauf Əliyev – 5,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
2. Arsen Ağcabəyov
26. Kamal Qurbanov
5. Vüqar Bəybalayev
77. Ədilxan Qarəhmədov
29. Amil Yunanov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Florian Kadriu
1. Stanislav Namaşko – 5,5
19. Azər Salahlı – 5,0
21. Miyusko Boyoviç – 5,0
4. Şəhriyar Əliyev (k) – 5,0
23. Artur Batista – 5,5
17. Vüsal İsgəndərli – 6,0
25. Con Kamara – 5,5
48. Dmitri Klots – 5,5
7. Rəhman Hacıyev – 5,5
99. Rafael Məhərrəmli – 5,5
11. Silvio Rodriges – 5,5
(16. Alvaro Tavares, 82) – qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
2. İlkin Qırtımov
3. Tərlan Quliyev
18. Ruslan Əmircanov
6. Rəşad Sadiqov
8. Tural Axundov
13. Pərviz Əlizadə
14. Turan Vəlizadə
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Vüsal İsgəndərli
Qollar: R.Hacıyev, 49 (0:1). B.Həziyev, 51 (1:1, F.Kadriu).
Vərəqələr: A.Nağıyev, 7 (tələb olunan məsafəyə riayət etməmək). Ş.Əliyev, 12 (qeyri-idman hərəkəti). V.İsgəndərli, 63 (qeyri-idman hərəkəti). S.Rodriges, 72 (hakimin qərarına etiraz) – sarı. A.Nağıyev, 83 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: SƏBUHİ BAYRAMOV, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabbarov (hamısı Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Bakı).
17 oktyabr. Bakı. ASCO Arena. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Qələbə niyyətini gizlətməyən “Keşlə” oyun başlayan kimi meydana ağırlığını qoymağa çalışdı. Vüsal İsgəndərli 7-8-ci dəqiqələrdə ardıcıl iki uğursuz cərimə zərbəsi vurandan və Şəhriyar Peymanla mübarizədə hakimi aldadıb, penalti qazanmağa cəhd edəndən sonra, nəhayət, ilk real qol vəziyyəti də yarandı. 16-cı dəqiqədə Azər Salahlı sol cinahda, mərkəz xəttinin yaxınlığında Ürfan Abbasova hava mübarizəsində qalib gələndən sonra top sürət yığmaqda olan Vüsalın önünə düşdü. Rəqibin cərimə meydançasına qədər irəliləyən Vüsal artıq özü üçün zərbə bucağını daraltdığından topu penalti nöqtəsinin həndəvərində olan Silvio Rodrigesə ötürdü. Braziliyalı hücumçu dərhal zərbə vurmaq əvəzinə bir qədər ləngidi ki, belədə Peyman özünü topun qarşısına atdı. 20-ci dəqiqədə artıq Vüsal özü zərbə mövqeyinə çıxdı. Arturdan uzun ötürmə alan İsgəndərli topu ustalıqla rahat etdi və güclü zərbə ilə qapı tirinin möhkəmliyini yoxladı. Zərbə bir qədər dəqiq olsaydı, möhtəşəm qol görəcəkdik. 28-ci dəqiqədə Vüsal yenə təkbətəki boşa verdi. Zahirən elə görünürdü ki, “dənizçilər” hücuma hücumla cavab verir. Amma bütün təhlükəli vəziyyətlər onların qapısı önündə yaranırdı. Meydan sahibləri ilk normal əks-hücumu 33-cü dəqiqənin tamamında qurdu. Onda da Bahadur daha əlverişli vəziyyətdə olan komanda yoldaşlarına ötürmə vermək əvəzinə qapıya güclü, ancaq qeyri-dəqiq zərbə vurdu. Ümumiyyətlə, hissənin sonlarında “Səbail” bir qədər fəallaşmışdı. Amma son təhlükəli vəziyyət də bu komandanın qapısı önündə yarandı. Klotsun cərimə meydanının xətti üzərindən zərbəsindən sonra top az fərqlə qapıdan aralı keçdi.
2-ci hissə yenicə başlamışdı ki, hesab açıldı. 49-cu dəqiqədə yenə Azər öz cinahında topu Rəhman üçün saxladı. O isə bir qədər mərkəzə meyillənərək, təxminən 25 metrdən qapıya möhtəşəm və qarşısıalınmaz zərbə vurdu. Heç 2 dəqiqə keçməmişdi ki, tabloda 1-lər qoşalaşdı. Bu dəfə Adil Ürfana diaqonal ötürmə verdi, o da Kadrionun irəliləməsinə şərait yaratdı. Azərin mane olmağa çalışdığı alban yarımmüdafiəçi cərimə meydançasının küncü yaxınlığından Bahadura ideal ötürmə verdi. Bu anda Arturla Şəhriyar Həziyevi tam nəzarətsiz qoymuşdu, Boyoviç isə uzaqda idi. Qolun ötürməsini verən Kadriu 5 dəqiqə sonra oyunun qəhrəmanı olmağa yaxın idi. Bahadurun uzun ötürməsindən sonra təkbətək çıxan alban yarımmüdafiəçi təkbətəki boşa verdi. Bundan sonra komandalar uzaqdan zərbələr hesabına irəli çıxmağa çalışdı. 62-ci dəqiqədə Rahidin, bir qədər sonra Klotsun zərbəsi təhlükəli alındı. Gözlənildiyi kimi, oyunun sonluğu, xüsusən də Adilin meydandan qovulduğu andan sonrakı dəqiqələr “Keşlə”nin üstünlüyü şəraitində keçdi. 87-ci dəqiqədə Rəhmanın yerinə yetirdiyi künc zərbəsindən sonra Boyoviç elə imkanı qaçırdı ki, Yunis Hüseynov gözlərinə inanmadı. Bir qədər sonra yenə monteneqrolu müdafiəçi, uzatma dəqiqələrində isə Vüsal başla dəqiq zərbə endirə bilməyincə hesabın dəyişməyəcəyi aydın oldu. Qol istəyini gizlətməyən Yunis bəyin sona qədər yalnız bir dəyişikliyə əl atması şəxsən mənə qaranlıq qaldı...
