Sizin reklam burada

Elbasanda yunanların basılması

Baxış Sayı:98

Bu gün Azərbaycan millisi tarixi oyuna çıxacaq. Turnirin imici elə də yüksək olmasa da, qarşımızda böyük hədəflər dayanmasa da, Cənubi Kipr yığmasıyla qarşılaşma bizim üçün prinsipialdı. Bəli, mən də bilirəm ki, Millətlər Liqasının marka dəyəri xeyli aşağıdı. UEFA-nın bütün cəhdlərinə baxmayaraq, yeni yaranan turniri qiymətə mindirmək mümkün olmayıb. Hələ də bu proses davam edir. Xüsusən də Avropanın böyük futbol ölkələri Millətlər Liqasına ciddi yanaşmır, bu turnirin oyunlarına barmaqarası baxırlar. Vəziyyət o qədər acınacaqlıdı ki, hazırkı turnirin qaliblərinin qazancının nə olacağı belə bəlli deyil. Çünki Millətlər Liqası ilk dəfə keçiriləndə ortada konkret hədəflər var idi. Əvvəlcədən bildirilmişdi ki, qrup qalibləri Avropa çempionatının final mərhələsinə vəziqə şansı qazanacaqlar. Bu isə bir çox yığmalar üçün tarixi fürsət, yeni stimul idi. Bizim kimi zəif komandaların qitə çempionatının seçmə oyunları vasitəsi ilə final mərhələsinə vəsiqə qazanması onsuz da əlçatmazdı. Amma Millətlər Liqası ən zəif yığmalara belə bu şansı verirdi. Bizim bu şansdan yararlana bilməməyimiz başqa mövzudu. Hazırda UEFA ilə FİFA arasında danışıqlar aparılır, Millətlər Liqasının qaliblərinin hansısa formada dünya çempionatının final mərhələsinə qatılmaq şansı əldə etməsi üçün variantlar fikirləşirlər. Etiraf etmək lazımdı ki, indiki şəraitdə bu forma heç də real görünmür. Belə çıxır ki, indi Millətlər Liqasında yarışan komandalar konkret hədəf olmadan meydana çıxır, adı rəsmi olan turnirdə yoxlama oyunları keçirirlər. Bununla belə, Cənubi Kiprlə oyun bizim üçün prinsipiallığını qoruyur.
“Niyə” sualına cavab vermək elə də çətin deyil. Cənubi Kiprin əhalisi yunanlardı. Bunu hamımız bilirik. Yunanların bizə münasibəti isə məlumdu, illərdi bunu görə-görə gəlirik. Hələ 1995-ci ilin yayında “Neftçi” Kuboklar Kubokunun təsnifat mərhələsində APOEL ilə qarşılaşarkən yunanların iç üzü açılmışdı. Nikosiyadakı görüşdə yerli komandanın azarkeşləri Türkiyə və Azərbaycan bayraqlarını yandırmaqla bizə olan münasibətlərini göstərmişdilər. “Qəbələ”nin “Apollon”la qarşılaşmaları da gərgin ab-havada keçdi, yunanlar ermənilərlə həmrəy olduqlarını tribunalarda açdıqları qondarma bayraqlarla nümayiş etdirdilər. APOEL-in “Qarabağ”la qarşılaşmalarında da eyni ssenarini izləyirdik. Rəqib komandanın hücumçusu Giorgos Merkis ÇL-in 3-cü təsnifat mərhələsində “Qarabağ”la cavab görüşündən sonra Respublika stadionunda Yunanıstan bayrağı ilə dövrə vurmuş, bunu nümayişkəranə şəkildə etməklə bizə acıq verməyə çalışmışdı. Bütün bunlar yaxın keçmişin dərsləridi. Özü də təkcə futbol meydanlarında izlədiyimiz görüntü deyil. Siyasi müstəvidə də yunanlar ermənilərlə həmrəyliyini gizlətmir, onların işğalçı siyasətlərinə gizli və aşkar dəstək verirlər. Sözsüz, bu münasibətin kökündə onların türklərə düşmən münasibəti dayanır.
“Neftçi” Nikosiyada APOEL-i əzib, avrokuboklardan qovmuşdusa, “Qəbələ” qısa müddətdə “Apollon”la PAOK-u yolundan kənarlaşdırmaqla onların ürəyinə dağ çəkmişdi. Elə “Qarabağ” da PAOK-la Avropa Liqasının qrup mərhələsində eyni qrupda yer alarkən bu rəqibi evdə və səfərdə məğlub etməyi bacarmışdı. Bu uğurun davamını milli komandamız gətirdi və ötən ay Cənubi Kiprin yığmasını səfərdə yenib, onların indiyə qədər etdikləri pisliklərə cavab vermiş oldu. İndi bu qəhrəmanlığı təkrarlamaq vacibdi. O qədər vacibdi ki, qələbənin dəyərini sözlə ifadə etmək çətindi. Ordumuz Qarabağ cəbhəsində düşməni susdurur, onların pərən-pərən salır. Xalqımızın qələbə istəyi, qələbə ruhu xeyli yüksəlib. Belə məqamda insanları məğlubiyyətlə üzmək, azarkeşləri ruhdan salmaq olmaz. Üstəlik, Podqoristadakı məğlubiyyətdən sonra Canni De Byaziyə inam sarsılıb. Sadəcə, bugünkü qarşılaşmanın dəyərini gözə alıb, səhvlərin sadalanmasını, günahkarların tənqid olunmasını sonraya saxlamışıq. Bu güzəştimiz özü hazırkı mürəkkəb şəraitlə bağlıdı. Çox istərdim ki, millimiz bu jestlərin cavabını vacib məqamda qazanılan əhəmiyyətli qələbə ilə versin.
Cənubi Kirplə oyunu bizim üçün əhəmiyyətli edən daha bir məqam odu ki, yığma 25 ildən sonra yenidən Bakıdan didərgin salınıb, ev oyununu neytral meydanda keçirməyə məcburdu. Bunun da səbəbini cəbhədə vəziyyətin gərginləşməsi, Bakıda komendant saatının elan olunmasıdı. Görüşün Albaniyanın Elbasan şəhərində keçirilməsi də bizim üçün rəmzi xarakter daşıyır. Bu şəhəri XV əsrdə Osmanlı sultanı II Məhmət Georgi Kastriotinin qoşunlarının qarşısına sipər çəkmək üçün salıb. 600 il sonra bu şəhərdə yenidən türk oğulları yunanlarla qarşılaşır. İnanırıq ki, sonda yenə də biz qalib gələcəyik və Elbasanda yunanlar basılacaq. Başqa yol yoxdu. Uğurlar, bizim MİLLİ!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR