Sizin reklam burada

Azərbaycan ordusuna dəstək davam edir

Baxış Sayı:108


Nikolov: “Hamınızı qürurlu qələbə bayrağınızla görmək istəyirəm”
Şəhriyar Məmmədyarov Füzuli şəhərinin erməni işğalından azad olunması xəbərinə münasibət bildirib. 35 yaşlı qrossmeyster şəxsi "feysbuk" səhifəsində bununla bağlı paylaşım edib: "Füzuli!!! İrəli, Azərbaycan!!!"
Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq hücumçusu Hakan Şükür də Azərbaycana dəstək nümayiş etdirib. Veteran futbolçu sosial şəbəkə hesabında bunları yazıb: “Ermənistanın qardaş ölkəmiz Azərbaycanın Gəncə və Mingəçevirdəki mülki yaşayış məntəqələrinə hücumunu qınayıram. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılarımıza şəfa, azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirəm. Azərbaycan, səninləyik”.
"Qalatasaray"ın kapitanı Arda Turan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəstək olub. "İnstaqram” hesabında paylaşım edən ulduz futbolçu "Bir millət, iki dövlət" sözlərini yazıb. Arda Prezident İlham Əliyevlə birlikdə şəklini də paylaşıb.
Gəncədə yaşayan mülki əhalinin düşmən terrorunun qurbanı olması vaxtilə ölkəmizdə legioner həyatı yaşayanların paylaşımlarında da əksini tapıb. “Qarabağ”ın sabiq hücumçusu, Cənubi Afrika yığmasının üzvü Dino Ndlovu, “Neftçi”də forma geyən paraqvaylı yarımmüdafiəçi Erik Ramos, ölkəmizdə üç klubda oynayan Denis Silva, “Sumqayıt”ın sabiq israilli futbolçusu Əmir Ağayev dəstək nümayiş etdirib. “Milliləşdirilən” legionerlər - Riçard Almeyda və Rüfət Dadaşov da Gəncədə başverənlərə biganə qalmayıblar.
“İnter”in sabiq prezidenti Georgi Nikolov isə "feysbuk"da paylaşımını edib: “Çoxdan sizinlə ünsiyyətdə olmurdum. Həyatım belə gətirmişdi. İdman barədə məqalələr yazmaq istəmirdim. Keçmişdə bir dövlət xadimi deyib ki, bir insanın ölümü faciə, minlərlə insanın ölümü sadə statistikadı... Amma onunla qətiyyən razı deyiləm. Şərəfli insanlar öz vətənləri üçün ölürsə, burda hansı statistika ola bilər? Doğma yurdların cəsurluqla təmizlənməsi, sadəcə, qəhrəmanlıq sayılır. Əllərində nəyin – “Kalaşnikov” avtomatı, döyüş təyyarəsinin sükanı və ya başqa silahın olmasından asılı olmayaraq, onlar müharibənin dəhşətləri və ölümə qarşı irəli atılır. “İşimiz haqq işidi, qələbə bizim olacaq...” - bu, bəzən onların həyatdakı son fikirləri olur. Bu kişilərin mərdliyi, vətənpərvərliyi qarşısında baş əyirəm. Qisas silahı yalnız onların əlindədi və o qələbə gətirəcək. Buna şübhə də etmirəm. Cəsur olun, dostlarım. Güllə axmaqdı, cəsurlardan qaçır. Hamınızı qürurlu qələbə bayrağınızla görmək istəyirəm. Sonra isə biz yenə futboldan danışa bilərik”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR