Sizin reklam burada

“Old Wolf” fanklubunun üzvü Füzulidə şəhid oldu

Baxış Sayı:131


“Keşlə”nin 100 matçının 98-nə gəlirdi”
Azərbaycan ordusu Qarabağı ermənilərdən təmizləmək işini davam etdirir. Əsgərlərimiz artıq 2 şəhər, 2 qəsəbə və onlarla kəndi düşmən işğalından azad edib. Azərbaycanın haqq savaşında futbol ictimaiyyətinə daha bir tanış sima şəhid olub. “Keşlə”nin azarkeşi İsrail Cəfərov vətən uğrunda həlak olub. Bu barədə “Old Wolf” fanklubunun rəhbəri Elnur Yusifov şəxsi “feysbuk” səhifəsində paylaşım edib.
Azarkeş qrupunun rəhbəri qəzetimizə açıqlamasında İsrailin hərbi xidmətdə olarkən şəhid olduğunu bildirdi: “İsrail Cəfərov “Keşlə”nin əsas fanklubunun üzvü idi. Dostlarımızdan Qurban bəy onu Bakıxanovdan oyunlara gətirirdi. Sonra İsrafilin qarşılaşmalarda azarkeş fəallığı diqqətimizi çəkdi. Onu “Old Wolf”a dəvət etdik. 5 ilə yaxındı sıralarımızda idi. Ötən ilin iyulunda hərbi xidmətə yollanana kimi qarşılaşmalara gəlirdi. Yazmağa əlim, deməyə dilim gəlmir. Amma onun şəhid olmağı bizim üçün çox çətin oldu. Bilirəm, bu, Azərbaycanın haqq müharibəsidi və neçə-neçə qardaşımız torpaqlarımız uğrunda həlak olurlar. Qohumlarımdan çoxu hazırda orduda xidmət edir. Amma İsrafilin şəhid olması fanklubumuza çox təsir etdi. Çox mədəni insan idi. Onun şəkillərinə baxın, hamısında gülümsəyir. Rəhbərlik sağ olsun, fanklub üzvlərinin futbol oynaması üçün “ASK Arena”da şərait yaradıb. İsrail həmişə gəlib bizimlə futbol oynayırdı. Bütün səfərlərə gedirdi. İstənilən şəraitdə komandamıza dəstək olurdu. Elə olub ki, dərsdən qaçıb gəlib. Bəzən yolpulu belə olmayıb. Gəlib, bizə bildirib ki, avtobus sürücüsünə “sağ ol” deyib, düşmüşəm. Söz verdisə, üstündə həmişə dayanan mərd oğlan idi. Hərbi xidmətinin bitməsinə 3 ayı qalmışdı. Onu itirməyimizə çox üzülürəm. “Keşlə”nin 100 matçının 98-nə gəlirdi. Futbolu sevən və vətənpərvər biri idi. Həqiqətən də adam belə bir insanı itirdiyinə görə çox məyus olur. Hər halda, Allah bilən məsləhətdi. Onun işinə qarışa bilmərik. Bu gün hamımız şəhid ola bilərik. İnşallah, torpaqlarımız işğaldan azad olunsun və İsrail kimi oğullarımızın ruhu şad olsun. Qardaşımız Füzuli azad olunan zaman bayrağı sancarkən uzaqdan snayperlə vurularaq şəhid olub. Nə deyim, Allah rəhmət eləsin… Klubun maddi yardım edib-etməyəcəyini bilmirəm, amma mətbuat xidmətinin rəhbəri Murad Axundov onunla bağlı rəsmi səhifədə paylaşım etdi. Biz də müraciət edəcəyik ki, fanklub olaraq məzarının üzərinə əklil qoya bilək”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR