Sizin reklam burada

Məsud ol, Məsut!

Baxış Sayı:107

Azərbaycan dövləti sentyabrın 27-dən bəri ərazi bütövlüyünün, suverenliyinin bərpası uğrunda inadkar, fədakar mübarizə aparır. Həm ölkə prezidentinin, həm də ictimaiyyətin bütün təbəqələrinin vahid mövqeyi belədi ki, bu yolda sonacan yürüməli, haqqımızı almalı, işğal atındakı bütün torpaqları azad etməli və 1 milyona yaxın qaçqının doğma yurd-yuvasına qayıtmasına şərait yaratmalıyıq. Əslində dünyada ikili standartlar mövcud olmasaydı, beynəlxalq hüququn norma və prinsipləri işləsəydi, böyük güclərin başımıza açdığı bu oyuna çoxdan son qoyular, Azərbaycan inkişafında yeni mərhələyə qədəm qoyardı. Nə edəsən ki, bəzən sözlər və kəlmələr də ayrı-ayrı beynəlxalq qurumların və dövlətlərin ədalətsizliyini anlatmaqda acizdi. Heç şübhəsiz, ədalət gec-tez zəfər salacaq, ölkəmiz haqq davasında qalib gələcək.
Hər cür təzyiqlə üzləşdiyimiz, işğalçı ilə torpaqları işğala məruz qalanın tərəzinin eyni gözünə qoyulduğu indiki günlərdə dərdimizə şərik olan hər kəsi özümüzkü kimi qəbul edir, belə mesajlardan ruhlanırıq. Qəzetimizin ötən sayında “Roma” kimi böyük klubun bu münaqişənin mahiyyətinə varmadan yalnız heyətindəki erməni futbolçu Henrix Mxitaryanın təsiri ilə Qarabağ separatçılarına atributlarından ibarət 117 paket göndərdiyini xəbər vermişdik. Əslində belə böyük klublar məsələni daha dərindən öyrənməli, hansısa qərar verərkən Azərbaycandakı azarkeşlərinin də marağını nəzərə almalıdılar. “Roma” Mxitaryanın bu münaqişə ilə bağlı mövqeyini öyrənməli, zaman-zaman ölkəmizin ünvanına səsləndirdiyi ittihamların fərqinə varmalıydı. Amma İtaliya klubu belə etmədi və əminəm ki, ölkəmizdəki azarkeş ordusunu itirdi. “Canavarlar”ın Bakıda fanklubu varsa, “CBC Sport”un boykot qərarının məntiqi davamı kimi ortaya çıxmalı, varlıqlarını Mxitaryana və “Roma”ya göstərməlidilər.
Amma bunsuz da Mxitaryan və ədalətsizcəsinə separatçıların tərəfini tutan bütün başqa idman adamları lazimi cavabı və mesajı aldı. Özü də kimdən? Dünya çempionu, dünya və Avropa çempionatlarının bürünc medalçısı Məsut Özildən! Onun 25 milyon izləyicisi olan “tvitter” hesabında Atatürkün məşhur “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdi” ifadəsinə yer verməsi elə böyük kişilik, elə gözəl dəstək əlamətidi ki, minnətdarlıq etməmək olmur. Vaxtilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkdirdiyi şəklə görə Almaniya futbol ictimaiyyətinin az qala xain gözü ilə baxdığı, bu ölkənin futbolu üçün bütün xidmətlərinin üzərindən xətt çəkdiyi Özil onda sona qədər mövqeyindən çəkilmədi, yığmadan getmək bahasına olsa da, əqidəsini, baxışlarını dəyişmədi. Hazırda “Arsenal”ın formasını geyir və təbii ki, belə paylaşıma görə dünyanın hər yanına səpələnən ermənilərin qəzəbinə düçar olacağını, onların hər cür təzyiqi ilə üzləşəcəyini hamıdan yaxşı anlayır. Düşmən xalqın təbiəti elədi ki, xoşlamadığı, mövqeyini bölüşməyən istənilən adamı ən müxtəlif şəkildə ləkələyə, hətta babalarından qalan ənənə ilə sui-qəsd də təşkil edə bilər. Ötən əsrin əvvəllərində, hətta 80-ci illərdə də onlarla azərbaycanlı və türk diplomatın həyatına son qoyan ermənidən şəxsən mən hər cür pislik gözləyirəm. Amma belə sısqa qisasçılıq aktları Özili qorxutmaz. Adam yenə də ürəyinin səsinə qulaq asaraq, haqqın, haqlının və ədalətin yanındadı. Ermənilərin bütün dünyada saxta informasiya savaşı açdığı, “məzlum, əzabkeş, incidilən xalq” obrazına yeni cizgilər əlavə etdiyi indiki günlərdə belə populyar futbolçunun Azərbaycana dəstək verməsindən gözəl jest ola bilməzdi. Yüzdəyüz əminəm ki, azərbaycanlı azarkeş ADAM KİMİ ADAMIN bu jestini cavabsız qoymayacaq, inşallah, vətənimizə səfəri zamanı Özilin kişiliyinə haqq etdiyi qiyməti verəcək. Təşəkkürlər, Məsut, məsud ol!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR