Sizin reklam burada

Futbolçularımız əsgərlərimiz kimi döyüşə bilmədi

Baxış Sayı:73

Ötən şənbə Azərbaycan yığması Monteneqronun qonağı idi. Əvvəlcə oyunun keçirildiyi Podqoritsa şəhər stadionunundan danışaq. Bura Nikolaydan qalma stadion deyə bilərik. Ot örtüyünü yalnız “bərbad” təyini ilə ifadə etmək olar! Qazan çala-çökürdən ibarət idi, onun dalğavari olması və otun vaxtında biçilməməsi hər iki komandanın işinə maneə yaratdı. Top qəbulu gecikir, top ayaqdan qaçır, bəzən çuxura düşərək tam başqa istiqamətə yönəlirdi. Belə vəziyyət Bakıda olsaydı, UEFA inadla oyunu təxirə salardı. Belə stadionda qonaq qarşılamaq, sadəcə, biabırçılıqdı. Hətta oyunöncəsi məşq başqa stadiona salınmışdı ki, meydan çox korlanmasın. Amma yenə meydan özünə gəlməmişdi. Bu arada oyundan əvvəlki püşkatma zamanı bəxtimizdən Balayev gün düşən qapıda dayanmalı oldu. Məhz gün-kölgə amili üzündən teleyayının keyfiyyətini də hamı gördü.
Futbolçularımız Kiprə qarşı elə oynamışdı ki, hər kəs hayıl-mayıl idi. Bəlkə də müstəqillik tariximizdə ən yaxşı səfər oyunu idi. Sən demə, o oyun bir qığılcım imiş, başqa heç nə...
Bu dəfə yenə sönük oyun, yenə ruh düşkünlüyü gördük. Yığma ilk 17 dəqiqədə rəqib qapısına nəinki zərbə endirə, heç yaxınlaşa da bilmədi. Meydana 11 nəfərlə çıxsaq da, görünən 8 idi. Əli Qurbani, Namiq Ələsgərov və Rəhim Sadıxov gözə dəymirdi. Baş məşqçinin heyət seçimində də səhvlər var idi. Söhbət ilk növbədə Emil Balayevdən gedir. Çox yaxşı qapıçıdı, amma komandasında əsas heyətdə yer almayan birinin oyun praktikası sarıdan əziyyət çəkməsi heç kimə sirr deyil. 9-cu dəqiqədə rəqibin yerinə yetirdiyi künc zərbəsi zamanı onun nə etmək istədiyi aydın olmadı. Növbəti səhv seçim Əli Qurbani idi. Zədəsi bəlkə də tam sağalmayan hücumçu start heyətində yer almışdı. Görünür, De Byazi belə düşünür ki, Əli çempionatda qol vurursa, deməli, beynəlxalq oyunlarda da eyni nəticəni göstərə bilər. Milli formada debüt edən futbolçunun çaşğınlığı aşkar görünürdü.
Ramil Şeydayev birmənalı şəkildə meydanda olmalıydı. Bəlkə də Ramil ideal formasından uzaqdı. Ancaq əzmkarlığına, fədakarlığına, komanda üçün can qoymasına görə kimsə ona bərabər tutula bilməz. Mən heyətlə bağlı iki səhvi dedim, sistem, quruluş, taktika haqda danışmağa dəyməz.
Ötən oyundan sonra adı dillər əzbəri olan Rəhimin oyunu alınmadı, varlığı ilə yoxluğu bilinmədi. Anton ənənəvi olaraq 90 dəqiqəni yola verdi. Bədavi də onun kimi, hətta Qara da onun kimi. Hərçənd Qara az-çox mübarizə aparırdı. Başqaları haqda da tək-tək fikir bildirmək mümkündü, ancaq mən Bəhlulla bağlı danışmaq istəyirəm. Uzun müddətdə əvvəlki formasını bərpa edə bilməyən müdafiəçi ən pis oyununu keçirdi. 71-ci dəqiqədə rəqibin təzyiqi ilə üzləşərək özünü itirən müdafiəçi topu kənara vurmaq əvəzinə rəqibə “bağışladı” ki, bu da ikinci qola səbəb oldu. Beləliklə, yığmamız sönük göründüyü oyunda növbəti məğlubiyyətlə üzləşdi. Bu nəticədən sonra, demək olar ki, qrupdan çıxmaq şansımız da heçə endi.
Ancaq mən əsas günahı De Byazidə yox, AFFA-da görürəm. Uduzmaq üçün yığmanın “sükanı arxasında” italiyalı mütəxəssisin olması şərt deyil, yerli məşqçi də bunu bacarar. Bir sözlə, futbolçularımız ötən şənbə əsgərlər kimi döyüşə bilmədi. Biz onlardan qan yox, can qoymalarını istədik. Onlar bunu bacarmadı! Rəqib dünya şöhrətli yığma deyildi ki, asanlıqla, müqavimətsiz boyun əyək. Cəbhədə igidlərimiz qanı bahasına, şərəflə torpaqlarımız uğrunda mübarizə aparır, amma bizim futbolçular sıradan bir rəqibə boyun əyir. Bunlara kimi nümunə göstərək? Öz aramızdı, futbol oynaya bilmirsizsə, cəbhəyə gedin. Bəlkə orda daha çox xeyir verə bildiz. Qəhrəmanlardan ibrət almayan kimdən alacaq?

Oxşar xəbərlər
SON XƏBƏRLƏR