Sizin reklam burada

Yığma üzvlərinin qiymətləndirməsi

Baxış Sayı:134


(10 ballıq sistemlə)
Şahruddin Məhəmmədəliyev – 5,0
Debüt matçında səs-küyü və çağırışları ilə qapıdakı varlığını göstərməyi bacarırdı. Çıxışlarda inamlı olmağa çalışır, müdafiənin arxasına atılan toplara vaxtında yetişirdi. Qol buraxmayıbsa, deməli, vəzifənin öhdəsindən gəlməyi bacarıb. 35-ci dəqiqədə topu uzaqlaşdırmaq istəyəndə rəqibin üstünə vurub “ürəyimizi ağzımıza gətirməsəydi”, daha yaxşı olardı.
Anton Krivotsyuk – 4,5
Məşqçilərdəki Anton sevgisi hardandı, anlamaq mümkün deyil. “Neftçi”də Füzuli Məmmədov, yığmada Canni De Byazi əslən ukraynalı müdafiəçiyə hədsiz ümid bəsləyir. Halbuki Monteneqro ilə matçda ən zəiflərdən idi. Elə bu dəfə də fərqli heç nə göstərmədi. Matçın əvvəlində sarı vərəqə aldı, sonradan riskli qayda pozuntuları ilə qapımıza cərimə zərbələrinin təyin olunmasına şərait yaratdı. Taktiki baxımdan “axsadığı” göz qabağındadı. Fiziki hazırlığının hesabına nöqsanını “sığortalamağa” çalışır ki, bu da bir çox hallarda effekt vermir.
Bəhlul Mustafazadə - 5,0
Ya baş məşqçidən lazım olan tapşırıqları almışdı, ya da ötən oyundan nəticə çıxarmışdı. İnsaf naminə, bu dəfə nisbətən xoş təsir bağışladı. Bəlkə də işi az oldu deyə, yüklənmədi. Ümumi götürsək, ciddi səhvlə yadda qalmadı. 71-ci dəqiqədə əvəzlənməsi isə italyan çalışdırıcının taktiki dəyişikliyə əl atmasına görəydi.
Elvin Bədəlov – 5,0
İlk dəfə əsas yığmanın formasını geyən “Sumqayıt”lının bu dərəcədə inamlı görünəcəyinə inanmaq çətin idi. Lakin içindəki həyəcan çıxışına təsir etmədi. Kifayət qədər soyuqqanlı görünür, top onda olanda risk etməyə meyil göstərmirdi. Ona görə də izləyicilərin qınağına tuş gələcək səhv buraxmadı. Öz aramızdı, Bədavidən səliqəli və inamlı görünürdü.
Abbas Hüseynov – 5,5
Meydanda özünü o qədər rahat hiss edir ki, sanki uzun illərdi yığmanın formasını geyir. “Qarabağ”da topladığı təcrübəni millinin matçlarında xərcləyən Abbas Cənubi Kiprlə görüşdə də ən yaxşılardan idi. Cinahında “ağalıq” edir, ara-sıra sürəti hesabına hücumlara qoşulurdu. 21-ci dəqiqədə qəhrəmana çevrilmək şansı vardı. Cinahda mükəmməl keçid edib, Rəhimə verdiyi topu “10 nömrə” tora qovuşdursaydı, ən çox qol müəllifinin adı hallanacaqdı. İkinci yarıda sol cinahda mübarizə aparmasına baxmayaraq, yenə “suda balıq” kimi rahat idi.
Qara Qarayev – 4,5
Cəbhə bölgəsində yaşananlardan narahatlıq keçirdiyini görmək üçün üzünə baxmaq kifayət edir. Əvvəlki inadkar, fəal, qaynayıb-qarışan Qaradan əsər-əlamət qalmayıb. Sanki uzun illər futbolsuz qalandan sonra meydana çıxmışdı. Monteneqro ilə görüşdə necəydisə, bu dəfə də o cür. Ciddi nə iləsə yadda qaldığını demək çətindi. Bacardığı qədər mübarizə aparırdı. Lakin 27-ci dəqiqədə penaltini boşa verməklə azarkeşlərin qəzəbinə tuş gəldi. O anda topun başına keçmək istəyində olduğuna inanmaq çətindi. Çox güman, göstəriş məşqçilər heyətindən gəlmişdi.
Vüqar Mustafayev – 4,5
Oyun üslubu eynilə Elvin Camalovunku idi. Sanki başlarını dəyişmişdilər. Ümumilikdə pis təsir bağışlamasa da, bəzi epizodlarda gərəksiz yerə qayda pozuntusuna əl atmaqla qapımız qarşısında ciddi təhlükənin yaranmasına səbəbkar olurdu. Səliqəsiz oyuna üstünlük verən dayaq yarımmüdafiəçisi ən yaxşılardan olmasa da, ən zəiflərdən də deyildi. Belə deyək, “qab”ında olanı ortaya qoydu.
İsmayıl İbrahimli – 5,0
Debütant olduğunu qətiyyən hiss etdirmədi. Start heyətində yer almasından özünəəminlik qazanmışdı sanki. Odu ki, meydanda rahat hərəkət edir, topla sərbəst davranır, ara-sıra texniki bacarığından yararlanırdı. Yaşını və təcrübəsizliyini nəzərə alsaq, ümimilikdə pis təsir bağışladı. İlk hissədə göyə uçan topun ayağına “oturmamasına” görə təəssüfləndiyi dəqiqdi.
Azər Salahlı – 4,5
Slavik Alxasov qala-qala Azərin millidə görünməsi, həm də əsas heyətdə yer alması futbol adına söyüşdü. Bu, başqa söhbətin mövzusudu. Adam hər imkanda gizlənməyə çalışır, top ona ötürüləndə “məndən uzaq olsun” prinsipinə uyğun hərəkət edirdi. Ona görə də müsbət yöndə heç nə ilə yadda qalmadı. Nə hücumlara qoşulurdu, nə də müdafiədə diqqət çəkirdi. Meydanda olduğu dəqiqələri “yola verməyi” bacardı.
Rəhim Sadıxov – 5,0
Üç gün əvvəl oynamağa imkan verməsələr də, bu dəfə “Sumqayıt”dakı Rəhimi xatırladırdı. Topla rahat davranmaqla rəqib futbolçuları asan şəkildə keçə bilirdi. Bəzi hallarda ötürmələri də pis alınmırdı. Xeyli sayda cərimə zərbəsi qazandığı da qeyd olunmalıdı. Hətta 21-ci dəqiqədə qol imkanı da yaxaladı. Abbasın ötürdüyü topu ayağına “oturda” bilsəydi, adını tabloya yazdıracaqdı. Təəssüf ki, yanında özü kimi bir nəfər çatmır. Yarımmüdafiə xəttimiz qarşısıalınmaz olar.
Ramil Şeydayev – 4,5
Birvaxtlar başına and içdiyimiz vətənpərvər oğlanın özünəinamı itib. Ramil bəlkə də peşəkar karyerasında bir oyunda bu qədər qol şansı əldə edib, boşa verməmişdi. Xeyrimizə penalti qazanıb, alqışlara səbəbkar olan hücumçu 4 real fürsəti boşa verdi. Üçünü qapıçının üstünə vurdu, birində paxıllıq edib Rəhimə ötürmə vermədi. Hər dəfə fürsət boşa veriləndən sonra “11 nömrə”nin Ramil olduğuna adamın inanmağı gəlmirdi. Özü də şoka düşmüşdü, nə baş verdiyini anlaya bilmirdi.
Amin Seydiyev – 5,0
O da debütant olduğunu hiss etdirmədi. Oyuna kifayət qədər fəal qoşuldu və cinahının “ağa”sına çevrildi. Fiziki cəhətdən hazırlıqlı olması irəli-geri işləməsinə kömək edirdi. Hətta sona yaxın sonradan təhlükəli vəziyyətə səbəb olan epizodda ötürmə müəllifi kimi yadda qaldı. Lakin bəzi anlarda təcrübəsizliyi özünü göstərirdi.
Namiq Ələsgərov – 5,0
Əvəzetmələrdən sonra oyunun canlanmasının səbəbkarlarından biri idi. Sürəti hesabına rəqib futbolçulardan sıyırlır, bacarmayanda da yığmanın xeyrinə cərimə zərbəsi qazanırdı. Mübarizliyi də öz yerində. Bir az da vaxt olsaydı, yaxşı mənəada nəsə edəcəkdi.
Coşqun Diniyev – 4,5
Meydana sonradan daxil olanlar arasında ən diqqətçəkəni oldu. Səbəb isə 78 və 88-ci dəqiqələrdə qol fürsətlərindən yararlanmaması idi. İkinci epizod nisbətən çətin görünürdüsə, birincidə fərqlənmək üçün ustalıq tələb olunurdu. O da olmayınca, Ramilin qaçırdığı qol fürsətinin davamını qolla tamamlaya bilmədi.
Rəhman Hacıyev – 4,5
Rəhimin “ölüsü” Rəhmandan qat-qat effektli idi. Meydana nə üçün çıxdığını anlamayan, hətta yerini tapa bilməyən Hacıyev heç nə ilə yadda qalmadı. Hər imkanda top olan yerə qaçıb, əliboş qayıdırdı. Mübarizələri uduzmasına isə özü də öyrəncəlidi, biz də.
Əli Qurbani – qiymətsiz
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR