Sizin reklam burada

De Byazinin iki ayı nə ilə yadda qaldı?

Baxış Sayı:109


Adam optimal heyəti müəyyənləşdirə bilmir
Yığma Millətlər Liqasının oktyabr üçün nəzərdə tutulan daha iki oyununu başa vurdu. 4 görüşdən sonra milli hesabına 4 xal yazıb ki, qrupda yalnız Cənubi Kipri qabaqlayırıq. Növbəti hədəfin də əldən çıxdığını əminliklə demək olar. Qarşıdakı 2 matçda möcüzə baş verməlidi ki, rəqiblər bütün hallarda uduzsun, biz isə qalib gələk.
Belə baxanda, vəziyyətin bundan yaxşı olmayacağı öncədən görünürdü. İlin əvvəlindən baş məşqçi axtaran, istəyinə avqustda çatan AFFA rəhbərliyinin Canni De Byazidən tələbi maksimum millinin layiqli futbol oynaması olardı. Cəmi bir ay Azərbaycanda yaşayan birinin qarşısına nə “komanda qrupdan çıxmalıdı” tələbini qoymaq olardı, nə də o özü buna isti yanaşardı. Bir də ki yığma 4 oyundan üçünü səfərdə keçirib. Bunun özü nəyəsə işarədi.
Bu gün De Byazini göydən yerə vurmaq niyyətində deyilik. Adam Albaniya kimi ortababı AÇ-nin final mərhələsinə çıxarıbsa, bir neçə il əvvəl İtaliya millisini çalışdırmağa namizəd göstərilibsə, A seriyasında iş təcrübəsi varsa, deməli, bacarıq sahibidi. Yazıda italyan çalışdırıcının avqustdan bəri etdiklərinə, həm də etmək istədiklərinə nəzər salacağıq.
“11-lik”ləri dəyişir
Bu gün baş məşqçini işini çətinə salan əsas məsələ qoltuğundakı qovluqda optimal heyət üçün adların olmamasıdı. Adam ölkəmizə gəldiyini gündən eksperimentlər edir, axtarışdadı. Lakin hələ də nəzərindəki “11-liy”i düzəldə bilməyib. İşinin çətinləşməsində ölkə xaricində top qovan Dmitri Nazarov, Riçard Almeyda və Eddi İsrafilovun düşərgəyə qoşula bilməməsinin rolu da az deyil. İstənilən halda, baş məşqçi milli üzvlərini yaxından tanımağa, hamıya şans verməyə çalışır. Elə isə start heyətlərinə ayrı-ayrılıqda nəzər salaq.
Lüksemburqla oyun: Emil Balayev, Bəhlul Mustafazadə, Qara Qarayev, Maksim Medvedev, Namiq Ələsgərov, Mahir Emreli, Ramil Şeydayev, Bədavi Hüseynov, Elvin Camalov, Anton Krivotsyuk, Təmkin Xəlilzadə.
Cənubi Kiprlə oyun: Emil Balayev, Bəhlul Mustafazadə, Qara Qarayev, Maksim Medvedev, Ramil Şeydayev, Bədavi Hüseynov, Elvin Camalov, Anton Krivotsyuk, Təmkin Xəlilzadə, Rəhim Sadıxov, Abbas Hüseynov.
Monteneqroyla oyun: Emil Balayev, Bəhlul Mustafazadə, Qara Qarayev, Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Camalov, Anton Krivotsyuk, Rəhim Sadıxov, Abbas Hüseynov, Namiq Ələsgərov, Əli Qurbani.
Cənubi Kiprlə oyun: Şahruddin Məhəmmədəliyev, Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Elvin Bədəlov, Abbas Hüseynov, Qara Qarayev, Vüqar Mustafayev, Azər Salahlı, İsmayıl İbrahimli, Rəhim Sadıxov, Ramil Şeydayev.
Qara, Bəhlul və Anton əsas heyətdə yerini təmin edib
Adlardan da göründüyü kimi, italyan çalışdırıcı bu 4 oyunun heç birində eyni “11-liy”ə güvənə bilməyib. Burda zədəli və cəzalı futbolçuların yoxluğunun rolu olsa da, futbolçuları yoxlamaq, iş başında görmək istəyi də sözünü deyir. Mahirlə Təmkinin yoxluğunu ciddi itki hesab edə bilərik. Cənubi Kiprlə ikinci oyunda Maksimlə Bədavinin olmaması da təsirini göstərdi. Əli Qurbani isə toplanışa zədəli halda qoşulmuşdu və o cür də davam etdi.
Mövqelər üzrə təhlil aparsaq, De Byazinin qapıda görmək istədiyi adamın Emil Balayev olduğunu deməliyik. Yalnız sonuncu matçda ehtiyatda qalmışdı ki, Monteneqro ilə oyundakı biabırçı səhvlərdən sonra baş məşqçinin dəyişiklikdən başqa yolu yox idi. Odu ki, gələn ay baş tutacaq görüşlərdə “çərçivə”də yenə Balayevi görsəz, təəccüblənməyin.
Müdafiəçilərdən danışırıqsa, Maksimlə Bədavinin mövqeyi toxunulmazdı. “Qarabağ”ın üzvləri bu dəqiqə ən yaxşılardan hesab olunur. Bədavinin yanında güvəndiyi digər stopper isə 4 oyunun hamısında ilk dəqiqələrdən meydanda olan Bəhluldu. Müdafiənin solunda konkret kimə güvənmək istədiyini müəyyənləşdirmək olmur. Ayrı-ayrılıqda Təmkinə, Antona və Abbasa güvənib. Yarımmüdafiənin mərkəzində xilaskar rolunda gördüyü iki nəfər var – biri Qaradı, o biri Elvin. Qarayev 4 oyunun hamısında meydanda olub, Camalov isə yalnız sonuncu matçda ehtiyatda qalmışdı. Bu ikilinin qarşısında son 3 görüşdə fasiləsiz Rəhimə güvənib ki, italyanın seçimi anlaşılandı. Yarımmüdafiənin cinahları ilə bağlı durum qeyri-müəyyəndi. Namiq, Azər, Təmkin, İsmayıl, Abbas – hər birinə şans verib. Lakin hələ də özü üçün favorit adları tapa bilməyib.
Hücumun sivri ucundakı vəziyyətlə bağlı da fikir yürütmək çətindi. Dünənə qədər Ramil Şeydayev əvəzolunmaz sayılırdısa, Əlinin çempionatdakı parlaq oyunu baş məşqçinin diqqətini çəkib. Odu ki, Monteneqro ilə dueldə Şeydayevi ehtyatda saxlayıb, Qurbanini ilk dəqiqələrdən döyüşə atmışdı.
Bu təhlildən hansı nəticə çıxdı? Canni De Byazinin 4 oyunun hamısında güvəndiyi Qara, Bəhlul və Anton olub. Maksimlə Bədavini də siyahıya əlavə etsək, say 5 edir. Bu isə o deməkdi ki, təcrübəli mütəxəssis iki ayda özü üçün heyətin yarısını formalaşdıra bilib.
Yaxşı psixoloq deyil
Azərbaycana gəldiyi ilk günlərdən gülərüz, mehriban, bir o qədər də səmimi təsir bağışlayan Canni De Byazinin komanda daxilində hansı çəki sahibi olduğunu deyə bilmərik. Məsələn, Berti Foqts futbolçular üçün arzuolunmaz şəxs sayılırdı. Onun üçün futbolçunun kimliyi önəm daşımırdı, hamıya eyni gözlə baxırdı. Robert Prosineçkinin isə əksinə, konkret sevimli futbolçuları var idi ki, onlardan vaz keçə bilmirdi. Həmin futbolçular da daim arxasında dayanırdı. Nikola Yurçeviçdən danışmağa dəyməz. Yumşaq xasiyyətə sahib olması, üstəgəl, baş məşqçi kimi yığma təcrübəsizliyi futbolçuların, xüsusən də təcrübəlilərin ayağına yer vermişdi.
Xarakter həm də məşqçinin psixoloji hazırlıq üzrə pedaqoqluğundan xəbər verir. Sərt xarakterə sahib mütəxəssislər komandanı matça daha rahat kökləyə bilir. Lakin statistika Canni De Byazinin özünü kollektivə tam tanıda bilmədiyini göstərir. Ya da heyət seçimini düzgün edə bilmədiyini.
Lüksemburqla Bakıdakı oyunda milli sanki səfərdə çıxış edirmiş kimi qorxaq futbol sərgiləyirdi. Çoxları bunu Mahirin “qırmızı”sı ilə əlaqələndirsə də, onun meydanda olduğu 26 dəqiqə ərzində də bizimkilər “sürünürdü”. Komandanın oyuna hazır olmadığı ilk dəqiqələrdən hiss olunurdu. Nəticədə haqlı məğlubiyyət özünü çox gözlətmədi. Sonra nə baş verdi? Bu yenilgidən 3 gün sonra Cənubi Kiprdə çıxış edən milli baxımlı futbolla meydan sahiblərini udmağı bacardı.
Eyni hal bu dəfə də yaşandı. Milli Monteneqronun qapısına bir zərbə belə endirmədən 0:2 uduzdu. Səliqəsiz meydanda oynamışdılar, xeyli güc itirmişdilər, üstəlik, yenilgi komandaya pis təsir etmişdi. Belə vəziyyətdə Cənubi Kiprlə qələbəyə bərabər heç-heçə etməsi də adama təəccüblü gəldi. Çünki üç gündən bir keçirilən matçların ikincisində milli hər zaman “çökməsi” ilə yadda qalıb. Bu dəfə əksinədi, yığma ikinci oyunda “ayılır”. Burdan bir nəticə çıxarmaq olar: mütləq yenilgi olmalıdı ki, De Byazi ikinci görüşdə futbolçuları ruhlandıra bilsin.
Güc futboluna üstünlük verir
Yeni baş məşqçinin taktiki plandakı dəyişikliklərindən danışmaq çox çətindi. Çünki yığmanın hansı üslubda oynadığı, nə etmək istədiyi bəlli olmur. Yəni ortada sistem adına heç nə yoxdu, kim hansı tapşırığı yerinə yetirir – bir Allah bilir.
Bildiyimiz bir şey var, o da De Byazinin tipik italyan futbolunun tərəfdarı olmamasıdı. Əslində müəyyən elementlər var. Məsələn, güc futboluna güvənmək, meydanın hər qarışında pressinq tətbiq etmək. Müasir futbolun gücə güvəndiyini nəzərə alsaq, baş məşqçinin tapşırığı anlaşılandı. Anton, Bəhlul, Qara kimi futbolçulara daimi güvənin arxasında məhz fiziki hazırlıq dayanır.
Lakin Foqtsla Yurçeviçdən fərqli stajlı mütəxəssis müdafiədə “yatmağın” tərəfdarı deyil. Bu mənada italyanların sevimli “əsas top buraxmamaqdı” taktikasına arxa çevirmiş sayılır. Eyni zamanda qısa ötürmələrlə qurulan hücumları sevdiyi hiss olunur.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR