“İndiki məqamda bizə belə xoşagəlməz söz-söhbət lazım deyil”Millinin srağagün Cənubi Kiprlə heç-heçə etməsi futbol camiəsində heç də birmənalı qarşılanmadı. Futbol ictimaiyyətinin bəzi nümayəndələri oyun başa çatınca sosial şəbəkələrdə Canni De Byazinin çalışdırdığı komanda, millinin şərəfini qoruyan ayrı-ayrı futbolçular barədə fikirlərini bölüşdülər ki, onlardan biri də agent Erkin İbarhimovdu. İbrahimov oyundan sonra bölüşdüyü statusda baş məşqçinin, Ramil Şeydayevin və Qara Qarayevin ünvanına kəskin tənqidlər səsləndirib: “De Byazinin gedişlərini, qəribə penaltist seçimini, əvəzetmələrini qoyuram bir kənara. Belə anda bu cür zəif rəqibə qarşı oyunu futbolçular özləri udmalıydı. Yığışıb Kipri udub, mükafatı da tam şəkildə ordunun xeyrinə köçürməliydilər. Düzdü, birinci dediyim hər nə qədər real idisə, ikinci, sadəcə, xoş arzudan başqa bir şey deyil.
Ramil, qısa vaxt ərzində azarkeşlərin sevimlisinə çevrilmisən. Axı özünü hücümçu sayan biri bu qədər epizod qaçırmaz! Sonra da başlayır ki, Trabzonda şans vermədilər, “Qarabağ”da inanmadlar, nə bilim, “Dinamo”da sıxışdırırdılar. Get qaçırdığın epizodlara bax, hansıları ki, Reqion Liqasında çıxış edən istənilən forvard qaçırmazdı.
Hələ bu Qara Qarayevə bax, oyundan sonra artistlik edərək hakimlə mübahisə edir. A kişi, yazıq hakim 3 dəqiqə artırdı, 4 dəqiqə oynatdı. Şahin Diniyev demişkən, AFFA xanım sudyaları da görüb. Kişi ad günündə qol vurmaq istəyirdi güya... Ə, sən nə vaxtdan penalti vuran olmusan? Şan-şöhrət, bir günlük “instaqram” kralı olmaq üçün komandanı 3 xaldan etmisən. Beş pasından üçü arxaya, ikisi rəqibə gedir, hakimlə dəqiqə söhbəti aparır arsız-arsız!
Bundan sonra sosial şəbəkələrdə Qarabağ, ordu, millət adı ilə özünüzü reklam etməsəz yaxşıdı, ay kiprliləri sevindirənlər! Öz döyüşünüzü uduzduz! Aşkar autsayder olan Kipri udmamaq elə məğlubiyyətə bərabərdi!”
Erkin bəyin bu paylaşımına “Neftçi”nin, “Keşlə”nin sabiq futbolçusu Mirhüseyn Seyidov qarşılıq verib. Futbol camiəsində “Seyid” ləqəbi ilə tanınan Mirhüseyn Qara haqda yazdıqlarına görə Erkin bəydən hesabat tələb edib. Yeri gəlmişkən, Seyidovun yazdıqlarında orfoqrafik səhvlər çox olduğundan hamı tərəfindən anlaşılsın deyə müəyyən düzəlişlər etmişik: “Salam, Erkin. İndi burda oyun zəif olub deyə yazırsan. Mən arada oxuyuram. Hərdən tənqid eləyirsən. Amma lazımi yerlərdə elə girirsən ki nədi-nədi bir-iki oyunçu verib, 5-3 manat qazanasan. Bu da sənin işindi, halal xoşun. Qara penalı vursaydı, nə deyəcəkdin, nə yazacaqdın? İkili yazı sizin əlinizdə monitor kralı kimi hazırdı. Ya elə, ya belə, əhsən, halal olsun-zad. Mən bunu Qaranın yaxın qardaşı kimi yazıram, xəbərin olsun. Artist sözünü yazırsan. Nə bilim e, sən kimsən, “instaqram kralı” yazırsan. Bunların hamısını darıxma, elə yeyəssən ki. Sadəcə, burda ozünu mütəxəssis kimi aparırsan. Hamı da fikrini yazır, olsun. Özün də qəşəng bilirsən ki, bizdə nə qədər problemlər var. Onlara göz yumub arada bir-iki nəfəri pisləyib kimlərəsə xoş görünmək lazım deyil. İnşallah, yaz şəxsiyə. Bir dəfə səninlə özüm haqda da telefonda danışmışıq, yadındadısa?”
Mirhüseynin yazdığı fikirlərə İbrahimovun münasibətini öyrənməyi lazım bildik: “Bu gün elə həssas vaxtdı ki, belə məsələlərə görə bir-birimizlə düşmənçilik etməyin yeri yoxdu. Bəlkə də başqa vaxt olsaydı, cavab verərdim, onun yazdıqlarına münasibət bildirərdim. Ancaq indiki məqamda bunu ictimailəşdirməyin əleyhinəyəm. Ola bilsin, mən də həmin status paylaşan zaman əsəbi olmuşam, qələbə qazanmalı olduğumuz matçda 3 xalı əldən verdiyimizə görə hirslənmişəm. Oldu, qutardı. Yenə deyirəm, indiki məqamda bizə belə xoşagəlməz söz-söhbət lazım deyil”.
RƏŞAD