İki həftədən artıqdı Azərbaycanın şanlı ordusu Qarabağda anti-terror əməliyyatına başlayıb. Geridə qalan günlər ərzində rəşadətli əsgərlərimiz 30 ilə yaxın işğal altında olan toprpaqların bir hissəsini düşmən tapdağından azad etməyə müvəffəq olublar. İnanıram ki, müzəffər ordumuz yaxın günlərdə uğurlu əməliyyatları davam etdirib (Moskvada imzalanan humanitar atəşkəsə baxmayaraq) üçrəngli bayrağımızı Xankəndinə sancacaq və biz də sözdə yox, əməldə qələbəni Şuşanın Cıdır düzündə, Kəlbəcərin Turş suyunda, Laçının buz bulaqlarının başında, Qaçaq Nəbinin Qubadlısında və hələ düşmən nəzarətində olan başqa torpaqlarımızda qeyd edəcəyik. Daha Bakıdakı “İsa bulağı”nda, “Şuşa” restoranında, “Ağdam” kafesində yox, adını çəkdiyim cənnət-məkan bölgələrin özündə oturub yeyib-içmək hamımızın qisməti olsun.
Heç kimə sirr deyil ki, hazırkı müharibə təkcə döyüş meydanı ilə kifayətlənmir. Bu gün informasiya sahəsində də əsl döyüş gedir. Həm Azərbaycan, həm də mənfur düşmən maksimum çalışır ki, başverənləri dünyaya vaxtında və düzgün çatdırsın. Bu gün hamımız haqq savaşı apardığımızı istənilən vasitə ilə digər ölkələrə çatdırmağa borcluyuq. Peşəsindən, çalışdığı sahədən asılı olmayaraq, bu bizim üçün prioritet olmalıdı. Bu yöndə idman ön plandadı. Hər nə qədər idmanın siyasətə qarışacağı olmadığını desək də, hazırda bu sahə, xüsusilə də milyonların sevimlisi olan futbol diplomatiyanın bacarmadığını etməyə qadirdi. Necə ki, “Qarabağ” neçə illərdi bu missiyanı yerinə yetirir, avrokuboklardakı uğurlu çıxışı ilə Ağdamı, erməni işğalı altında olan “ruhlar şəhəri”ni təmsil etdiyini “köhnə qitə”yə göstərir. Məhz “Qarabağ”ın sayəsində uzaq Skandinaviyada, Britaniya Krallığında, İtaliyada, Almaniyada, Portuqaliyada, adını çəkmədiyim başqa qərb ölkələrində sıravi futbol azarkeşi Ağdamın erməni işğalında olduğunu bilir, komandanın işğal nəticəsində doğma şəhərindən qaçqın düşdüyündən xəbərdar olur.
Ötən sayımızda Huşəng “Ayaz, Kamran, Ayxan, hardasız?” sərlövhəli köşəsində Rusiyada oynayan azərbaycanlı futbolçulara müraciət edərək, Henrix Mxtaryan kimi nanəcib, hər fürsətdə separatçılara maddi və maddi yardım göstərən birinə cavab olaraq, Azərbaycan həqiqətlərini şimal qonşularımıza çatdırmaqdan çəkinməməyə səsləyib. Onun səsləndirdiyi fikirlərlə razıyam. Ancaq və amma...
Çox istərdim ki, ölkəmiz üçün belə həssas vaxtda digər idman növlərində pasport verib “milliləşdirdiyimiz”, Azərbaycana gələndən sonra qaz vurub qazan dolduran, sosial şəbəkələrdə kef məclislərindən paylaşım edən “kitayski azərbaycanlılar” da elə həmin sosial şəbəkələrdə “Qarabağ Azərbaycandı”, “Azərbaycan haqq savaşı aparır” kimi paylaşımlar etsinlər. Taekvondo üzrə yığmanın iranlı baş məşqçisi Reza Mehmandost, elə o milllinin iranlı üzvü Milad Beiqi Harçeqani niyə bir dəfə sosial şəbəkələr üzərindən ölkəmizin vətən savaşında haqlı olduğunu nümayiş etdirən paylaşımlar etmədilər? Niyə ortaya çıxıb İranın ermənilərə silah ötürməsinə görə narazılıq bildirmədilər? Və yaxud boks üzrə milinin şərəfini qoruyan, Xəzərin bərkgedən çimərliklərindən qızlarla şəkillərini bölüşən Lorenso Sotomayoru götürək. Bəlkə kimlərsə kubalının haqq savaşında ölkəmizi dəstəkləyən paylaşımına rast gəlib? Hələ mən marafon qaçışı üçün Afrikadan dəvət edib ayda filan qədər maaş verdiyimiz, mənasız yarışlarda mükafatçılar sırasına düşdüyünə görə xeyli para ödədiyimiz adını da xatırlamadığım qadın idmançını demirəm. Bəlkə o öz qitəsində Azərbaycan həqiqətlərini paylaşmaq yönündə nəsə edib? Mən şəxsən görməmişəm və eşitməmişəm. Odu ki, inşallah, zəfərlə başa vuracağımız ikinci Qarabağ savaşı bizlərə çox şeyi öyrətdi, dostu düşməndən ayırmağı bir daha başa saldı. Bir daha sübut olundu ki, muzdlu, pul üçün Azərbaycan vətəndaşlığını seçənlərdən, rəhmətlik Məmməd Araz demişkən, “vətən daşı” olmaz. Onlar üçün vacib olan maddiyyatdı, qalanı boş şeydi.