HUŞƏNG

Gözdən qaçmadı
* Tribunalarda ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarının hər birinə aid lövhə yerləşdirilmişdi. Bundan başqa, “Səbail”in oyunçuları meydana üzərində “Şəhidlər ölməz, vətən bölünməz” yazılan bannerlə çıxmışdı. Bannerin uzunluğu yalnız meydan sahibi komandanın oyunçuları üçün hesablandığından “Keşlə”nin oyunçularının da ondan yapışmaq istəyi qəribə mənzərə yaratdı.
* Stadionda futbol ab-havası o qədər hiss olunmasa da, hər halda, Ramin Musayev, Aslan Şahgəldiyev və Elgiz Abbasovdan ibarət PFL “üçlüy”ü, eləcə də yığmanın məşqçilər korpusunda təmsil olunanlardan Arif Əsədovla Dmitri Kramarenko da oyunu canlı izləməyi lazım bilmişdi.
* Adil Nağıyev 83-cü dəqiqədə meydandan qovulanda Rauf Əliyev komandasının xal itirə biləcəyi təhlükəsini göz önünə alaraq, ucadan “beləsini necə söyməyəsən?” ifadəsini işlətdi. Açığı, onun komanda yoldaşını nəzərdə tutması daha real variantdı, nəinki hakimi. Yeri gəlmişkən, Adil meydandan qovulandan sonra paltardəyişmə otağının yolunu tutmaq əvəzinə kənarda oturub oyunu izlədi.

Reaksiyalar
Aftandil Hacıyev: “Son sutka ərzində həm kədərli, həm də sevincli xəbərlər eşitdik. Son günlər bütün fikrimiz cəbhə bölgəsindədi, dualarımız əsgərlərimizədi. Komanda olaraq hər birimizə belə məqamda oyuna köklənmək olduqca çətin idi. Nə qədər kədərli anlar olsa da, inanırıq ki, sonda sevinən tərəf Azərbaycan xalqı olacaq. Belə psixoloji məqamda ilk dəqiqələrdə futbolçularda müəyyən həyəcan, gərginlik var idi. Vaxt ötdükcə öz oyunumuzu tapmağa başladıq. Ani diqqətsizlikdən qapımızda qol görsək də, sevindiricidi ki, cavab qolumuz özünü çox gözlətmədi. Heyətimizdəki futbolçuların potensialı nəyə imkan verirsə, o qədər də nəticə qazanmağa çalışacağıq. Bu heyətlə ən azı qışadək davam etməyi düşünürük. Daha yaxşı olmağa çalışacağıq. Futbolçularıma təşəkkür edirəm. Hər iki komanda qalib gələ bilərdi. Zənnimcə, ən ədalətli nəticə qeydə alındı və hər iki komanda 1 xal qazandı. Kadriu təkbətəkdən istifadə etsəydi, 2:1 qalib gələcəkdik. Düşünmürəm ki, belədə rəqibin baş məşqçisi 1 xala görə heyifsilənərdi”.
Yunis Hüseynov: "İlk növbədə cəbhədə döyüşən əsgərlərimizə uğurlar arzulayırıq. Həmişə onların yanındayıq. Gəncədə düşmən tərəfindən atılmış mərmi nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Bura qələbə əzmi ilə gəlmişdik. Təəssüf ki, qələbə qazana bilmədik. Amma komandam pis təsir bağışlamadı. “Səbail”in əvvəlki oyunlarına baxmışdıq. Uduzduqları oyunlarda belə yaxşı oynamışdılar. Bu gün ilk 5 turda yaratmadığımız qədər imkanlarımız oldu. Lakin qol şanslarından yararlana bilmədik. Bu da futbolun qanunudu: sən istifadə edə bilmirsənsə, rəqib bacarar. Belə də oldu. "Səbail" qapımız qarşısında bir-iki təhlükəli vəziyyət yaratdı və birindən istifadə etdi. Deməzdim ki, 1 xal qazandıq. Bu gün 2 xal itirdik. Qarşıda "Neftçi" ilə ağır oyunumuz var. 3 xalı həmin matçda qazanmağa çalışacağıq. Futbolda qol vura bilməyəndə bəxt amilini də qabardırlar. Bu gün bizdə çoxlu imkan olsa da, rəqib qapıçı özünü yaxşı tərəfdən göstərdi. Həm də bəxt bizdən üz döndərdi”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR