Sizin reklam burada

Futbolumuzun həmişəyaşar problemi

Baxış Sayı:112

20 il əvvəl, 2000-ci il oktyabrın 11-də Azərbaycan millisi Bakıda Türkiyəni qəbul edirdi. Türkiyəli qardaşlarımızın Arif Ərdəmin qoluyla bizi məğlub etdiyi həmin oyun dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmişdi. Türkiyə yığmasının heyəti əməlli-başlı “ulduzlar toplusu” idi. “Qalatasaray” həmin ilin mayında UEFA kubokunun qalibi olmuş, Mustafa Dənizliyin çalışdırdığı “ay-ulduzlular” Hollandiya və Belçikanın şərikli keçirdiyi Avropa çempionatında yaxşı çıxış etmişdi. Düzdü, Bakıya gələn komandanı Şenol Günəş çalışdırırdı. Bununla belə, millinin heyətində yaydakı qitə çempionatının və UEFA kubokunun finalının iştirakçısı olan xeyli futbolçu vardı. Hakan Şükürlü, Arif Ərdəmli, Rüştü Rəcbərli, Nihat Kahvecili Türkiyə millisinə qarşı bizimkilər xeyli mübarizə apardı. Hiss olunurdu ki, İqor Ponomaryovun çalışdırdığı komanda Anadoludan gələn qardaşlarımıza uduzmaq istəmir. Gərgin keçən görüşdə bir neçə dəfə dava-dalaş da düşdü, qardaşlıq unuduldu. Bir sözlə, meydanda əsl kişi mübarizəsi izlədik, ciddi səviyyə fərqi hiss olunmadı. Yaxşı oyunla uduzmağımız bizi xeyli məyus etmişdi.
Həmin oyunun ertəsi dərc olunan “Futbol+”in manşeti indiyə kimi yadımdadı. Qapı dirəyindən əlini tutub, künc bayrağının yanından havalandırılacaq topu gözləyən Vadim Vasileyin şəklinin altından belə yazılmışdı: “Biabırçılıq, bu boyda ölkədə qol vuran futbolçu yoxdu!” Türkiyə ilə eyni qrupda mübarizə apardığımız seçmə mərhələdə cəmi 4 qol vurmağı bacarmışdıq. Maraqlıdı ki, həmin 4 qoldan ikisini elə Vadim Vasilyev rəqiblərin qapısından keçirmişdi, özü də hər iki halda Slovakiyanın qapısına. Amma Türkiyə ilə oyun da daxil olmaqla ilk 4 qarşılaşmada fərqlənə bilməmişdik. İsveçə 0:1, Makedoniyaya 0:3 uduzmuşduq. Türkiyəyə də, ondan sonra da Moldovaya qol vura bilmədik. Türkiyə ilə oyunda qol vura bilməməyimiz isə bizə xüsusilə pis təsir etmişdi. Ona görə yox ki, türkləri büdrətmək istəyi bizə güc gəlirdi. Sadəcə, yaxşı oynayıb, güclü rəqibdən heç bir göstəricidə geri qalmadığımız oyunda “quru” hesabla uduzmaq bizə ağır gəlirdi. Oyundan əvvəl Türkiyə mətbuatının, idman yazarlarının və futbolçuların bizə yuxarıdan aşağı baxması, özlərini 3 xal qazanmış kimi aparmaları da qürurumuza toxunmuşdu. 90 dəqiqə ərzində meydanda yaşananlar, zaman-zaman gərginliyin dava-dalaş həddinə çatması da elə həmin münasibətin göstəricisi idi. Təəssüf ki, bizimkilərin cəhdləri, Rüştünün qapısına doğru həmlələri nəticə vermədi, qol vurmaq üçün hər dəfə nəsə çatmadı. Görünür, qəzetimizin manşetindəki həmin o cümlələr də bunun nəticəsi idi.
Ötən 20 ildə millimizin məğlub olduğu oyunların sayını-hesabını itirmişik. Özü də bu oyunların əksəriyyətində qol vurmağı da bacarmamışıq. Yəni 20 ildə nəticə baxımından ciddi mənada nəsə dəyişməyib. Ara-sıra qol da vururuq, qələbə də qazanırıq. Amma Türkiyə ilə oyundakı biabırçılıq davam edir, bu ölkədə qol vurmağı bacaran futbolçu yetişmir. Son bir neçə ildə Ramil Şeydayev bizi ümidləndirmişdi. Hiss olunurdu ki, çalışqandı, qol duyumu var və millinin oyunlarında meydanda can qoyaraq fərqlənməyə müvəffəq olur. Artıq o da həmin keyfiyyətlərini itirməkdə, sıradan bir azərbaycanlı futbolçuya çevrilməkdədi. Bu sözlərimlə heç kimi təhqir etmək fikrində deyiləm. Acı reallıq ortadadı. Millimiz Cənubi Kipr yığmasından güclü olduğunu hələ Nikosiyada isbatlamışdı. Rəqibin futbolçularının ayağı top tutmur, kollektivin anlaşması xeyli zəifdi. Gənclərin təcrübəsizliyi də öz yerində. Elə bunun sayəsində də Nikosiyadakı oyunun ilk 45 dəqiqəsində meydan sahiblərini qapısına doğru sıxışdırmağı, bizə 3 xal gətirən qolu vurmağı bacarmışdıq.
Elbasandakı oyunda da üstün tərəf idik. Özü də bu üstünlüyümüz təkcə birinci hissəylə məhdudlaşmadı, 90 dəqiqə ərzində davam etdi. Təsadüfi deyil ki, “çərçivə”yə tərəf 6 zərbə vurmuşuq, rəqibdə isə bu say sıfra bərabərdi. Statistika da, oyunun ümumi görüntüsü də Azərbaycanın qələbəyə yaxın tərəf olduğundan xəbər verirdi. Amma bu üstünlüyümüzü əməli işə çevirib, qələbə üçün vacib olan qolu vurmağı bacarmadıq. Qara Qarayevin penalti zərbəsini inamsız yerinə yetirməsi də əleyhimizə işlədi. Bir sözlə, Azərbaycan millisi yaxşı oynadığı, rəqibdən üstün olduğu görüşdə də qalib gələ bilmədi. Deməli, qələbə qazanmaq üçün təkcə yaxşı oynamaq kifayət deyil, qol vurmağı bacarmaq lazımdı. Bu problem isə futbolumuzda aktualdı. 20 il öncə necə idiksə, indi də eləyik. Ötən müddət ərzində milyonlar xərcləmişik, neçə-neçə əcnəbi mütəxəssisi səxavətlə bəsləmişik, amma əsas problem həll olunmayıb. Biabırçılıqdı, bu boyda Azərbaycanda qol vuran futbolçu yoxdu!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR