Sizin reklam burada

AFFA Albaniyanı yox, Türkiyəni seçməliydi!

Baxış Sayı:150

AFFA Albaniyanı yox, Türkiyəni seçməliydi!

Qurum mənəvi dəyərləri rahatlığa qurban verib
Milli komandamız Millətlər Liqasında növbəti iki oyununu keçirdi. Monteneqroya 0:2 hesablı məğlubiyyət və Cənubi Kiprlə qolsuz bərabərlik yığmadan gözlənilən nəticə deyildi. Xüsusilə ölkədəki hazırkı vəziyyətdə - cəbhədə uğurlu döyüşlərin getdiyi bir zamanda istənilən sərfəli nəticə hər zamankından daha vacib idi. Amma... Canni De Byazinin komandası ümidləri doğrultmadı, üstəlik, bunu bərbad sayıla biləcək oyunla etdi.
Millinin oyunundan, qeydə alınan nəticədən əlavə meydandankənar bəzi nüanslar var ki, onlara toxunacağıq. Ölkədəki hərbi vəziyyətə görə Cənubi Kiprlə ev görüşü Bakıda keçirilmədi. Lakin qarşılaşmanın Albaniyaya salınması haqlı suallar doğurdu. İndiki məqamda bu oyunun haqq savaşında yanımızda olan Türkiyədə keçirilməsi daha məqsədəuyğun olmazdımı? Yoxsa De Byaziyə yaxşı tanış olan Albaniya milli üçün hansısa əlavə üstünlük yaratdı? Bu məqam AFFA-da hələ də ümumi mənzərəyə görə yox, fərdlərin istəklərinə uyğun qərarlar qəbul olunduğunu göstərir. Bir də milli komandanın önəminin tam dərk olunmadığını.
Diqqəti çəkən digər məqam isə millinin Cənubi Kiprlə oyuna qara sarğı ilə çıxması idi. Qarabağ uğrunda son günlər gedən döyüşlərdə şəhid olanların ruhuna hörmət əlaməti kimi futbolçular bu görüşə qara sarğı ilə çıxdı. Bunda bir problem yoxdu. Məsələ ondadı ki, bu addım niyə daha əvvəl keçirilən Monteneqro ilə qarşılaşmada atılmadı?
Bu suallara cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla ilə əlaqə saxladıq. O, Cənubi Kiprlə oyun üçün Albaniyanın seçilməsinin səbəbini belə izah etdi: "Albaniyanı Monteneqroya daha yaxın olduğuna və viza rejimi tətbiq olunmadığına görə seçdik. Həm də hava nəqliyyatı ilə yox, yerüstü nəqliyyatla qısa müddətdə çata biləcəyimiz ölkə olduğundan Albaniyanı seçdik. Üstəlik, De Byazinin uzun müddət Albaniyada işləməsi, həm onun, həm də AFFA-nın bu ölkənin Futbol Federasiyası ilə münasibətlərinin çox yaxşı olması qərara təsir göstərdi. Çünki başqa ölkədə oyun təşkilatçılığı yerinə yetirmək o qədər də asan məsələ deyil". Federasiya rəsmisi qara sarğı məsələsini də izah etdi: "Dinc əhalinin Ermənistan tərəfindən atəşə tutulmasından, xüsusilə Gəncə hadisələrindən sonra bu qərara gəldik. Bu qara sarğı matəm əlaməti kimi yox, dünyasını dəyişmiş mülki əhalinin xatirəsinə ehtiram olaraq tətbiq olundu".
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR