Sizin reklam burada

Legionerlər haqq mübarizəmizə dəstək verdilər

Baxış Sayı:54


Mboc: “Azərbaycanda hər kəsin Qarabağla nəfəs aldığını bilirəm”
Qarabağda Azərbaycan ordusu düşmənə sarsıdıcı zərbələr endirir. 30 ildən artıq həsrətində olduğumuz torpaqlar işğaldan azad edilir. Haqlı mübarizəmizdə bizə dəstək olanlar da var, qarşımızda duranlar da. Belə günlərdə ölkəmizdə çıxış edən idmançılar, məşqçilər, futbolçular kömək olmalıdılar. Onlar öz sosial şəbəkə hesabları vasitəsi ilə dünyaya haqlı olduğumuzu, torpaqlarımız uğrunda mübarizə apardığımızı bildirməlidilər. Azərbaycan premyer-liqasında çıxış edən bir çox futbolçu bu məsələdə bizim yanımızdadı. Hətta vaxtilə klublarımızda oynayanlar da sosial şəbəkə hesabları vasitəsilə Azərbaycan ordusuna dəstək olurlar.
Həmin futbolçulardan bir neçəsi ilə söhbətləşdik. “Neftçi”nin üzvü Mamadu Mboc, “Keşlə”dən Alvaro Tavareş, “Qəbələ”dən Nikolas Raysel bu futbolçulardandı.
Mamadu Mboc: “İnstaqram”da qeyd etmişdim ki, “Haqq uğrunda savaşdayıq!” Qarabağın Azərbaycan torpağı olduğunu hər kəs bilir. 2 ildi Azərbaycanda yaşayıram. Hər kəsin Qarabağla nəfəs aldığını bilirəm. Siz çox yaxşı insanlarsız, çox qonaqpərvərsiz. Azərbaycanlılar boşuna insan ölümünə səbəb olmazlar. Siz öz vətəniniz üçün döyüşürsüz!”
Alvaro Tavareş: “Azərbaycana yeni gəldiyimdən çox şeydən xəbərim yox idi. Amma burda mənə ermənilərin Qarabağı işğal etdiklərini dedilər. Ölkədə müharibədi, amma biz sakit həyatımızı keçiririk. Qorxulu heç nə yoxdu. Bilirəm ki, öz torpaqlarınızı işğaldan azad etmək üçün çalışırsız. Vüsal İsgəndərli də qol vurandan sonra “əsgər salamı” verdi. Arzu edərdim ki, torpaqlarınız sülh yolu ilə qaytarılsın. Amma indiki halda bu real görünmür”.
Nikolas Raysel: “Müharibə hər bir cəmiyyət üçün pisdi. İnsanlar sülh şəraitində yaşasalar, çox yaxşı olar. Amma bilirəm ki, Qarabağ işğal olunub. Siz 30 ilə yaxındı məsələnin sülhlə həll olunmasına çalışmısız. Amma alınmayıb. Fransada bu məsələ ilə bağlı çoxlu narahat olanlar var. Mənim üçün nigaran olanlar da var idi. Mən onlara bildirdim ki, Bakıda müharibədən əsər-əlamət yoxdu. Burda hər kəs sevinc içindədi. Sanki ölkədə müharibə yox, toy-bayramdı. Bu da sizin o yerləri nə qədər çox istədiyinizi göstərir. Düşünürəm ki, sülh yenidən bərqərar olacaq və daha da sevincək olacaqsız”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR