Sizin reklam burada

Qaçırılan imkanlar, azalan ümidlər...

Baxış Sayı:80


De Byazi: “Bu oyunda 2 xal itirdik, nəinki 1 xal qazandıq”
Millətlər Liqası
C liqası, 1-ci qrup
260. Azərbaycan – Cənubi Kipr 0:0

12. Şahruddin Məhəmmədəliyev
18. Anton Krivotsyuk
4. Bəhlul Mustafazadə
(21. Amin Seydiyev, 71)
14. Elvin Bədəlov
13. Abbas Hüseynov
3. Azər Salahlı
(15. Namik Ələsgərov, 57)
6. Vüqar Mustafayev
2. Qara Qarayev (k)
20. İsmayıl İbrahimli
(8. Coşqun Diniyev, 57)
10. Rəhim Sadıxov
(17. Rəhman Hacıyev, 71)
11. Ramil Şeydayev
(9. Əli Qurbani, 81)
Ehtiyat oyunçular
1. Emil Balayev
23. Aydın Bayramov
5. Şəhriyar Əliyev
7. Araz Abdullayev
16. Elvin Camalov
19. Təmkin Xəlilzadə
22. Mirabdulla Abbasov
Baş məşqçi: Canni De Byazi

1. Dmitris Dimitriu
3. Xristos Uiler
19. Konstantinos Laifis
2. Andreas Karo
7. Minas Antoniu
20. Qriqoris Kastanos
18. Kostakis Artimatas
8. Xambos Kiriaku
(11. Panagiotis Zakariu, 46)
21. Marinos Tzionis
(13. İoannis Kusulos, 81)
10. Pieros Sotiriu
(23. Yannis Pittas, 19)
9. Dimitris Xristofi (k)
(17. Loizos Loizu, 69)
Ehtiyat oyunçular
12. Xaralambos Kiriakidis
22. Neofitos Mixail
4. Tomas İoannu
5. Fanos Katelaris
6. Kristos Sielis
14. Andronikos Kakullis
15. Aleksander Qoqiç
16. Mixalis İoannu
Baş məşqçi: Yohan Valem
27-ci dəqiqədə Qara Qarayev penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: A.Krivotsyuk, 6. A.Karo, 26. X.Kiriaku, 37. L.Loizu, 81. K.Artimatas, 90+3. K.Laifis, 90+3 – sarı.
Hakimlər: FRAN YOVİÇ, İvitsa Modriç, Hrvoye Radiç, Mario Zebec (hamısı Xorvatiya).
Hakim-inspektor: Karel Vidlak (Çexiya).
UEFA nümyəndəsi: David Mak Dovell (Sloveniya).
13 oktyabr. Elbasan. Elbasan Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
10 (6) qapıya (“çərçivə”yə) zərbə 8 (0)
1 künc zərbələri 1
1 oyundankənar vəziyyət 3
1 vərəqə (qırmızı) 5
19 qayda pozuntusu 22
Şənbə günü Podqoritsada Monteneqroya uduzan yığma Cənubi Kipr qarşısına fərqli heyətlə çıxmışdı. Canni De Byazi “Elbasan Arena”da baş tutan görüşdə heyətdə 6 dəyişiklik etmişdi ki, onun da üçü məcburi əvəzetmə idi. Baş məşqçinin bu addımı komandanın çıxışına mənfi planda təsir etdimi? Xeyr. Bəlli səbəblərdən neytral meydanda keçirilən görüşdə, ola bilsin, yığma hər iki hissənin əvvəlini o qədər də yaxşı keçirmədi. Ancaq italyan mütəxəssisin çalışdırdığı komanda ümumilikdə pis təsir bağışlamadı və hiss olunurdu ki, rəqibdən fərqli qalib gəlmək üçün daha çox canfəşanlıq edir. Özü ilə, demək olar, eyni səvviyyədə olan rəqiblərlə görüşdə yığmanın bu qədər real qoş şansını əldən verdiyini çətin yada salmaq mümkündü. Nominal meydan sahibləri yığmada debüt edən Dimitriunun qoruduğu qapıya 10 zərbə endirdi ki, onlardan da 6-sı “çərçivə” istiqamətində oldu. Bu 6 zərbənin hamısı qol olmalıydı, təəssüf ki, həmin gün debütant qolkiper özünü ən yaxşı tərəfdən göstərməyi bacardı. Təsadüfi deyil ki, De Byazi oyunsonrası mətbuat konfransında təkcə ilk hissədə hesabın 3:0 olmalı olduğunu vurğulamaqla yadda qaldı. Onun bu fikiləri ilə razılaşmamaq olmur.
Heç şübhəsiz, bu görüşdə azərbaycanlı azarkeşləri ən çox məyus edən Ramil Şeydayev oldu. Forvard iki dəfə rəqib qapıçı ilə təkbətək çıxdı, bundan başqa, fərqlənmək üçün daha bir real şans qazandı. Amma 24 yaşlı hücumçu imkanları boşa verməklə yadda qaldı. Klubunda Ramilin işlərinin qaydasında getmədiyi məlumdu. İspan mütəxəssis “Sabah”da onun xidmətindən daha çox vinger kimi yararlanır. Ancaq “Zenit”in yetirməsi klubdan fərqli ölkənin əsas komandasında həmişə diqqət mərkəzində olub, hücumun sivri ucunda çıxış etməklə özü barədə müsbət fikirlər formalaşdırıb. Millətlər Liqasının ilk turunda Bakıda Lüksemburqla matçda milli çox zəif təsir bağışlasa da, Ramil qol vurmaqla futbol camiəsinin rəğbətini qazanmışdı. Təəssüf ki, “Elbasan Arena”da Şeydayevin qol duyumunu itirməsinin, “qapını görməməsinin” şahid olduq. Forvard fərqlənmək üçün əlindən gələn hər şeyi etsə də, son nöqtəni qoymağı bacarmadı ki, bu da onda özünəianmın itdiyini, soyuqqanlı ola bilmədiyini göstərir.
27-ci dəqiqədə yığma yüzfaizlik qol şansı qazandı. Rəqib müdafiəçilər cərimə meydançasının daxilində Şeydayevə qarşı kobud oynayınca xorvat hakim düşünmədən “nöqtə”ni göstərdi. Yenə “təəssüf” deməkdən başqa əlacımız qalmır. Karyerasıboyu heç vaxt penalti vurmayan Qara öz ad günündə real şansı əldən verməklə yadda qaldı. Onun zərbəsi güclü olsa da, dəqiq olmadı və Dimitris kapitana döyüşlərdə igidlik güstərən əsgərlərimizə “əsgər salamı” göndərməyə imkan vermədi. Əlsində qaçırılan penaltiyə görə Qaranı bəlkə də qınamaq yersizdi. Penaltinin zərərçəkən özü yerinə yetirmək istəyirdi. Ancaq De Byazi kənardan müdaxilə edərək topun arxasına məhz Qarayevin keçməsini istədi. İtalyan həmin an bəlkə də hisslərə qapılaraq bu qərarı verdi ki, bu da yığmanı 3 xaldan etdi.
Monteneqro ilə qarşılaşmadan fərqli Cənubi Kiprlə matçda yığma daha toparlanmış, qələbə üçün daha çox çalışan komanda təsiri bağışladı. Amma bəzən yersiz tələskənlik, bəzən də futbolçuların ustalığının aşağı olması 3 xalı qazanmağa mane oldu. Vəlvələdən, ya zəlzələdən, bu qədər qol şansının olmasına baxmayaraq, ən pisi o oldu ki, De Byazi demişkən, yığma qrupdan çıxmaq yönündə son şansını da itirdi.
RƏŞAD

Yeri gəlmişkən...
Srağagünkü oyunda yığmanın heyətində birdən-birə 4 futbolçu debüt edib. İlk “11-lik”də yer alan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev, yarımmüdafiəçisi İsmayıl İbrahimli və “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov, eləcə də 71-ci dəqiqədə oyuna qoşulan “Sabah”ın müdafiəçisi Amin Seydiyev ilk dəfə milli forma geyib.
Bununla da De Byazinin dönəmində yığmada debüt edən futbolçuların sayı 7-yə çatıb. Adı çəkilən futbolçulara qədər Rəhim Sadıxov, Əli Qurbani və Azər Salahlı da belə şans qazanmışdı. Ümumiyyətlə, yığmanın tarixi boyunca keçirdiyi 260 oyunda 243 futbolçu forma geyib.

Reaksiyalar
Yohan Valem: “Komandama, sadəcə, bir söz deyə bilərəm - fantastik oynadı. Bəlkə futbolçularım bacardıqlarından daha artığını etmək istədilər. Penalti epizodu oyunun qırılma anı oldu. Qapıçımız penaltini dəf etməklə bizi xilas etdi. Bu həmçinin futbolçularımızın fantastik mentallığının olduğunu göstərir. Daha yaxşı oynamaq, onların oyununu inkişaf etdirmək üçün tədricən komanda olmağın açarını tapmalıyıq. Heyətimizdə gənc futbolçular çoxdu və məncə, bir az da intensivliyi və emosiyaları idarə etməyi bacarmalıyıq”.
Canni De Byazi: “Qalib gəlməli olduğumuz oyun idi. İlk hissədə çoxlu imkanımız oldu, ancaq istifadə edə bilmədik. Fasillədən sonra da yaratdığımız şansları dəyərləndirə bilmədik. Təbii ki, qol vurmadan qalib gəlmək olmur. Futbolçular meydanda ürəklərini qoydular. Təəssüf ki, alınmadı. Bu oyunda 2 xal itirdik, nəinki 1 xal qazandıq. İlk hissədə hesab 3:0 ola bilərdi. Dediyim kimi, şanslardan istifadə edə bilmədik. Oyuna yaxşı köklənmişdik. Qalib gələcəyimizə inanırdıq. Qalib gəlsəydik, komandadakı əhval-ruhiyyə müsbət mənada dəyişə bilərdi. Müdafiədə səhv etməmək üçün çalışdıq ki, hücumameyilli futbol oynayaq, müdafiədən tez hücumlar təşkil edək. Komandada hər şeyə mən qərar verirəm. Penalti epizoduna gəlincə, Qaranın vurmasını mən istədim. Komandamızın kapitanıdı. İstədik ki, bu çətin vəziyyətdə penaltini o yerinə yetirsin”.
Ramil Şeydayev: “Yaxşı oynadıq, çoxlu qol imkanı yaxaladıq. Tək çatmayan qol oldu ki, bir neçə dəfə fərqlənə bilərdik. Pis odu ki, qələbə qazana bilmədik. Qələbəyə layiq komandanın 3 xalsız qalmasına görə daha çox pis oluram. Tənqid etmək onların (çox güman, jurnalistləri nəzərdə tutur – red.) işidi. Mənim üçün bu o qədər də əhəmiyyət kəsb etmir. Yenidən qol vuracağım halda haqqımda müsbət fikirlər səsləndirəcəklərini bilirəm. Bilirəm ki, nəyin üzərində işləməliyəm və bunun da üzərində çalışacam. Bəli, biz 1 xala yox, başqa nəticəyə köklənmişdik. Son iki oyunu qalib kimi başa vurmağı planlaşdırmışdıq, ancaq alınmadı. Ümid edirəm qarşıdakı görüşlərdə istəyimizə çatacağıq”.
Elvin Bədəlov: “Meydana qələbə üçün çıxmışdıq. Görünür, qismət deyilmiş. Əlimizdən gələn hər şeyi etdik, ancaq alınmadı. Buna görə çox təəssüflənirik. Oyuna nəzarət bizdə idi. Xeyli qol imkanımız oldu. Rəqibə isə demək olar, heç bir şans vermədik. Qələbə qazanmalıydıq. Həm Cənibi Kipr, həm də Monteneqro ilə matçda yaxşı təsir bağışladıq. Bəlkə də kənardan baxanda son oyunun bizim üçün asan keçdiyini düşünmək olar. Əslində heç də belə deyil. Bütün bunlara baxmayaraq, Cənubi Kiprlə oyunlardan 6 xal götürməliydik. Qara penalti nöqtəsinə yaxınlaşanda qol vuracağına inanırdım. Ümumiyyətlə, komanda yoldaşlarımın hamısına inanıram. Nə edək ki, alınmadı. Rəqin qapıçı çox yaxşı oynadı. Çox qol epizodunu boşa verdik. Deyə bilmərəm, bu nə ilə bağlıdı. Görünür, bizim günümüz deyildi. Hamımızın fikri əsgərlərimizin yanındafı. Hər zaman cəbhədə yaşananlar barədə düşünürük. İnanıram ki, yaxın vaxtda torpaqlarımızı azad edəcəyik və sakit həyata qayıdacağıq. Albaniyada özümüzü yaxşı hiss etdik. Təbii ki, “doğma divarlar”ı heç nə əvəz etmir, lakin orda hansı çətinliklə üzləşdiyimizi də deyə bilmərəm. Yığmada debüt etdiyimə görə çox şadam və bu hər bir futbolçu üçün böyük şərəfdi. İlk oyun olduğuna baxmayaraq, həyəcan yox idi. Qələbə qazana bilmədiyimizə görə təəssüflənirəm. Hər bir məşqçiyə, o cümlədən Canni De Byaziyə də yeni işində vaxt lazımdı. Oyundan-oyuna “artırmağ”a və məşqlərdə maksimum çalışırıq. Baş məşqçinin komandaya münasibəti ürəkaçandı, biz ona, o da bizə inanır. Özümə gəlincə, həmişə yığmaya can-başla kömək etməyə hazıram. Fərqi yoxdu, bu 10 və ya 90 dəqiqə olacaq. Əsas komandanın qazanacağı uğurlu nəticədi”.

İki məqam
* Millətlər Liqasında növbəti oyununu keçirən Azərbaycan yığması 6-cı dəfə oktyabrın 13-də meydana çıxıb. İndiyədək 5 dəfə bu tarixdə qüvvəsini sınayan komandamız Kiprlə Albaniyanın Elbasan şəhərində keçirilən matçda nəhs günlə bağlı iki uğursuz seriyadan birini qırıb. Ayın 13-də baş tutan əvvəlki oyunların hamısında uduzan millimiz bu dəfə rəqibi ilə qolsuz bərabərə qalaraq, xal qazanıb. Ancaq komandamız nəhs gündə yenə qola həsrət qalıb. Yığmamız üç dəfə evdə, üç dəfə səfərdə keçirdiyi matçlarda ümumilikdə 12 top buraxıb.
13 oktyabr 2004. Bakı. DÇ. Azərbaycan – İngiltərə 0:1
13 oktyabr 2007. Bakı. AÇ. Azərbaycan – Portuqaliya 0:2
13 oktyabr 2014. Osiyek. AÇ. Xorvatiya – Azərbaycan 6:0
13 oktyabr 2015. Sofiya. AÇ. Bolqarıstan – Azərbaycan 2:0
13 oktyabr 2019. Budapeşt. AÇ. Macarıstan – Azərbaycan 1:0
13 oktyabr 2020. Elbasan. ML. Azərbaycan – C.Kipr 0:0
* Yığma tarixində 6-cı dəfə penalti imkanını qaçırıb. Bu uğursuzluğu kapitan Qara Qarayev yaşayıb. Yarımmüdafiəçi yığmanın tarixinə penaltini qaçıran 6-cı futbolçu kimi düşüb. İlk cəhdi uğursuz alınan Qaraya qədər Kamal Quliyev, Rəşad Sadıqov, Rəşad Sadiqov, Markus Ferreyra və Zaur Ramazanov da belə şansdan yararlana bilməyib.
6 dəfə penaltidə xətaya yol verən komandamız 18 belə imkanı qola çevirib. Bu isə o deməkdi ki, yığmanın dəqiqlik faizi 75-ə bərabərdi. Milli tarixinin ən yaxşı penalti ustası Nazim Süleymanovdu. Yığmamızın ilk kapitanı 3 zərbənin hər birini qola çevirib.
Hərəyə 2 penalti vuran Qurban Qurbanov, Mahir Şükürov, Əfran İsmayılov və Riçard Almeyda da yüzfaizlik göstəriciyə imza atıb. Penalti qaçıranlardan yalnız Rəşad Sadıqovun bir qolu 11 metrlik nöqtədən qeydə alınıb. Millinin digər 6 üzvü isə hərəyə bir dəfə qazandığı şansdan dəqiq istifadə edib. Canni De Byazinin son heyətində isə Qaraya qədər millidə penalti zərbəsi vuran yox idi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR