Sizin reklam burada

Azərbaycan futbolu Ayxan Hüseynovu unudub

Baxış Sayı:156


Təbriz Həsənov onu yığmaya dəvət edibmiş
Ayxan Hüseynov ad-soyadı bəlkə də çoxlarına yaddı. O, legioner həyatı yaşayan tək-tük azərbaycanlılardan biridi. 1999-cu il sentyabrın 3-də dünyaya gələn futbolçu “Zenit”in yetirməsidi. Mərkəz hücumçuçu mövqeyində oynayan Ayxan hazırda “Ural-2” klubunun üzvüdü. Rusiya çempionatının elitasında yarışan “Ural”ın cari mövsüm üçün iştirak ərizəsində də yer alıb.
Hazırkı dəyəri 50 min avro olan futbolçu ümumilikdə 4 klubda çıxış edib. 2018/19 mövsümündə yetirməsi olduğu “Zenit”dən “Leninqradets”ə transfer olunub. Bu keçid Leninqrad klubuna 25 min avroya başa gəlib. Burda 7 qarşılaşmada 1 qol vuran azərbaycanlı növbəti il komandasını dəyişib. “Nijni Novqorod” Ayxan üçün “Leninqradets”ə 50 min avro ödəyib. Yeni komandasına uyğunlaşa bilməyən futbolçu 2 qarşılaşmada meydana çıxıb və qol vura bilməyib.
Bu yay azad agent kimi “Ural-2”-yə keçən Ayxan hazırda bu komandanın uğurları üçün çalışır. Pleymeyker kimi də çıxış edən 21 yaşlı futbolçu Peşəkar Futbol Liqasının 4-cü qrupunda 5 matçda meydana çıxaraq 1 qol vurub. Rusiya kuboku çərçivəsində qarşılaşmada isə 1 dəfə komandasına 5 dəqiqə kömək edib. Yekaterinburq təmsilçisi PFL-in 4-cü qrupunda 10 oyuna 15 xalla 8-ci pillədə qərarlaşıb. Komanda ümumilikdə 4 qələbə qazanıb, 3 heç-heçə edib, 3 dəfə məğlub olub.
178 sm boya, 70 kq çəkiyə malik hücumçunun yolu Azərbaycandan da keçib. 2014-cü ildə 16 yaşlılardan ibarət yığmanın baş məşqçisi Təbriz Həsənov onu yığmaya dəvət edib. Təcrübəli mütəxəssis qəzetimizə açıqlamasında futbolçunun yaxşı potensialının olduğunu söylədi: “Ayxanı xatırlayıram. Həmin dövrdə Rusiyada və digər ölkələrdə yaşayan azərbaycanlıları milliyə dəvət edirdik. Hüseynov yaxşı fiziki göstəricilərə malik idi. Həm sol cinahda, həm də mərkəzdə oynaya bilirdi. Solaxay futbolçu idi. Sonuncu dəfə onu “Qranatkin” turnirdə Rusiya millisinin heyətində görmüşəm. Mən şəxsən onu bəyənmişdim. Avstriyadakı təlim-məşq toplanışında sınamışdıq. Həm sol cinahda, həm də mərkəzdə oynatmışdıq. Ayxan özünü yaxşı tərəfdən göstərmişdi. Sonra hansısa problemə görə milliyə gəlmədi. Üstündən 6 il vaxt keçib. Dəqiq xatırlaya bilmirəm. Amma bir daha bildirim ki, mən şəxsən futbolçunu bəyənmişdim. Azərbaycan futboluna kömək edə bilərdi”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR