Məsut Özil də dəstək nümayiş etdirdiYığmanın və "Qarabağ"ın futbolçusu Mahir Emreli şəxsi "feysbuk" səhifəsində paylaşım edib. 23 yaşlı hücumçu dünya ictimaiyyətinə müraciət edərək, Dağlıq Qarabağ münaqişəsinə və ermənilərin törətdiyi terror aktlarına obyektiv qiymət verməyə çağırıb: "Dostluğumda müxtəlif ölkələrin, dinlərin və siyasi baxışların nümayəndələri var. Bir çox ölkələrdə olduğumu və fəxr etdiyim "Qarabağ"da oynadığımı nəzərə alsaq, bu, normal haldı. Həmişə tanışlarla söhbətlərimdə bu mövzulardan yayınmağa çalışmışam. Amma 30 ildi davam edən münaqişə zəminindəki kədərli hadisələri gördükdən sonra bu gün üçün təsdiqlənən və dəqiqləşdirilən məlumatlardan istifadə edərək, əhatəmdəki insanlarla fikirlərimi bölüşmək istərdim. Təəssüf ki, həqiqətləri kifayət qədər dərk edə bilməyən və və "fərqli" fikirlər səsləndirən adamların olduğu ortaya çıxdı. Qəribədi, amma mənfi mənada təəccübləndim. Qarabağdakı münaqişə ilə heç bir əlaqəsi olmayan dinc Gəncə şəhərinə edilən hücum da daxil olmaqla, sentyabrın 27-dən bəri baş verən hər şeyi nəzərə alaraq, şübhəsiz, haqqım olan fikrimi bildirməyi lazım bildim. Dünya ictimaiyyətinin Azərbaycandakı hadisələrə necə reaksiya verdiyini görəndə kədərlənir və məyus oluram. Yəni komediyaçıların, porno-ulduzların və klounların sözləri BMT qətnamələrindən daha vacib olur? Niyə bütün dünya Amerikada Floyd və digər qaradərililərin ölümündən narahat olur, amma heç kim Xocalıda qətlə yetirilən 613 azərbaycanlını xatırlamır?
Bu gün olduğu kimi, Azərbaycana müharibə lazım deyildi. Çünki bu, seçim yolu deyildi. Bu, dünya ictimaiyyətinin Qarabağ məsələsinə mənfur münasibətinin nəticəsidi. Fakt budu ki, müharibə əslində hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb oldu. Dünya ictimaiyyəti Ermənistanı hələ 1993-cü ildə 4 qətnamənin bütün bəndlərinə riayət etməyə məcbur etməliydi. Krım, Abxaziya və ya Cənubi Osetiya məsələsində olduğu kimi, mümkün olan bütün məcburi sanksiyalar tətbiq olunmalıydı. İnsanlar, dövlətlər sizdən sülh tələb etdikləri halda özləri işğalçı qüvvələrin ordusunu gizli şəkildə silahlandırıb maliyyələşdirdikləri gerçəkliyindən daha kədərli nə ola bilər? Bunlar "4000 il əvvəl", "dinozavrlar dövrü"nə aid nağıllar deyil. İndi 2020-ci ildi.
Hələlik müzakirə üçün bir sual: evinizə kimsə girsə, nə edərsiz? Mübarizə apararsız, yoxsa 30 ilə yaxın məhkəmə qərarını və ya icrasını gözləməyə razı olarsız?”
"Qarabağ"ın legioneri Vild-Donald Gerye Gəncədə terror nəticəsində valideynlərini itirən uşaqla bağlı paylaşım edib. 31 yaşlı haitili müdafiəçi azyaşlının valideyninin məzarı üzərindəki fotosunu paylaşıb, üzüldüyünü bildirib.
Vaqner da Silva da Gəncədə baş verən hadisəyə münasibət bildirib. “Qarabağ”ın sabiq qapıçısı erməni terrorunu pisləyən paylaşım edib. Belə ki, 2018-20-ci illərdə Ağdam klubunun formasını geyərək 2 dəfə çempion olan Vaqner şəxsi "instaqram" səhifəsi vasitəsilə “Gəncə üçün dua et” həştəqli şəkli paylaşıb və ölənlərin ailələrinə başsağlığı verib.
Azərbaycan futbolunun canlı əfasəni İqor Ponomaryov “feysbuk” səhifəsində paylaşımla diqqəti çəkib. Seul Olimpiadasının qalibi, uzun illər futbolçu kimi “Neftçi”nin şərəfini qoruyan, millini çalışdıran veteran ermənilərin Gəncədə törətdikləri vəhşiliyə biganə qalmayıb: “Erməni ordusunun raket atdığı Gəncə döyüş zonasından uzaqda yerləşir. Orda hərbi obyekt yoxdu, 500 min əhali yaşayır. Buna görə də Gəncəyə raket atan erməni tərəfi bilərəkdən mülki əhalini hədəfə alıb. Raket hücumu Gəncə sakinləri yatarkən onları çətin vəziyyətə qoyub. Ölənlər arasında çox sayda qadın və uşaq var. Bu cinayətdi! Hətta müharibənin də öz qaydaları var. Azərbaycan öz əraziləri və tarixi torpaqlarının azad olunması üçün mübarizə aparır”.
“Arsenal"ın futbolçusu Məsut Özil Azərbaycana dəstək olub. 32 yaşlı yarımmüdafiəçi "tvitter" hesabındakı paylaşımda ölkəmizin Qarabağı azad etmək uğrunda apardığı mübarizəni dəstəkləyib. Almaniya yığmasının sabiq üzvü Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdi", "Tək millət, iki dövlət" sözlərini yazıb.
UEFA prezidenti Aleksandr Çeferin isə hadisələri diqqətlə izlədiklərini deyib: "Açığı, detalları bilmirik, çünki siyasi təşkilat yox, idman qurumuyuq. Siyasi mübarizəyə bağlanmaq istəmirik. Bir neçə həftə əvvəl başladığından, bu da bizim üçün yenilikdi. Bu kədərli məsələdi və ümidvaram ki, sülh yolu ilə həll ediləcək. Nəzəri cəhətdən Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündü. İstədiyimizi edə bilərik. Problem ondadı ki, artıq yarış üzərində işləmişik, hər şey hazırdı. İndi nəyisə dəyişsəydik, bu, ciddi səylər tələb edəcəkdi. Hələlik hadisələrin inkişafını izləməliyik".
Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun - 11 iyul aralığında 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.