Sizin reklam burada

Milli komandada hücumçu problem var

Baxış Sayı:129


Əfqan Talıbov: “Sumqayıt” Kiprlə oynasaydı, qələbə qazanardı”
Bəhmən Həsənov: “Şeydayev, nə vaxt qol vuracaqsan?”

Yığma Millətlər Liqasında keçirdiyi son iki görüşdə cəmi 1 xal qazandı. Halbuki hədəf minimum 4 xal idi. Canni De Byazinin komandadakı dəyişiklikləri və oyun sistemini konkretləşdirməməsi komandanın çıxışında müəyyən problemlər yaradır. Doğrudu, zədəli futbolçuların çoxluğu, pandemiya səbəbindən bir neçə nəfərin yığmaya cəlb oluna bilməməsi də əlavə çətinliklərə səbəb olur.
Görəsən, futbol mütəxəssisləri yığmanın son iki matçını necə dəyərləndirir. Canni De Byazi komandada dəyişiklik edibmi? Əvvəlcə Nazim Süleymanova müraciət etsək də, veteran futbolçu müharibə şəraitində olduğumuzu əsas gətirib, futboldan danışmaq istəmədiyini bildirdi.
Əfqan Talıbov isə yığmanın əsas problemlərini sadaladı: “Hər iki matçı izlədim. Maksimum xal toplayacağımızı gözləyirdim, alınmadı. Sonda 3 xal qazanmaq istəyimiz də baş tutmadı. Canni De Byazi futbol fəlsəfəsini konkret ortaya qoymalıdı. Hələ bilinmir ki, kim harda və necə oynayır. Onu da qınamaq olmaz. Oyundan bir həftə öncə komanda yığışır. Özünü yaxşı tərəfdən göstərən futbolçular yığmaya dəvət olunur. Oyunçular bir yerdə oynayıblar ki, bir-birinə alışsınlar? Yoldaşlıq görüşləri keçirmək lazım idi. Bu da pandemiya səbəbindən alınmır. Düşünürdüm ki, premyer-liqada çıxış edən əcnəbi futbolçulardan ibarət bir komanda formalaşdırıb, milli ilə yoldaşlıq oyunu keçirərlər. Vallah, bizim çempionatda çıxış edən legionerlərin səviyyəsi kiprli futbolçulardan daha üstün idi. Ozobiç, Medina, Gerye, Andrade rəqib oyunçulardan daha keyfiyyətlidilər. Heç olmasa, belə bir görüş keçirmək olardı. “Sumqayıt” Kiprlə oynasaydı, qələbə qazanardı. Kipr milli komandasında nəsildəyişmə prosesi gedir. Ardıcıl 3-4 ötürmə verə bilmirdilər. Ramil Şeydayev fürsətləri saga-sola xərclədi. İndi onu tənqid etməliyik ki, bu epizodları niyə boşa verirsən? Komandamız onları 4:0 hesabıyla məğlub edə bilərdi. Lakin futbolçuların son anda dəqiqlikləri çatmadı. Milliyə çağırılanlar pis deyillər, amma biz özümüz yetişdirməliyik. Rəhim Sadıxov, Ramil Şeydayev Rusiya futbol məktəbinin tapıntılarıdı. Onlar da belə matçlarda şanslardan yararlana bilmirlər. Bu çətin vəziyyətdə millinin üzvlərindən qələbə gözləyirdik. Məncə, futbolçularımız ordumuzdan hücum etməyin yollarını öyrənməlidilər. Son illərdə Azərbaycanda hücumçu problemi yaşanır. Son nöqtəni qoya bilmirik. Mən başa düşə bilmirəm ki, Vüsal İsgəndərli niyə milliyə çağırılmır? Banişevski kimi intizamsız ikinci biri yox idi, amma hər dəfə yığmaya dəvət olunurdu. Mənim məşqçilərimdən biri olub. Bir dəfə soruşdum ki, “müəllim, öz intizamsızlığınızla diqqət mərkəzində olmusuz. Niyə sizi SSRİ yığmasına dəvət edirdilər”. Cavab olaraq bildirdi ki, “mən kənarda intizamsızlıq edirəm, amma meydanda və vəzifəmi icra etməyimdə problemim yoxdu”. Vüsal da bu cür futbolçudu. De Byazi özü onu qarşısında otuzdurub, söhbət edib, vəziyyəti izah etməlidi. Nəinki millidən kənarda saxlamalıdı. Onun kimi futbolçuya ehtiyacımız var.
Ümumilikdə millidə xətlərarası əlaqə problemi var. Son nöqtəni qoya bilmirik. Bu da hücumçumuzun olmamasının bariz sübutudu. Qrup lider olmaq şansını əldən verdik. Bəxtimizdən Millətlətlər Liqasına həmişə pis nəticələrlə başlayırıq. Xal ehtiyatımızı artıra bilmirik. Futbolçular ot örtüyünü bəhanə edirlər. Rəqib də səninlə eyni meydanda oynayır. Onlar bu vəziyyətdə qol vura bilirlərsə, sən də bunu etməlisən. Fərdi səhvlərə və peşəkarlığın çatışmamasına görə belə vəziyyətlərə düşürük”.
Bəhmən Həsənov da yığmanın oyunundan narazılığını ifadə etdi: “Düzünü desəm, Kiprlə oyunun ikinci hissəsinə baxdım. Saytların birində Qarabağla bağlı xəbər oxuyurdum. Birdən millimizin oyunu haqda xəbərə gözüm sataşdı. Sonra televizoru yandırıb, matça baxmağa başladım. Gördüyüm qədər yığmanın heyətində xaotiklik hiss olunur. Futbolçular anlaşa bilmirlər sanki. Bu da mövqelər üzrə dəyişikliklərin nəticəsidi. Məsələn, 4 matçdan üçündə Qara və Elvin yarımmüdafiədə çıxış edir. 4-cü matçda Camalovun əvəzinə Vüqar Mustafayev meydana çıxır. Və ya Elvin Cəfərquliyev matça sağ cinah müdafiəçisi kimi başlayır. Dəyişiklikdən sonra keçir sola. Hər mövqeyə uyğunlaşmaq çətin prosesdi. Bizim futbolçuların peşəkarlığı belə dəyişikliklərə imkan vermir. Şeydayev, nə vaxt qol vuracaqsan? Bu epizodları dəyərləndirə bilmirsənsə, başqa nə etməlisən? “Sabah”ın heyətində fərdi məşqlərdə belə epizodlar üstündə işləməlisən. Hücumçuların yerdəyişməsi biz nə xeyir verdi ki? Düşünürdüm ki, Əli Qurbani hücumun mərkəzində, Şeydayev solda, Ələsgərov sağda çıxış edər. Cinahlardan basqı qurub, cərimə meydançasına girmək lazım idi. Lakin Canni De Byazi hücumçunu hücumçu ilə əvəzlədi. Şeydayevi sola çəkib, Əlini mərkəzə atmaq lazım idi. Ümumiyyətlə, hər ölkənin futbolunun özünə xas oyun tərzi var. Məsələn, Foqst müdafiədən oynayıb, əks-hücumlara bel bağlayırdı. Prosineçki hücum futbolunu üstün tuturdu. De Byazidə isə bu konkret bəlli deyil. Heyət seçimi də qəribədi. Emin Mahmudov, Vüsal İsgəndərli niyə yığmadan kənarda qalıblar? Hər ikisi də oyunun taleyini dəyişə biləcək futbolçulardandı. Onları niyə çağırmırsan, niyə oynatmırsan? Kipr nə komandadı ki, ona qalib gələ bilmədik. Rəhmətlik Böyükağa Hacıyevin komandası ordan qalib ayrılıb, “Qarabağ” möhtəşəm qələbə qazanıb. Elə millimiz də bu komandanı səfərdə məğlub etdi. İndi niyə qələbə qazana bilmirik?
Komandanın hücumçusu yoxdu. Rauf oynaya-oynaya qocaldı. Ruslan Qurbanov da onun kimi. Kim qaldı hücumda oynayacaq? Ramil sırf hücumçu deyil. O, əlinə düşən şansları boşa verir. “Trabzonspor”dan da bu səbəbə görə göndərildi. Onlara qol vuran futbolçu lazım idi. Mirabdulla hər dəqiqə oynamalıdı. O, can qoymalıdı, daha çox oynamalıdı. Ümumilikdə oyunumuz alınmadı. De Byazi konkret öz fəlsəfəsini bəlli etməlidi ki, hansı oyun üslübundan yararlanacaq. Ondan sonra taktiki məsələlər həll olunacaq”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR